Məhkəmə qərarları › İş №2(010)-2102/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2102/2024

08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2102/2024 08.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Zərdab Rayon Məhkəməsinin 1(035)-25/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu müddət, cəmi 07 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddəti nəzərə alaraq, bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, yəni 1 (bir) il 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına təyin edilməsi, Cavabdeh üzərinə cəzaçəkmə müddəti ərzində ünvan 1 ünvanında yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəyişdirilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökmün icrasının Bakı şəhəri Probasiya idarəsinə həvalə edilməsi, cəza çəkmə müddətinin əvvəlinin Cavabdeh Bakı şəhəri Probasiya idarəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir.

2. Cinayət işi üzrə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Cavabdeh ifadəsində özünü təqsirli bilərək bildirmişdir ki, İddiaçı 7570 manat məbləğində pulu onu işə düzəltmək adı ilə almışdır. Mikayılın işə düzəlməsi ilə bağlı heç bir hərəkət etməmişdir. Həmin pullardan heç kimə verməmişdir. Hazırda törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur, barəsində yüngül cəza təyin edilməsini xahiş edir.

3. Cinayət işi üzrə məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh onu aldadaraq 7570 manat məbləğində pulunu ələ keçirmişdir. Hazırda Cavabdeh tərəfindən ona dəymiş ziyan ödənilmişdir, Cavabdeh qarşı heç bir şikayət və tələbi yoxdur

4. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən zaman 95,70 manat məbləğində rüsum ödənilmişdir.

5. İddiaçı tərəfindən məhkəmə iclasında təqdim edilmiş 1 ədəd CD diskdən İddiaçı və Cavabdeh arasında pul məsələsi ilə bağlı danışıqların olduğu müəyyən olunmuşdur.

İşin faktiki halları

6. Zərdab Rayon Məhkəməsinin 1(035)-25/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh tərəfindən İddiaçı qarşı dələduzluq əməlinin törədilməsi və onun 7570 manat pulunun ələ keçirilməsi işin mübahisəsiz hallarıdır.

İddia tələbi

7. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh etibarından sui-istifadə etməklə ondan aldığı 7570 (yeddi min beş yüz yetmiş) manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

9. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh Zərdab rayonunda qaz idarəsində daimi işçi kimi düzəltmək üçün 9000 manat pul vermiş, lakin alınmadığı üçün cavabdehdən 102 qaynar xəttinə şikayət etmişdir. Nəticədə o tutularaq Gəncə şəhərinə aparılmışdır. Gəncədə məhkəmə aparılan vaxt o, şikayətini götürməyini və nə əmlakı varsa, satıb pulu qaytaracağını bildirmişdir. O da sonuncu məhkəmədə ərizə yazıb şikayətini geri götürmüş və ona dəymiş maddi ziyanın ödənildiyini bildirmişdir. Hazırda cavabdehin 7570 manat borcu var. Qalan məbləği sübut edəcək qəbzləri olmadığı üçün ancaq 7570 manatı tələb edir. Təqdim etdiyi diskdə olan səsyazılarında bayramadək ödənişlər edəcəyini bildirir. Bu danışıqlar Zərdab Rayon Məhkəməsində olan prosesdən sonraya aiddir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. 13 may 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun borcu yoxdur, borcunu qaytarmışdır. O, Gəncədə həbsdə olanda 2000 manatı kartına göndəriblər, qalan məbləği isə əlbəəl veriblər. Xalasıoğlu Rəşad pulu iddiaçıya qaytarıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

13. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllə

Maddə 180. Mülki iddia üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün və ya qərarının əhəmiyyəti 180.2. Şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır.

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Belə ki, Zərdab Rayon Məhkəməsinin 1(035)-25/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Cavabdeh törətdiyi cinayət əməli öz ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və təqdiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin məhkəmə iclasında verdiyi ifadələrlə, digər iş materialları ilə sübuta yetirilmişdir. Qeyd olunan cinayət hadisəsi nəticəsində isə hazırki iş üzrə İddiaçı 7570 manat məbləğində ziyan dəyməsi hökmlə öz təsdiqini tapmışdır. Lakin hökmdən görünür ki, İddiaçı ona dəymiş maddi ziyanın ödənildiyini bildirərək, heç bir şikayətinin olmadığını qeyd etmişdir. Hazırki iddia üzrə isə iddiaçı cavabdehin xahişinə əsasən onun az cəza alması üçün ziyanın ödənilməsi barədə ərizə verildiyini bildirmiş və ziyanın ödənilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında cavabdeh də borcun ödənildiyini bildirərək iddia tələbini qəbul etməmişdir.

16. Məhkəmə qeyd olunan hallarla bağlı bildirir ki, hökmdən iddiaçıya dəyən maddi ziyanın ödənildiyi görünsə də, iddiaçının təqdim etdiyi hazırki sübutlar ziyanın ödənilməsi barədə tərəflərin izahatlarının formal olması qənaətinə gəlməyə əsas verir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş diskdə olan səsyazıları məhkəmə iclasında dinlənilərkən tərəflər arasında pul mübahisəsinin olması, iddiaçının borcun ödənilməsi barədə cavabdehə müraciəti, cavabdehin isə dəfələrlə iddiaçıya olan borcun ödənilməsindən yayınması, iddiaçının məhz cavabdehin yüngül cəza alması üçün ona dəyən 7570 manat borcun ödənilməsi barədə ərizə verməsi, cavabdehin isə tezliklə, yəni cari ilin Ramazan bayramına kimi həmin borcu ödəyəcəyi barədə iddiaçıya söz verməsi, hətta bu məqsədlə heç bir pul qoymadan ortaqlıq təklif etməsi və bu vasitə ilə borcunu bağlamaq istədiyi, lakin nəticədə borcun qaytarılmaması aşkar şəkildə müəyyən olunmuşdur. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında borcun qaytarıldığını bildirsə də, həmin borcun qaytarılmasını təsdiq edəcək qəbzləri və sair əlaqəli sübutları təqdim etməmiş, növbəti məhkəmə iclaslarına isə gəlməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. İddiaçı təmin edildiyi üçün 95,70 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 7570 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 7570 (yeddi min beş yüz yetmiş) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 95,70 (doxsan beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar