Məhkəmə qərarları › İş №2(010)-2104/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2104/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2104/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, iddiaçı Mı̇ rhüseynova Günay Fərrux qızının iştirakı ilə, iddiaçı Mı̇ rhüseynova Günay Fərrux qızının cavabdeh Sultanov Emı̇ l Həsənağa oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1748/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 avqust 2019-cu il tarixli 2(006)-2496/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh İddiaçı xeyrinə 11 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat alimentin tutulması qət edilmişdir.

2. Bakı 14 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”ından görünür ki, tərəflər razılığa gələ bilməmişlər.

3. AZEMİS “Elektron məhkəmə” informasiya sistemindən edilmiş çıxarışdan görünür ki, Mı̇ rhüseynova Günay Fərrux qızı "xxxx" Açıq Səhmdar Cəmiyyətində kimyaçı vəzifəsində işləyir və 1019,20 manat əmək haqqı alır.

4. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 101Ç/24 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2023-cü il tarixindən "xxxx" QSC şirkətində işləyir. Hal-hazırda o, Mühafizənin təşkili və nəzarəti şöbəsinin xidmət rəisin müavini vəzifəsini tutur. Ştat cədvəlinə uyğun olaraq, əmək haqqı 776 (yeddi yüz yetmiş altı 00 qəpik) manat təşkil edir.

5. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 24 iyul 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 524654 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında 24 iyul 2022-ci ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 iyul 2022-ci ildə 2038 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sultanov, arvada Sultanova soyadı verilmişdir.

6. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 22 may 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 892253 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 05 may 2023-cü ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 22 may 2023-cü il tarixdə 2046 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Cavabdeh, ana qrafasında X2 qeyd olunmuşdur.

İşin faktiki halları

7. Tərəflərin əvvəllər rəsmi nikahda olması, rəsmi nikahdan bir uşaqlarının olması və cavabdehdən iddiaçının xeyrinə hər ay 193 manat alimentin tutulmasına dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir.

İddia tələbi

8. İddiaçı Mı̇ rhüseynova Günay Fərrux qızı cavabdeh Sultanov Emı̇ l Həsənağa oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılması, birgə nikahdan doğulan 11 yanvar 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin, 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

9. Məhkəmə iclasında iddiaçı Mı̇ rhüseynova Günay Fərrux qızı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, hazırda qanuna əsasən hər uşaq üçün yaşayış minimumu 235 manat müəyyən edilib. Əvvəllər atası işləyirdi, indi işləmir və yalnız pensiya alır. Ata-anası xəstədir, onlara da o baxır. Özü kimya mühəndisi işləyir və ***-**** manat arası maaş alır. Uşaq da məktəbə gedir, onun hazırlıq kurslarının da xərcləri var. Uşaq böyüdükcə xərcləri, ehtiyacları da çoxalır, hazırki dövrdə isə onları təmin etmək çətindir. Cavabdeh uşağı ilə maraqlanmır, zəng edib 1 dəfə belə soruşmur. Cavabdehin maaşından başqa, əlavə gəlirləri bağlı sübutu yoxdur. Cavabdeh yenidən ailə qurub övladı olsa belə, bu da onun ilk övladıdır, ikisinə də bərabər səviyyədə baxmalıdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

10. Cavabdeh Sultanov Emı̇ l Həsənağa oğlu iddia tələbini qəbul etməyərək və etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xidmət rəisinin müavini işləyir və aylıq əmək haqqısı 700 manatdır və başqa əlavə gəliri yoxdur. Həmçinin, o, artıq yenidən ailə qurmuşdur və 1 övladı da var. Buna görə də qeyd olunanların nəzərə alınaraq aliment məbləğinin artırılmamasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.

14. İşin faktiki hallarından görünür ki, məhkəmə qətnaməsi ilə hər ay 193 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda iddiaçı yaşayış minimumunun artmasını, həmçinin uşağın xərclərinin də artmasını əsas gətirərək, aliment miqdarının artmasını xahiş edir.

15. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda, alimentin miqdarı artırıla bilər. Həmin hallara iddiaçının maddi vəziyyətinin pisləşməsi, əmək qabiliyyəti olmaması səbəbindən işləyə bilməməsi, cavabdehin kifayət qədər gəlirlərinin olması və s. misal göstərilə bilər. Lakin işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, nəinki iddiaçının maddi vəziyyətinin pisləşmişdir, əksinə iddiaçı ***-**** manat civarında əmək haqqına malikdir. Cavabdeh isə iddiaçıdan daha az, 776 manat əmək haqqı alır və iddiaçı cavabdehin əlavə gəlirlərə malik olmasını təsdiq edə biləcək sübutlar təqdim etməmişdir. Bundan əlavə, cavabdehin ailə vəziyyətində dəyişiklik olmuş və o, yenidən ailə qurmaqla, həmin nikahdan bir uşağı da doğulmuşdur. Odur ki, hazırki halda iddiaçının yaşayış şəraitinin cavabehə münasibətdə daha yaxşı olması səbəbindən və alimentin miqdarının artırılması üçün heç bir əsas olmadığından məhkəmə iddianın rədd edilməli olduğu qənaətinə gəlir.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. İddia rədd edildiyi üçün mediasiya orqanına ödənilmiş 50 manat məbləğində rüsum iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

19. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Mı̇ rhüseynova Günay Fərrux qızının cavabdeh Sultanov Emı̇ l Həsənağa oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası rədd edilməlidir.

20. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia rədd edilsin. Mediasiya orqanına ödənilmiş 50 (əlli) manat məbləğində rüsum iddiaçı Mı̇ rhüseynova Günay Fərrux qızının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar