Məhkəmə qərarları › İş №2(010)-2057/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2057/2023

14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2057/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" X14 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.

1. İddiaçı "xxxx" X14 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 952,82 manat əsas, 16,94 manat faiz olmaqla cəmi 969,76 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının nümayəndəsi X5 ərizə təqdim edərək, iddia ərizəsində texniki səhv nəticəsində qeyd olunan “cavabdeh” ifadəsinin “cavabdehlər” olaraq qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

3. Kreditor "xxxx" KB ASC ilə borclu X6 arasında bağlanmış xx.xx.2021-ci tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 27% ödəmək şərtilə 5000 AZN məbləğində kredit verilmişdir. Sorğu ilə bağlı 6 saylı Bakı "Asan Xidmət" mərkəzində notariat ofisinin 30 yanvar 2023-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri, 6 saylı Bakı "Asan Xidmət“ mərkəzində notariat ofisi borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub. Cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır.

Tərəflərin izahatları.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin əvvəlki iclasında cavabdehlər izahat verərək iddia tələbini qəbul etmədiklərini, mərhumun banka olan borcunun onlara aid olmadığını bildirmişdilər.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, notariat ofisindən alınan sənədə əsasən cavabdehlər mərhum borc götürənin vərəsələri kimi tanınmışlar və ondan miras qalan pul məbləğinə sahiblənmişlər. Ona görə də, mərhumun banka olan borcu onlardan tutulmalıdır.

İş materialları.

6. "xxxx" KB ASC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədi ilə illik faiz dərəcəsi 27% olmaqla 60 ay müddətinə 5.000 manat məbləğində kredit xətti açılmışdır.

7. 2 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 257039 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2023-ci il tarixli 253/2023 №-li məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X3 adına 6 saylı Asan Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi başlanılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın miras qoyanın atası – X8, arvadı - Cavabdeh2, qızı – X7 və oğlu – X4 tərəfindən qəbul edildiyi müəyyən edilmiş və onların hər birinə bərabər hissələrdə miras qalmış 1317.75 manat pul vəsaitinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

9. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

10. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X6 ilə "xxxx" KB ASC arasında bağlanmış müqaviləyə əsasən onun "xxxx" KB ASC-yə 952.82 manat əsas borc, 16.94 manat faiz borcu olmaqla, cəmi 969.76 manat borcu vardır.

İşin faktiki halları.

11. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "xxxx" KB ASC ilə X6 arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, lakin sonradan X6 vəfat etdiyi üçün onun ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı hazırda X3 vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş kredit borcunun qaytarılmasını tələb edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər.

Tətbiq olunan hüquq.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

13. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.

Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi.

16. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini mərhum borcluya vermiş, borclu isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsələrindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi cavabdehlər borcludan qalmış pul məbləğini miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişlər. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Tutulacaq pulun məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehlərdən ümumilikdə 969.76 manat pul vəsaiti tələb etsə də, lakin iş materiallarından göründüyü kimi mərhum X2 miras qalan əmlak 1317.75 manat pul vəsaitidir və eyni zamanda mərhumun 4 vərəsəsi mövcuddur. Eyni zamanda müəyyən edilir ki, vərəsələr bərabər hissədə pay almışlar. Deməli, miras aktivi olan 1317.75 manat 1\4 hissədə vərəsələr arasında bölünmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdehlər Canəlı̇ yev Şahı̇ n Nabatəlı̇ oğlu və Nabatəlı̇ zadə Xanımqız Mahı̇ r qızı miras əmlakdan qəbul etdikləri pay həcmində ( 1317.75 manatın ¼ hissəsi həcmində - hər biri 329.43 manat olmaqla, cəmi 658.86 manat) cavabdehlik daşıyırlar. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehlər Canəlı̇ yev Şahı̇ n Nabatəlı̇ oğlu və Nabatəlı̇ zadə Xanımqız Mahı̇ r qızından müştərək qaydada ümumilikdə 658.86 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdehlərin iddia tələbinə etirazları istinad edilmiş maddi hüquq normaları baxımından əsassızdır.

Məhkəmə xərcləri.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Canəlı̇ yev Şahı̇ n Nabatəlı̇ oğlu və Nabatəlı̇ zadə Xanımqız Mahı̇ r qızından müştərək qaydada 658.86 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdehlər Canəlı̇ yev Şahı̇ n Nabatəlı̇ oğlu və Nabatəlı̇ zadə Xanımqız Mahı̇ r qızından müştərək qaydada 658.86 manat borc və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar