Məhkəmə qərarları › İş №2(010)-2148/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2148/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2148/2022 08.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. Kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı “pul” tələbinə dair əmr icraatı qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən borclu Cavabdeh kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1969.45 manat əsas və 811.29 manat faiz borcunun, cəmi 2780.74 manat və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli, 2(010)-2005/2018 saylı əmri ilə borclu Cavabdeh 1969.45 manat əsas borc, 811.29 manat faiz borcu olmaqla, cəmi 2780.74 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutularaq kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi müəyyən edilmişdir. Daha sonra borclu Cavabdeh əmrə etiraz verərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli, 2(010)-2005/2018 saylı əmrinin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2148/2022 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2018-ci il tarixli, 2(010)- 2005/2018 saylı əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış baş sazişə əsasən, cavabdehə xx.xx.2014-cü il tarixdə illik 28 faiz olmaqla, 54 ay müddətində 5957 manat kredit verilmişdir. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə imzalanmış baş sazişə (əqdlərin bağlanma şərtlərinə dair) və razılaşmanın 3.1-ci bəndinə əsasən, bank müştərinin konkret sifarişini qısa mesaj (SMS) vasitəsilə aldıqdan sonra sifarişin mümkün olması barədə müştəriyə məlumat verir. Müştəri, bank tərəfindən müəyyən edilmiş formada hansı məbləğdə və şərtlərlə kredit almaq istəyini və özünün eyniləşdirmə kodunu Banka SMS vasitəsilə geri göndərir. Cavab SMS-də bank tərəfindən müştəriyə hansı məbləğdə və şərtlərlə kredit verilə biləcəyi barədə məlumat göndərilir. Müştəri razılaşdığı halda müvafiq nömrəyə razılıq SMS göndərilir. Bundan sonra bank tərəfindən müştərinin kart hesabına razılaşdırılmış məbləğdə və şərtlər çərçivəsində vəsait yerləşdirilir. Cavabdeh kartdan məxaric etdiyi məbləği və ona hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, Baş saziş və ona uyğun olaraq bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır. Tərəflərin izahatları. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, Bankla razılığa gəlmişdir. Bu razılığa əsasən altı ay ərzində hər ay 230 manat pul ödəməlidir. Hazırda bir ayın pulunu ödəmişdir. Odur ki, məhkəmədən borcun hissə-hissə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etdi. İş materialları. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, BS-DK065753/13 saylı razılaşmadan görünür ki, bu razılaşmaya görə Bank Müştəriyə 2-ci maddədə göstərilən məhsulları (müxtəlif növ kreditlər, hesabların açılması və s.) həmin maddədə göstərilən şərtlər daxilində təklif edir, Müştəri isə həmin məhsulları əlavə təsdiqləmə proseduruna riayət etməklə şərtlər daxilində sifariş verir və sifariş müvafiq qaydada Bank tərəfindən təsdiq edildikdən sonra onlardan istifadə edir. Müştəri sifarişlər üzrə verilmiş kredit və hesablanmış faizləri Bank tərəfindən müəyyən olunmuş qaydada Bankın kassasına nağd və ya onun müxbir hesabına köçürmə yolu ilə müvafiq kreditin müddətində tamamən qaytarır. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı-yə 1950.74 manat məbləğində əsas borcu vardır. xx.xx.2019 – xx.xx.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh kredit borcundan xx.xx.2022-ci il tarixdə 600 manat ödəmiş, bu pulun 285.5 manatı ehtiyat fondundan silinmiş kredit üzrə cərimənin ödənilməsinə, 294.5 manatı ehtiyat fondundan silinmiş kredit üzrə faizlərin ödənilməsinə, 20 manatı ehtiyat fondundan silinmiş kredit üzrə məhkəmə xərclərinin ödənilməsinə; xx.xx.2022-ci il tarixdə 250 manat (bir neçə dəqiqə içərisində 210 manat və 40 manat ayrı-ayrı) ödəmiş, bu pulun 231.9 manatı ehtiyat fondundan silinmiş kredit üzrə faizlərin ödənilməsinə, 18.71 manatı ehtiyat fondundan silinmiş kredit üzrə əsas borcun ödənilməsinə yönəlmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli razılaşmaya əsasən Bank tərəfindən Borcalana kredit verilmiş, Borcalan isə götürdüyü müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarı: 9.3. Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, faiz borcu, zərər, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə pulu borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Buna görə də cavabdehdən ödənilməmiş borc tutularaq iddiаçı İddiaçı-yə ödənilməlidir. Lakin bu zaman nəzərə alınmalıdır ki, iddiaçı Bank tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixə olan borcu göstərən maliyyə arayışı və hesabdan çıxarışdan görünür ki, cavabdehin hazırda müqavilə üzrə 1950.74 manat əsas borcu qalmışdır. Belə görünür ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər edilmiş və bu ödənişlər onun borcundan çıxıldıqdan sonra 1950.74 manat əsas borcu qalmışdır. Bu səbəbdən cavabdehdən ancaq borcun sonuncu tarixə (xx.xx.2022-ci il) məbləğini göstərən maliyyə arayışında qeyd edildiyi kimi 1950.74 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu (iddia ərizəsinin məhkəmə daxil olduğu tarixə olan redaksiyada) ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Lakin iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, iş məhkəmənin icraatında olduğu dövrdə müvafiq kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixdə ödənilmiş 600 manat məbləğində puldan 20 manatı “məhkəmə xərclərinin ödənilməsi”nə yönəlmişdir. Bununla da iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən ödəmiş olduğu dövlət rüsumunu əvvəlcədən tutmuşdur. Belə olan halda artıq iddiaçı tərəfindən əvvəlcədən tutulmuş məhkəmə xərcinin məhkəmə tərəfindən təkrar cavabdehdən iddiaçının xeyinə tutulması yolverilməzdir. Odur ki, iddia dövlət rüsumu ilə bağlı hissədə təmin edilə bilməz. Məhkəmənin gəldiyi nəticə. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1950.74 manat (min doqquz yüz əlli manat yetmiş dörd qəpik) məbləğində əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməsin. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1950.74 manat (min doqquz yüz əlli manat yetmiş dörd qəpik) məbləğində əsas borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar