Məhkəmə qərarları › İş №2(010)-2022/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2022/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2022/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 2(010)-4532/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, Cavabdeh 20.04.2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat alimentin tutulub ona ödənilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 24.06.2017-ci il 4 saylı “ASAN xidmət” mərkəzi tərəfindən 1429 saylı akt qeydi ilə onunla Cavabdeh arasında nikah bağlanmışdır. Bu nikahdan onların 20.04.2018-ci ildə X3 adlı oğlu anadan olmuşdur. Cavabdehlə xasiyyəti uyğun gəlmədiyi üçün nikahları Qaradağ Rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Uşağın saxlanılmasında ona köməklik göstərmədiyi üçün o, məcbur qalıb cavabdehdən alimentin tutulması ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə uşaq yetkinlik yaşına çatanadək hər ay 154 manat məbləğində alimentin cavabdehdən tutulub ona ödənilməsi ilə bağlı 2(010)- 4532/2018 saylı qətnamə qəbul etmişdir. Hazırda cəmi 154 manat həcmində aliment uşağın təminatının normal ödənilməsi üçün yetərli deyildir. Cavabdeh müəyyən olunmuş aliment məbləğindən başqa uşağın saxlanılmasında heç bir maddi yardım göstərmir və onun problemləri ilə maraqlanmır. Onun hər ay uşağın saxlanması üçün 600 manatdan çox xərci çıxır ki, bu məbləğ də cavabdeh tərəfindən ödənilməlidir. Uşağın maddi təminatı ilə yanaşı hər ay əlavə xərclər də çıxır ki, o, bu xərcləri də ödəmək məcburiyyətində qalır. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağın maddi cəhətdən qayğısına qalır. Yaşadığı evin kommunal xərclərinin ödənişləri və uşağın böyüməsi və məktəbə getməsi ilə əlaqədar müəyyən xərclərin artması onu maddi problemlərlə üzləşdirir. Uşağın normal yaşaması, geyim əşyaları, normal qidalanma tələb olunur. Bütün bunları uşaq üçün təşkil etmək tək başına ona olduqca çətindir, hətta qeyrimümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılmalıdır. Lakin cavabdehin yaşayış şəraiti və yüksək gəlirləri olduğundan və onun gəliri dəyişkən olduğundan övladının saxlanılması üçün aliment ondan sabit məbləğdə tutulmalıdır. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə birgə nikahından doğulmuş uşaq dörd yaşındadır. Uşaq azyaşlı olduğundan ona daimi baxmaq məcuriyyətindədir və bu səbəbdən işləyə bilmir. Cavabdehin uşağın saxlanılması üçün ödədiyi 154 manat aliment isə uşağın saxlanılmasına kifayət etmir. O, alimenti vaxtıvaxtında ödəyir və aliment borcu yoxdur. Lakin bu alimentlə uşağı saxlamaq mümkün deyil. Eşitdiyinə görə cavabdeh özəl şirkətlərin birində fəhlə işləyir. Birlikdə olduqları vaxtlar 400-500 manat aralığında əmək haqqı alırdı. Amma onun bundan başqa özünə məxsus iki mənzili, avtomobili var. Hansı ki, bu mənzillərdən birində ailəli olduqları vaxt birlikdə yaşamışlar. Hesab edir ki, cavabdeh uşağın saxlanılması üçün ayda 193 manat aliment ödəyə bilər. Üstəlik, dörd yaşında olan oğlunu bir dəfə belə görməyə gəlməmişdir. Halbuki, o, həmişə uşağı atasına göstərməyə hazır olmuşdur. Bununla belə cavabdeh uşağı ilə bir dəfə olsun maraqlanmamışdır. Yəni, cavabdehin uşağın saxlanılmasında yeganə payı ödədiyi alimentdir ki, hazırda bu alimentin məbləği uşağın saxlanılmasına kifayət etmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Buna baxmayaraq, cavabdeh məhkəməyə iddiaya etirazla müraciət edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi kimi deyil, o, uşağına yaxşı baxır, onun qayğısına qalır, onun tələbatını vaxtlı-vaxtında ödəyir. Lakin hal-hazırda heç bir yerdə işləmir, uşağın saxlanılması üçün aliment anası və qardaşı tərəfindən ödənilir. İş yeri axtarmasına baxmayaraq, buna nail ola bilməmişdir. İddiaçının istədiyi 193 manat alimenti isə işləmədiyindən ödəyə bilmir. İddiaçı heç bir əsası olmadan məhkəməyə müraciət etmiş və aliment məbləğinin həcminin artırılmasını xahiş etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materialları. Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən 25.01.2020-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 336429 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 25.01.2020ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 02.05.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) 20.04.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.05.2018-ci il tarixdə 2493 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(010)-4532/2018 saylı qətnaməsindən görünür ki, 20.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq iddiaçı Yəhyayeva (Məmmədova) Aysel Fərəhman qızına ödənilməsi, 20.04.2018-ci il təvəllüdlü X3 3 (üç) yaşına çatanadək Cavabdeh maddi kömək kimi hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq iddiaçı Yəhyayeva (Məmmədova) Aysel Fərəhman qızına ödənilməsi qət edilmişdir. 119 saylı MKİS tərəfindən verilmiş 20.04.2022-ci il tarixli, 569 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 2 saylı evin, 52 nömrəli mənzilində yaşayır, ə/k əsasən 22.07.2019-cu ildə heç bir yerdə işləmir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından 20.04.2018-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflər arasında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulan uşağın İddiaçı yanında qalması, uşağın saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tutulan aliment məbləğinin artırılmasını və uşağın saxlanılması üçün cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh məhkəmə iclasına iştirak etməmiş, lakin iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.

1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.

1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.

2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarı: 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

Məhkəmənin mövqeyi.

Məhkəmə hesab edir ki, cari ildə uşaqların saxlanılması üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Üstəlik, uşaq daimi olaraq iddiaçının yanında qaldığından uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, uşağın azyaşlı olması səbəbindən mütəmadi qulluğa ehtiyacı olması və bu halın ananın aktiv əmək fəaliyyəti ilə məşğul olmasına obyektiv olaraq mane olması diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.

Məhkəmə xərci.

Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (193x12=2316 manat) mütənasib olan 43.16 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia təmin edilməli, 20.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(010)-4532/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.05.2022-ci il tarixli, 2(010)-2022/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, ödənilməmiş 43.16 manat (qırx üç manat on altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. 20.04.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(010)-4532/2018 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.05.2022-ci il tarixli, 2(010)-2022/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. Ödənilməmiş 43.16 manat (qırx üç manat on altı qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.07.2018-ci il tarixli, 2(010)-4532/2018 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar