Məhkəmə qərarları › İş №2(010)-2102/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2102/2023

05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2102/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliyi üzrə aylıq ödəniş etmək vəzifəsinin tərəflər arasında bərabər bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, onunla Cavabdeh arasında bağlanmış 02 fevral 2011-ci il tarixli, 03 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü - X1 və xx.xx.2015-ci il təvəllüdlü - X2 nikah pozulduqdan sonra onun yanında saxlanılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 fevral 2011ci il tarixli, 03 saylı nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü - X1 və xx.xx.2015-ci il təvəllüdlü - X2 nikah pozulduqdan sonra iddiaçının yanında saxlanılmaları və tərəflərin birgə nikahda olduğu dövrdə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CC/25596/86/14 saylı kredit müqaviləsi üzrə götürülmüş 6.000 manat borc öhdəliyi üzrə aylıq 228 manat ödəniş etmək vəzifəsinin tərəflər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında 02 fevral 2011-ci il tarixdə Ucar rayon İHB-nin Qaradağlı kənd inzibati ərazi dairəsində rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü - X1 və xx.xx.2015-ci il təvəllüdlü - X2 nikah pozulduqdan sonra onun yanında saxlanılmaları və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin məhkəməyə təqdim olunduğu gündən hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü - X1 və xx.xx.2015-ci il təvəllüdlü - X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 440 manat alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliyi üzrə aylıq ödəniş etmək vəzifəsinin də tərəflər arasında bərabər bölünməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 qeyd etdi ki, kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliyi üzrə aylıq ödəniş etmək vəzifəsinin tərəflər arasında bərabər bölünməsi məsələsinə hazırda baxıla bilməz. Belə ki, tərəflər arasında həmin mübahisə ilə bağlı mediasiya prosesi olmamışdır. Məhkəmə tərəfləri dinləyib, iş üzrə təqdim olumuş materialları araşdıraraq hesab edir ki, ərizə baxılmamiş saxlanılmalıdır. Belə ki, MPM-nin 149.2.4-1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. MPM-nin 150.0.8.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 3.1.-ci maddəsinə əsasən mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarına dəyişikliklər edilməsi barədə 24 dekabr 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1- 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. AR MPM-nin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.6, 260, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə götürülmüş borc öhdəliyi üzrə aylıq ödəniş etmək vəzifəsinin tərəflər arasında bərabər bölünməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar