Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2168/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən xx.xx.2023-cü il tarixindən etibarən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2363/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 üçün təyin edilmiş 160 manat aliment miqdarının artırılaraq hər ay 220 manata çatdırılması və xx.xx.2013-cü il təvəllüdlü X2 xəstəliyi ilə bağlı əlavə xərclərin qarşılanması üçün əlavə olaraq hər ay 150 manat pulun da Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən, İddiaçı 2011-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşam. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 adlı övladımız anadan olmuşdur. İlk vaxtlar münasibətlərimiz normal olsa da, sonradan münasibətlərimiz gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün sözsöhbət yaranmışdır. Bir ailə kimi yaşamağımız qeyri-mümkün idi. Bu səbəbdən 2015-ci ildə nikahımız məhkəmə qaydasında pozulmuşdur. Daha sonra xx.xx.2013-cü il təvəllüdlü X5 üçün aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur oldum və nəticədə xx.xx.2018-ci il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2363/2018 saylı qətnaməsi ilə sabit pul məbləğində 160 manat aliment təyin edilmişdir. Bir halı da məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, xx.xx.2013-cü il təvəllüdlü X5 anadangəlmə birinci dərəcəli skolioz xəstəsidir və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda qeydiyyatdadır. Xəstəliyi ilə bağlı bir sıra tibb müəssisələrinə müraciət etsəm də, sağlamlığında hələ də müsbət irəliləyişlər olmamışdır. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, həmçinin xüsusi olaraq qeyd edim ki, respublikamızda bütün məhsullara (kommunal xidmətlər, yol nəqliyyat xərcləri, dərman preparatları, qida məhsulları) tətbiq edilmiş qiymət artımı övladımın saxlanılmasını daha da çətinləşdirmişdir”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh nikah pozulduqdan sonra bir ata kimi öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, uşağın maddi və mənəvi ehtiyacları ilə maraqlanmamışdır. Belə ki, birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüldü X5 birinci dərəcəli skolioz xəstəsidir. Hər üç aydan bir onu bir kurs müalicəyə aparır. Uşağın xərcləri artdığı üçün alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin yaxşı gəliri olsa belə, aliment ödəməkdən imtina edir. O, aliment borcunu gecikdirdiyi üçün 500 manat inzibati cərimə edilmişdir. Necə ola bilir ki, cavabdeh hazırkı həyat yoldaşının birinci nikahından olan uşağa baxa bilir, öz uşağına baxa bilmir? Onun maddi imkanı yaxşıdır. Əgər imkanı yaxşı olmasa idi, evinin həyətini düzəltdirməzdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı ilə birgə nikahından doğulmuş uşağın saxlanması üçün ondan tutulan 160 manat məbləğində alimenti onun anası ödəyir. Onun daha artıq məbləğdə aliment və ya əlavə xərc ödəməyə maddi imkanı yoxdur. Belə ki, onun ikinci nikahından 2017-ci il təvəllüdlü Umayzadə Fatimə adlı qızı doğulmuşdur və həmin uşaq onun himayəsindədir. Həyat yoldaşının birinci nikahından olan uşağına isə o yox, uşağın dayısı baxır. Onun maddi vəziyyəti pisdir. Belə ki, anası əməliyyat olunmuş, bununla əlaqədar bankdan 9000 manat məbləğində kredit götürmüşdür. Bu vəziyyətdə daha artıq məbləğdə pul ödəyə bilməz. İddiaçının dediyi kimi həyəti təmir etdirməmişdir. Yalnız çox kiçik bir hissəyə kafel döşətdirmişlər ki, palçıq olmasın. Evin özü çox pis şəraitdədir. Bununla bağlı fotoşəkillər telefonunda var. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
5. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı, 767747 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 2546 nömrə ilə qeyd edilmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 2363/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin hesablanması və ödənilməsinin xx.xx.2018-ci ildən etibarən həyata keçirilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
7. “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışın surətindən görülür ki, xx.xx.2013-cü il təvəllüdlü Umayeva Əsmaya birinci dərəcəli (70) onurğanın S-vari skoliozu diaznozu qoyulmuşdur.
8. “Medi Grand” Tibb Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X5 “Medi Grand” tibb mərkəzində xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında günaşırı fizioterapevtik reabilitasiya kursu keçmişdir.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X5 doğulmuşdur.
10. Tərəflər arasında olan nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını və uşağın saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğində aliment və uşağın xəstəliyi ilə bağlı müalicəsi üçün hər ay 150 manat əlavə xərc tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
12. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.
Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
19. İşin hallarından görünür ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur.
20. Həmçinin cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (220 manat) tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bununla belə məhkəmə uşağın saxlanılması üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin miqdarı müəyyən edilərkən uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğu, bu baxımdan tərəflərin maddi vəziyyətinin nəzərə alınmalı olduğu diqqətdə saxlanılmalıdır.
21. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh əmək haqqı 345 manat məbləğindədir. Bundan başqa onun xx.xx.2017-ci il təvəllüdlü X3 adlı başqa bir uşağı da var. Məhkəmə hesab edir ki, alimentin məbləği müəyyən edilərkən işin bu halları, yəni cavabdehin maddi vəziyyəti nəzərə alınmalı, onun başqa nikahdan doğulmuş uşağı da saxlamağa borclu olması, üstəlik bunu aylıq 345 manatlıq əmək haqqı ilə təmin etməli olması diqqətdə saxlanılmalıdır.
22. Bütün bu qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan aliment miqdarının artırılaraq hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına və uşağın üstün maraqlarına uyğundur.
23. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
24. Bununla belə məhkəmə qeyd edir ki, iddia tələbində alimentin tutulmasına xx.xx.2023-cü il tarixdən başlanması xahiş edilsə də, nəzərə alınmalıdır ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır (§ 16). Bu baxımdan məhkəmə hesab edir ki, bu qətnamə ilə miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır.
25. Lakin uşağın müalicəsi üçün iddiaçının cavabdehdən tələb etdiyi 150 manat əlavə xərc tələbi ilə məhkəmə razılaşmır. Belə ki, ailə qanunvericiliyinin yuxarıda istinad edilmiş normalarından görünür ki, valideyn uşaq üçün əlavə xərclərin ödənilməsinə o halda cəlb edilir ki, uşaq ağır xəstə və ya əlilliyi müəyyən edilmiş olsun, bu vəziyyətinə görə ona kənar xidmətlərin göstərilməsi zəruri olsun. Yəni uşağın xəstəliyi və ya əlilliyi ilə əlaqədar onun saxlanılması adi saxlanma xərclərindən (alimentdən) əlavə xərc tələb etsin ki, bu xərclərin qarşılanması üçün uşağı yanında saxlayan valideyn digər valideyndən müəyyən vəsait tələb etməli olsun.
26. Hazırkı işdən görünür ki, iddia ərizəsinə tərəflərin birgə nikahından doğulmuş uşağa 70-li skolioz diaqnozu qoyulduğunu göstərən tibb müəssisəsinin müvafiq arayışının surəti əlavə edilsə də, bu xəstəliyin ağır xəstəlik olması, uşağın mütəmadi müalicə və müayinəyə ehtiyacının olması, uşağı yanında saxlayan valideynin (iddiaçının) uşağın xəstəliyi ilə əlaqədar hansısa xərc çəkmiş olması ilə əlaqədar məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İddia ərizəsinə yalnız uşağın xx.xx.2022 – xx.xx.2022-ci il tarixləri arasında bir ay günaşırı fizioterapevtik reabilitasiya kursu keçdiyini göstərən müvafiq tibb müəssisəsinin arayışının surəti əlavə edilmişdir ki, həmin arayışda da bu reabilitasiya kursu üçün iddiaçı tərəfindən hansısa miqdarda pul ödənildiyi qeyd edilməmiş, bununla bağlı məhkəməyə əlavə sənəd təqdim edilməmişdir.
27. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında tərəflərin birgə nikahından doğulmuş uşaqda hansısa ağır xəstəlik olması və bu xəstəliyin müalicəsi ilə əlaqədar alimentdən əlavə xərc tutulmasının zəruri olması nəticəsinə gəlmək mümkün deyil. Əksinə, uşağa 70-li skolioz diaqnozu qoyulduğunu göstərən arayışın surətində məsləhət kimi “müalicəsi idman, üzgüçülük” qeydi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqda hansısa xəstəlik olduğu sübuta yetirilmir, iş materiallarında olan sənədlər əsasında uşaqda olması ehtimal olunan xəstəliyin isə ağır xəstəlik olması və müalicəsinin alimentdən əlavə xərc tələb etməsi müəyyən edilmir. Odur ki, əlavə xərclə bağlı hissədə iddia əsassızdır.
28. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, uşağın saxlanılması üçün tutulan aliment həm də uşağın ümumi sağlamlıq qayğılarının çəkilməsinə, səhhəti ilə bağlı adi xərclərinin qarşılanmasına yönəlir. Belə ki, uşağın saxlanılması dedikdə sadəcə olaraq onun qida, geyim, təhsil xərclərinin qarşılanması başa düşülmür, həm də onun ümumi sağlamlıq vəziyyətinin qayğısına qalmaq üçün çəkilməli olan xərclər başa düşülür. Bunun davamı olaraq, qanunverici yalnız yuxarıda qeyd edildiyi kimi uşağın ağır xəstə və ya əlilliyinin müəyyən edildiyi halları müstəsna hal kimi qiymətləndirərək valideynlərin əlavə xərclərə cəlb edilməsini müəyyən etmişdir. Hazırkı işdə isə belə bir hal müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə iddianın əlavə xərclə bağlı hissədə əsassız olduğu nəticəsinə gəlmişdir.
Məhkəmə xərcləri.
29. Aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (200x12=2400 manat) mütənasib olan 44 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2363/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 200 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(010)-2168/2023 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 44 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.
32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-2363/2018 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 200 (iki yüz) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2168/2023 nömrəli qətnаməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva