Məhkəmə qərarları › İş №2(010)-2130/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2130/2021

13.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2130/2021 13.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2014cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 797.55 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 04 avqust 2019-cu il tarixə ödənilməmiş 1584.98 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 1924.57 manat dəbbə pulu, ümumilikdə 4307.10 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulması və tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, WB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" X3 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 797.55 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 04 avqust 2019-cu il tarixə ödənilməmiş 1584.98 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 1988.53 manat dəbbə pulu, ümumilikdə 4371.06 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmasını və tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, WB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsini, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsini və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı ASC iddia həcminin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı, "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 04 avqust 2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 2199.45 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə, yəni 04 avqust 2019-cu il tarixə ödənilməmiş 1584.98 manat faiz borcu, iddia qaldırılan tarixə hesablanmış 1988.53 manat dəbbə pulu, ümumilikdə 5772.96 manat, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmasını və tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, WB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsini, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsini və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, "xxxx" X1 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında 04 avqust 2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənə əsasən illik 17 % hesablanmaqla 60 aylıq müddətə cavabdehə 12500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinə əsasən kreditin təyinatı 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqaviləyə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 04 avqust 2014-cü il tarixli 17-A-1-0-811-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, tərəflərin razılığı ilə 25100 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2014-cü il buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilidir. “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 312 manat, ümumilikdə isə 18714 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş 18 dekabr 2019-cu il tarixdə 500 manat məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək məhkəmə iclasında izahatında bildirmişdir ki, onun "xxxx" X3 (Yelo Bank ASC) 6 saylı filialı ilə aralarında bağlanmış 04 avqust 2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsinə əsasən ödəməli olduğu borcundan cəmi 798 manat borcu qalmışdır. O, musiqiçidir, hazırda 1 il 6 aydan çox müddətdır ki, pandemiya ilə bağlı işləmir və bu səbəbdən ödənişlərində gecikmələr olmuşdur. Bank tərəfindən qalan əsas borcun qrafikə salınmasını və hissə-hissə ödənilməsini xahiş etmişdir. Buna görə də iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" İKB 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 04.08.2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsindən görünür ki, bank Cavabdeh illik 17% hesablanmaqla 60 aylıq müddətə 12500 məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 04.08.2014-cü il tarixli 17-A-1-0-811-14 saylı ipoteka müqaviləsindən görünür ki, borcalanın kredit öhdəliklərini təmin edilməsi məqsədi ilə mülkiyyətində olan “DAEWOO GENTRA” markalı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh oğluna məxsusdur. İş materiallarına əlavə edilmiş 21.04.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə olan əsas borcu 797.55 manat, 1584.98 manat məbləğində faiz borcu və 1988.53 manat dəbbə pulu təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 18.06.2021-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 04.08.2014-cü il tarixli 17-A-1-0- 811-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC-ə olan borcu 3706.44 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc 3699.45, faiz borcu 6.99 manat təşkil edir. Hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən 05.08.2019-cu il tarixdən sonra 1500 manat məbləğində ödəniş aparılması müəyyən olunur. Lakin ekspertiza qarşısında sualda borc məbləğinin hesablanma tarixi 05.08.2019-cu il tarixə göstərildiyindən 1500 manat məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 04.08.2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən iddiaçı cavabdehə illik 17% hesablanmaqla 60 aylıq müddətə 12500 məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin təminatı olaraq “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobil 04.08.2014-cü il tarixli 17-A-1-0-811-14 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Hal-hazırda cavabdehin İddiaçı ASC-yə olan əsas borcu 3699.45 manat, 6.99 manat məbləğində faiz borcu və 1988.53 manat dəbbə pulu təşkil edir. Lakin ekspertiza qarşısında sualda borc məbləğinin hesablanma tarixi 05.08.2019-cu il tarixə göstərildiyindən 1500 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçı ASC-nin iddiasının 1988.53 manat dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq 50 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh 04.08.2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsi üzrə 2199.45 manat əsas borc, 6.99 manat məbləğində faiz borcu və 50 manat dəbbə pulu, cəmi 2256.44 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, tutma kreditin təminatı cavabdehə məxsus “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməli və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Ekspertiza xərci-145 (yüz qırx beş) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 04.08.2014-cü il tarixli 17-A-1-0-811-14 saylı kredit müqaviləsi üzrə 2199.45 manat əsas borc, 6.99 manat məbləğində faiz borcu və 50 manat dəbbə pulu, cəmi 2256.44 (iki min iki yüz əlli altı manat, qırx dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Tutma kreditin təminatı cavabdehə məxsus “DAEWOO GENTRA” markalı, **-UZ- *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA587743 ban, DFCX0389 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ekspertiza xərci-145 (yüz qırx beş) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar