Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2057/2022 06.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-6460/2017 saylı qətnaməsinə əsasən qət edilmiş alimentin artırılaraq Cavabdeh qət edilmiş alimentin artırılmaqla birgə nikahdan olan övladı- xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması iiçiin hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması. İddia tələbinin dəlliləri Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-6460/2017 saylı qətnaməsinə əsasən iddiaçı nikahın pozulması, aliment tələbinə dair iddia tələbi qismən təmin edilməklə Cavabdeh birgə nikahdan olan övladı xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay üçün 136 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda Respublika üzrə 1 uşağın saxlanılması minimumu 193 manat təşkil edir, lakin qət edilmiş aliment övladının maddi məsrəflərini qarşılamaq üçün yetərli deyildir. Belə ki, oğlu məktəbyaşlıdır, onun maddi məsrəfləri durmadan artır, lakin o, bu məsrəfləri qarşılamaq imkanında deyil. Bu da övladının mənafeyinə mənfi təsir göstərir, o, uşağa baxdığı üçün işləmir. Bundan başqa, cavabdeh aliment qət edilmiş vaxtdan 1 manat da olsun aliment ödəməmişdir. Belə ki, o, alimenti könüllü ödəyəcəyini bildirmiş və mən də ona inanaraq alimentdən imtina barədə ərizə vermiş, lakin o, alimenti ona ödəməmişdir. İddiaçı kirayədə qalır, işləmir, maddi vəziyyəti ağırdır. İddiaçının izahatları İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərdi ki, cavabdeh buna qədər aliment öhdəliklərini tam və vaxtında icra etməmişdir. Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, bir uşağının saxlanılması üçün hər ay müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay 200 manat məbləğində aliment ödəməyə razıdır və etiraz etmir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-6460/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 20 noyabr 2012-ci il tarixində Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış nikahın pozulması və akt qeydləri kitabındakı 1667 saylı nikah qeydinin ləğv edilməsi, tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 (bir yüz otuz altı) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Mediator C.Hüseynovun xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından müəyyən olunur ki, Deyvaid Güİnaz Tofiq qızı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə xx/xx/2022-ci il tarixində, 09:00-10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 17.2 Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34 Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu:
8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1 Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2 Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 233.4 Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
Məhkəmənin mövqeyi Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən normadan irəli gələrək məhkəmə hesab edir ki, tərəflərin övladının olması və uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 136 manat sabit pul məbləğində alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Məhkəmə müəyyən edir ki, cavabdeh iddianı qəbul edərək uşağının saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasına razıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qəbul edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.2-ci maddəsinin tələblərinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunan prosessual normalardan görünür ki, iddia tələbinin etiraf edilməsi cavabdehin hüququdur. Cavabdeh bu hüquqdan istifadə etdikdə, yəni iddia tələbini etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırılmalıdır - birincisi bunun qanuna zidd olubolmaması, ikincisi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozubpozmaması. Yalnız bu hallar və ya onlardan hər hansı biri müəyyən olunduqda məhkəmə iddianın etiraf edilməsini qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərəfindən təsdiq edilir, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılıbsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanuna zidd hesab edilə bilməz. Hazırkı iş üzrə cavabdeh tərəfindən iddianın qəbul edilməsinin qanuna zidd hesab edilməsi üçün isə heç bir əsas yoxdur, tərəflərin övladının mənafeyinə uyğundur. Beləliklə, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda sözügedən Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanılmalıdır.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda — iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 44 (qırx dörd) manat məbləğdə pul cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 2(010)-6460/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Rübabə Qafarova