Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2136/2021 22.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar rayon məhkəməsinin 29 iyul 2020-ci il tarixli 2(063)- 397/20 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, 09.08.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Cavabdehlə birgə nikahından 09.08.2014-cü ildə X8 adlı övladı anadan olmuşdur. Ucar rayon məhkəməsinin 29.07.2020-ci il tarixli 2(063)-397/20 saylı qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş və 09.08.2014-cü il təvəllüdlü X1 üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi qədər aliment tutulması qət edilmişdir. Onun uşağın saxlanması üçün 500 manata qədər xərci çıxır ki, bu məbləği də o, təkbaşına ödəməkdə çətinlik çəkir. Cavabdeh isə nə əlavə xərclərin ödənilməsində ona köməklik göstərir, nə də ki, uşağının maddi rifahının yüksəldilməsi üçün tədbirlər görür. Uşağının normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağı üçün təşkil etmək təkbaşına ona olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasında ona hər hansı bir köməklik göstərmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malikdir və əgər o, öz valideynlik borcunu öz üzərində hiss etsə idi, bu zaman uşağını daha yaxşı saxlamaq üçün şərait yarada, daha yüksək məbləğdə aliment ödəyə bilər. Buna görə də uşağın saxlanması üçün təyin edilmiş aliment məbləği artırılmalıdır. Hesab edir ki, Ucar rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği artırılaraq, övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutulmalıdır. Tərəflərin izahatları İddiaçı 21.04.2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, mülki işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onsuz baxılmasını xahiş edən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, Ucar rayon məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə birgə nikahdan anadan olmuş övladı X1 üçün hər ay onun qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulması qət edilmişdir. İddiaçı qızı Fidanla birlikdə Ucar rayonunun Qaradağlı kəndində yaşayır . O, hər ayda bir dəfə qızı Fidanı görmək üçün rayona gedir, hər dəfə rayona gedərkən qızına geyim və ərzaq alıb aparır. Bundan başqa aylıq qazancından və bayramlarda əlavə təyin edilmiş mükafatlardan da aliment tutulur. Məhkəmə tərəfindən aliment onun aylıq qazancına görə təyin edilmişdir. Odur ki, iddiaçının alimentin artırılması ilə bağlı tələbini qəbul etmir və məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş: Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən 10.02.2021-ci il tarixdə verilmiş doğum haqqında arayışdan görünür ki, X8 09.08.2014-cü ildə doğulmuş və valideynləri X6 və X2r. Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən 08.09.2020-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 arasında nikah 08.09.2020-ci ildə ləğv edilmişdir. Ucar rayon məhkəməsinin 2(063)-397/2020 saylı 29.07.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə hazırki mülki iş üzrə tərəflər arasında bağlanmış nikahın pozulması, 09 avqust 2014-cü ildə doğulmuş X5 İddiaçı yanında qalması, Cavabdeh 23 iyul 2020-ci ildən başlayaraq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İşin halları Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə Cavabdeh 23 iyul 2020-ci ildən başlayaraq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulub iddiaçı X3 verilməsi qət edilmişdir. İddiaçı məhkəmədən sözügedən qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 175 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi: 56.1 Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1 Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının Ucar rayon məhkəməsinin 29.07.2020-ci il tarixli 2(063)- 397/20 saylı qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin artırılaraq, övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 175 manat sabit pul məbləğində aliment tutulması barədə tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi, qanunvericilik aliment məbləği müəyyən edildikdən sonra aliment məbləğinin dəyişdirilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad edilən normanın məzmunundan görünür ki, həmin norma ilə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində yaranmış dəyişikliklə əlaqədar alimentin miqdarının dəyişdirilməsi yalnız o halda mümkündür ki, tərəf həqiqətən də ailə və ya maddi vəziyyətinin əhəmiyyətli pisləşməsini təsdiq edən sübutları məhkəməyə təqdim etsin. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətində hər-hansı yaxşılaşma olmasına dair işdə sübut yoxdur. Aliment təyin olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən keçən müddət ərzində iddiaçı özünün maddi vəziyyətində hər hansı bir dəyişikliyin baş verməsi, həmçinin cavabdeh tərəfin maddi durumunun yaxşılaşması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Beləliklə, Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-2136/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2136/2021
22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver