Məhkəmə qərarları › İş №2(010)-2062/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2062/2025

28.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2062/2025 28.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiyası və məcburi əməyə cəlb etmə” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “ödənilməli pul məbləğinin indeksasiyası və məcburi əməyə cəlb etmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən ona ödəniləcək pul məbləğinin 2013-cü ildən etibarən Azərbaycan manatının devalvasiyaya uğraması nəzərə alınmaqla əlavələrlə ödənişinin təmin edilməsini, pul vəsaitinin tamamilə ödənilməsini sürətləndirmək məqsədilə Cavabdeh məcburi əməyə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən icraata qəbul edilməməlidir. Belə ki, ərizənin məzmunundan, eləcə də onun xahiş hissəsindən belə başa düşülür ki, İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(010)- 1773/2013 nömrəli qətnaməsi ilə (həmin qətnamə hazırkı ərizəyə əlavə edilməmişdir) Cavabdeh onun xeyrinə tutulması qət edilən pul məbləğinin indeksasiya edilməsini tələb edir. Hansı ki, bu tələb müstəqil iddia tələbi deyil, qətnamənin icrası qaydasında baxılan məsələdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Digər tərəfdən, tələbin “Cavabdeh məcburi əməyə cəlb edilməsi” hissəsinə isə ümumiyyətlə məhkəmə qaydasında baxılması mümkün deyil. Belə ki, şəxsin məcburi əməyə cəlb edilməsi yalnız hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, yaxud məhkəmə hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında mümkündür. Yəni qanunvericilikdə məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə borcludan tutulmalı olan borc məbləğinin onun məcburi əməyə cəlb edilməsi hesabına tutulması kimi bir mexanizm nəzərdə tutulmamışdır. Son olaraq, o da qeyd edilməlidir ki, ərizənin məzmunundan bu ərizənin Cavabdeh adlı şəxsə qaldırıldığı başa düşülür. Lakin ərizədə həmin şəxlə bağlı heç bir məlumat verilməmiş, ərizənin giriş hissəsində həmin şəxsin adı, soyadı, ata adı, eləcə də yaşayış yeri, mobil telefon nömrəsi və s. göstərilməmişdir. Ərizəçi nəzərə almalıdır ki, ərizədə bu məlumatların göstərilməsi mülki məhkəmə icraatında çəkişmə prinsipinin təmin edilməsi baxımından zəruridir. Odur ki, hazırkı ərizə məhkəmənin icraatına qəbul edilməsə belə ərizəçi tərəfindən gələcəkdə məhkəmə qətnaməsinin icrası qaydasında ərizə veriləcəyi halda icra sənədi üzrə borclu barədə yuxarıda qeyd edilmiş məlumatların göstərilməsinin zəruri olduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 151. İddia ərizəsinin mümkünlüyü. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin icrası qaydasında həll edilməli olan məsələyə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, eləcə də tələbin bir hissəsinə ümumiyyətlə məhkəmə qaydasında baxılması mümkün olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 153, 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş “ödənilməli pul məbləğinin indeksasiyası və məcburi əməyə cəlb etmə” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Lakin bu, məhkəmə qətnaməsinin icrası qaydasında pul məbləğinin indeksasiyasına dair ayrıca ərizə ilə (bu qərardadda göstərilən nöqsanlar nəzərə alınmaqla) məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar