Məhkəmə qərarları › İş №2(010)-2054/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2054/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2054/2022 26.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2010-cu il təvəllüdlü Rüstəmov Amin oğlunun saxlanılması üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-260/2011 saylı 17 yanvar 2011ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin miqdarının artırılaraq 193 (yüz doxsan üç) manat müəyyən edilməklə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onlar 2010-cu ildə ailə qurmuş və 2011-ci ildə boşanmışlar. Birgə nikahdan bir uşaqları doğulmuşdur. Əvvəl nikah pozulan vaxt 100 manat aliment tutulmuş, daha sonra isə o, alimentin artırılması ilə müraciət etmiş və aliment məbləği artırılaraq 170 manat müəyyən edilmişdir. Hazırda isə aliment məbləğinin minimumu artaraq 193 manat olmuşdur. O, cavabdehin özü ilə bu barədə danışmış və cavabdeh sürücü işlədiyi üçün məhkəmə iclasına gələ bilmədiyini, lakin aliment məbləğinin artırılmasına razı olduğunu bildirmişdir. Cavabdeh alimentini vaxtında ödəyir, belə ki, pulu ona verir və o da hər ay ödəniş edərək çeki ona verir. Müəyyən olunmuş məbləğdən, yəni 170 manatdan əlavə isə ödəniş etmir. Cavabdeh ayda bir dəfə uşağı ilə görüşür. Cavabdeh əlavə başqa yerlərdə də işləyir, ancaq bununla bağlı sübutları yoxdur. O, özü müsiqi müəlliməsi işləyir və həmin pulla uşağa baxmaq mümkün olmur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-260/11 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s.” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 29.04.2009-cu ildə Abşeron rayonu qeydiyat şöbəsində bağlanmış, 211 nömrəli aktla qeydə alınmış nikahın pozulması, 24 mart 2010-cu il təvəllüdlü X3 X1 himayəsində və tərbiyyəsində saxlanılması, Cavabdeh 24 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 22 oktyabr 2010-cu il tarixdən başlayaraq hər ay sabit pul məbləğində 100 (yüz) manat miqdarda alimentin tutularaq X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsində əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması, həmin uşağın ananın yanında qalmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 260/11 nömrəli iş üzrə qəbul etdiyi 17 yanvar 2011-ci il tarixli qətnaməsi ilə 100 (yüz) manat miqdarda alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş və sonradan iddiaçının dediyinə görə Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin ailə və maddi vəziyyətində dəyişiklik olmamışdır, cavabdehin əvvəllər əldə etdiyi gəlirlərin artmasına dair sübutlar təqdim olunmamışdır. Əksinə olaraq, məhkəmə iclasında məlum olundu ki, iddiaçı musiqi məktəbində müəllimə işləyir və aylıq qazanca malikdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyi üçün Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Mediasiya orqanına iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində rüsum İddiaçı özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar