Məhkəmə qərarları › İş №2(010)-2084/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2084/2022

06.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2084/2022 06.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək törətmiş olduğu inzibati xəta nəticəsində dəymiş zərərə görə Cavabdeh təmir üçün 389,40 manat və avtomobilin təmirdə olduğu müddət ərzində taksi xidmətinə sərf etdiyi 325 manat olmaqla cəmi 714,40 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək törətmiş olduğu inzibati xəta nəticəsində dəymiş zərərə görə Cavabdeh təmir üçün 389,40 manat və 236 manat həcmində pardaqlanma xərci olmaqla, 625.40 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 24 sentyabr 2021-ci tarixdə səhər saatlarında idarə etdiyi Opel İnsignia markalı Az ** PJ *** dövlət qeydiyyat nişanlı avtomaşınla Atatürk prospekti 65 nvanında yolun orta zolağında hərəkətdə olduğu zaman sol tərəf istiqamətdən üzü Ayna Sultanova heykəli istiqamətində yolayrıcına daxil olan, sola dönmə manevri edən Chevrolet Cruze markalı Az ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkət zolağını dəyişərək sağa doğru manevr edərkən idarə etdiyi avtomobilin qabaq sol tərəfinə dəyərək qəza törətmişdir. Avtomobildən düşən xanım sürücü kobud rəftar edərək qəzanın onun təqsiri ucbatından yarandığını qəbul etmək istəməmişdir. O, qəzanın onun təqsirli hərəkəti nəticəsində baş verdiyini bildirərək Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vurub qəza barədə məlumat vermişdir. Cavabdeh qanunvericiliyin təiəbini kobud surətdə pozaraq polis əməkdaşlarının əraziyə cəlb olunmasını gözləmədən hadisə yerindən yayınmışdır. İzahatı alındıqdan sonra polis əməkdaşları tərəfindən müvafiq araşdırıİmalar aparılmış, qəzanı törətmiş şəxs barədə İnzibati Xətalar Məcəlləsinin 327.1, 127.2 və 327.6-cı maddələri ilə təsirli bilinərək İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə -haqqında qərar qəbul edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Nəticə etibarı ilə, cavabdehin təqsiri ucbatından ona 625.40 manat həcmində maddi zərər dəymiş və mülki hüquq pozuntusu meydana gəlmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, o, 24 sentyabr 2021-ci il tarixdə xəstəxanaya gedərkən idarə etdiyi avtomobili ilə yol nəqliyyat hadisəsi törətmişdir. Həmin gün baş vermiş hadisə nəticəsində qarşı tərəfin onunla çox kobud şəkildə danışdığı üçün o hadisə yerindən çıxıb getmişdir. Bundan başqa sığorta şirkəti dəymiş ziyanla bağlı ödənişləri onlar tərəfindən ödəniləcəyini bildirmişlər. Qeyd olunanlara əsasən iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 11.03.2020-ci il tarixli Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsindən görünür ki, Az ** PJ *** dövlət qeydiyyat nişanlı Opel İnsignia markalı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" QSC tərəfindən İddiaçı 01.01.2022-ci il tarixdə verilmiş etibarnamədən görünür ki, "xxxx" QSC ona məxsus Az ** PJ *** dövlət qeydiyyat nişanlı Opel İnsignia markalı avtomobili idarə etmək üçün İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş 25.10.2021-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərara əsasən Rüstəmova (Məmmədova) Mehriban Ayaz qızı AR İXM-nin 327.2-ci, 327.6-cı və 327.1-ci maddəsinə əsasən 100 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə olunmuş DİN Binəqədi rayon Polis İdarəsinin 17.12.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı idarə etdiyi "Opel" markalı Az **-PJ-*** və vətəndaş Rüstəmova (Məmmədova) Mehriban Ayaz qızının idarə etdiyi "Chevrolet" markalı Az **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə 24.09.2021-ci il tarixdə Binəqədi rayon ərazisində yol-nəqliyyat hadisəsi baş vermiş və sonuncu hadisə yerini tərk etmişdir. Törədilmiş inzibati xəta sənədləşdirilərək vətəndaş Rüstəmova (Məmmədova) Mehriban Ayaz qızı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.2 və 327,6-cı maddələrinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol üzrə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Həmin Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 1.2.-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu baxımdan qeyd etmək lazımdır ki, fiziki və hüquqi şəxslərin subyektiv hüquqları normativ hüquqi aktlarda (obyektiv hüquqda) ifadə olunmaqla, hüquq münasibətlərində səlahiyyətə çevrilir. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, "xxxx" QSC-nin mülkiyyətində olan "Opel" markalı Az **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini İddiaçı etibar etmişdir. Avtomobil İddiaçı tərəfindən idarə olunan zaman 24.09.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli avtomobil "xxxx" QSC-nin mülkiyyətində olduğundan və iddiaçının avtomobilə dəymiş ziyanı başqa şəxsdən tələb etmək hüququ yaranmadığından iddia tələbi təmin oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçı Cavabdeh qarşı “yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar