Məhkəmə qərarları › İş №2(010)-2085/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2085/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2085/2022 01.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 16672.53 ABŞ dolları, 30 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə esablanmış 558.16 ABŞ dolları və 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1708.27 manat məbləğində əldən çıxmış fayda borcunun və 183 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 dekabr 2014-cü il tarixli, kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 48 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit götürmüşdür. 16 may 2016-cı il tarixli 2(010)-2521 /2016 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh “Nikoyl İKB ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 116095 ABŞ dolları borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2(103)-3717/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.04.2019-cu il tarixli, 2(102)-1537/2019 saylı qətnaməsi ilə kassasiya şikayəti borc məbləği hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda 24 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 18.01.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 16672.53 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 16672.53 ABŞ dolları borcu vardır. Eyni zamanda Cavabdeh ilə "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən cavabdehə 72 ay müddətinə 122000 ABŞ dolları məbləğində kredit limiti ayrılmış, 30.04.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən borcluya 1 ay müddətinə, illik 22 faizlə ödəmək şərtilə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh “Nikoyl İKB ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 4635.25 ABŞ dolları borcun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 25.12.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin 05.09.2019-cu il tarixli, 2(102)-3572/2019 saylı qətnaməsi ilə kassasiya şikayəti borc məbləği hissəsində dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda 26 dekabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 18.01.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 558.16 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 558.16 ABŞ dolları borcu vardır. Həmçinin Cavabdeh 19 sentyabr 2014cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 25 faizlə 36 ay müddətinə 34000 manat məbləğində kredit götürmüşdür. 10 fevral 2020-ci il tarixli 2(010)-41/2020 saylı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh “Nikoyl İKB ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 44725.67 manat borcun tutulması qət edilmişdir. Hal-hazırda 19 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka gecikdirilmiş vaxt üçün 18.01.2022-ci il tarixədək illik 5 (beş) faizlə hesablanmış 1708.27 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1708.27 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borclarını ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, AR MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1537/2019 saylı, 04 mart 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2521/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 95467 ABŞ dolları əsas borc, 18628 ABŞ dolları faız borcu, 2000 ABŞ dolları dəbbə borcu, cəmi 116095 ABŞ dolları borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yöəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqına dair xərcin tutulması, tutulacaq məbləğin öhdəliyin təminatı kimi Cavabdeh ilə bağlanmış 26.12.2014-cü il tarixli 1 İ-MG-2-0-1181-14 nömrəli, ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 38.5 kv.m yaşayış sahəli 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda ilkin satış qiyməti 160.000 manat müəyyən olunmaqla açıq hərac vasitəsi ilə satılması və satışdan əldə olunmuş məbləğ hesabına iddiaçı "xxxx" İKB-nın xeyrinə cəmi 116095 ABŞ dolları məbləğində borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yöəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqına dair xərcin tutulması, cavabdehin kredit borcu banka tam ödənildikdən sonra, ipoteka predmetinin satışından artıq qalan pul vəsaitinin Cavabdeh qaytarılması, ipotekaya qoyulmuş ünvan 1 ünvanında yerləşən 38.5 kv.m yaşayış sahəli 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra həmin evin Cavabdeh tərəfindən məcburi tərk edilərək boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3714/2018 saylı, 03.10.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2521/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilərək, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 38.5 kv.m yaşayış sahəli 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinın ilkin satış qiyməti 165.000 manat müəyyən edilməsi, qətnamənin digər mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması, Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh aid edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə "xxxx" MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 manatın Nikoyl İKB-dən alınaraq "xxxx" MMC-nin hesabına köçürülməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının hazırki yuxarıda qeyd olunan qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3714/2018 saylı, 03.10.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan AR Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3572/2019 saylı, 21 avqust 2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4500 ABŞ dolları məbləğində əsas borc, 85.25 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə borcunun (ödəniş gününə manat məzənnəsinə uyğun olaraq), iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın "xxxx" İKB ASC-yə verilməsi, müvafiq ödənişin ipoteka ilə yüklü edilmiş ünvan 1 nömrəli fərdi yaşayış evinin açıq hərrac vasitəsi ilə satış hesabına həyata keçirilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 may 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilərək, ünvan 1 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 165.000 manat müəyyən edilməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının hazırki yuxarıda qeyd olunan qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-41/2020 saylı, 10.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 28.460.60 manat məbləğində əsas borc, 15.605.07 manat məbləğində faiz borcu, 600 manat cərimə borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 44.725.67 manat pul vəsaitinin iddiaçı Yelo Bank” ASC-nin xeyrinə tutulması, Cavabdeh tutulmalı olan cəmi 44.725.67 manat pul vəsaitinin iddiaçı Yelo Bank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi və həmin əmlakın açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı Yelo Bank” ASC-yə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməsi, Cavabdeh ekspertizanın dəyəri olan 200 manat məbləğində pul vəsaitinin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 03.02.2022-ci il tarixli KBD-1324 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC (hazırki Yelo Bank” ASC) tərəfindən 19.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 25 faizlə 36 ay müddətinə 34.000 manat məbləğində kredit verilmişdir. 18 yanvar 2022-ci il tarixinə Cavabdeh illik 5 faizlə hesablanmış 1708.27 manat borcu vardır. İş materiallarında olan 03.02.2022-ci il tarixli KBD-1325 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC (hazırki Yelo Bank” ASC) tərəfindən 26.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 22 faizlə 48 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 18 yanvar 2022-ci il tarixinə Cavabdeh illik 5 faizlə hesablanmış 16672.53 ABŞ dolları borcu vardır. İş materiallarında olan 03.02.2022-ci il tarixli KBD-1323 saylı maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" İKB ASC (hazırki Yelo Bank” ASC) tərəfindən 30.04.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 22 faizlə 1 ay müddətinə 4500 ABŞ dolları məbləğində kredit verilmişdir. 18 yanvar 2022-ci il tarixinə Cavabdeh illik 5 faizlə hesablanmış 558.16 ABŞ dolları borcu vardır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı bankla cavabdeh arasında əvvəllər məhkəmə mübahisələri olmuş və hər üç mübahisə üzrə məhkəmə aktları ilə cavabdehdən iddiaçının xeyrinə pul məbləğlərinin tutulması qərara alınmışdır. Məhkəmə aktları 2016-2020-ci illərdə qəbul edilmişdir. İddiaçı tələbində ona əsaslanır ki, cavabdeh kredit müqavilələrinin bitdiyi tarixdən hazırkı vaxta kimi götürülmüş kreditə görə öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Bu səbəbdən də, bu müddət ərzində Banka cavabdeh tərəfindən maddi ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf öz tələbini əsaslandıracaq mötəbər sübutları məhkəməyə təqdim etməmiş, yalnız ümumi mülahizələrlə kifayətlənmişdir İddiaçı öz tələbində 19.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1708.27 manat borc, 26.12.2014-cü il tarixli kredit müqaviləsi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 16672.53 ABŞ dolları borc və 30.04.2015-ci il tarixli kredit müqaviləsi gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 558.16 ABŞ dolları əldən çıxmış fayda borcunu tələb etsə də, lakin tələb olunan məbləğlərin məhkəmə qətnamələrinin qüvvəyə mindiyi tarixdən hazırkı iddia ərizəsinin məhkəməyə daxil olduğu dövrə kimi cavabdeh tərəfindən qəsdən ona ödənilmədiyini təsdiq edəcək sübutları təqdim etməmişdir. Cavabdehin iddiaçıya məhkəmə aktları qəbul edildikdən sonra ümumiyyətlə pul ödəyib-ödəmədiyini, ödəyibsə hansı miqdarda icra edilməli borcun qalması hallarına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, nəzərə alınmalıdır ki, cavabdehlə əvvəllər bağlanmış hər üç kredit müqaviləsi ipoteka ilə təmin olunmuş öhdəliklər olmuş və məhkəmə aktları ilə borcların tutulması ipoteka predmetinə yönəldilmişdir. İddiaçı tərəf bu hallarla bağlı da hər hansı sübut təqdim etməmiş, öhdəliklər üzrə tutmanın ipotekaya yönəldilməsinin baş tutmamasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, iddiaçı tərəf tələb etdiyi məbləğlərin cavabdehin qərəzli hərəkətlərinə görə ona qaytarılmadığını və bu məbləğlərin əldən çıxmış fayda olduğunu sübut edə bilməmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir. Həmin qərarda bildirilir ki, MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda qeyd edilmiş maddi hüquq normaları baxımından öz təsdiqini tapmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Yelo Bank ASC-nin cavabdeh Məmmədova Dı̇ lşad Əlı̇ ş qızına qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 183 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar