Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2179/2024 20.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği 220 manatdan artırılaraq 235 manat müəyyən olunması və uşağın dişlərinə breketin qoyulması üçün lazım olan 2500 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə nikaha daxil olaraq ailə həyatı qurmuşuq. Birgə nikahdan 24 may 2012-ci il təvəllüdlü X4 anadan olmuşdur. Aramızda olan nikah münasibətlərinə xitam verildikdən sonra uşaq mənim yanımda qalmış və uşağın saxlanılması üçün hər ay 220 manat məbləğində aliment tutulmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın minimum tələbatının ödənilməsinə yetmir. Uşaq böyümüş, təhsilinə, digər inkişaflarına görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, mən çəkirəm. Uşağın həm təlim-tərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq mənim üçün çox çətindir. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışam. Bundan başqa, uşağın dişində olan problemlərin aradan qaldırılması məqsədilə breketin qoyulması üçün 2500 (iki min beş yüz) manat məbləğində pula ehtiyac var. Mən uşağa baxdığım üçün işləyə bilmirəm. Ona görə də hesab edirəm ki, həmin məbləğ də cavabdehdən tutulmalıdır”.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi.
4. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, alimentin 235 manat məbləğində müəyyən edilməsinə etiraz etmir, lakin uşağın dişləri ilə bağlı əlavə xərcə münasibətdə qeyd edir ki, hazırda evlidir və bir uşağı autizm xəstəsi, yoldaşı isə astma xəstəsidir, maddi imkanı yoxdur. İddiaçı isə onun evində yaşayır. Uşağın dişlərini sığorta ilə düzəltdirə bilər.
5. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə baxış iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları.
6. Suraxanı RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZE 12610143 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 2079/2022 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(010)-4533/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh İddiaçı xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh dövlət nəfinə 43.16 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1858/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2079/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2012ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Cavad oğlunun cavabdeh İddiaçı qarşı “aliment məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 1858/2023 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın dişlərinin müalicəsi üçün pul vəsaitinin tutulması” hissəsində iş üzrə icraata xitam verilmişdir.
İşin faktiki halları.
10. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur.
11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatandək saxlanılması üçün atadan tutulan alimentin miqdarı artırılmış, Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmiş, iş üzrə icraata “uşağın dişlərinin müalicəsi üçün pul vəsaitinin tutulması” hissəsində xitam verilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81. Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı. 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası.
Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
17. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onun saxlanılma xərcləri, eləcə də onun üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşağı yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.
21. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilmiş məbləğ (235 manat) tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün də zəruridir.
22. Yuxarıda qeyd edilən halları nəzərə alan və hər bir halda uşağın maraqlarını üstün tutan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir.
23. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə alır ki, alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir.
24. Həmçinin məhkəmə onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
25. İddia tələbinin digər hissəsi tərəflərin birgə nikahından doğulmuş uşağın dişinə breket qoyulması üçün lazım olan 2500 manat əlavə xərclə bağlıdır. Məhkəmə, ilk növbədə qeyd edir ki, iş materiallarından görünür ki, İddiaçı daha əvvəl də uşağın dişinin müalicəsi üçün lazım olan xərclərin cavabdehdən tutulması ilə bağlı iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası rədd edilmişdir. Daha sonra iddiaçı bir dəfə də eyni tələblə məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadı ilə iş üzrə icraata həmin hissədə xitam verilmişdir. İş materiallarında olan müvafiq məhkəmə aktlarından görünür ki, hər iki iddiada iddiaçı tərəfindən uşağın dişində olan problemin aradan qaldırılması üçün müalicəyə görə cavabdehdən 1000 manat məbləğində əlavə xərc tutulması tələb edilmişdir. Lakin hazırkı işdə iddiaçı cavabdehdən uşağın dişinə breket qoyulması ilə bağlı 2500 manat məbləğində əlavə xərc tələb edir. Məhkəmə əvvəlki iddiaların əsasının (uşağın dişinin müalicəsi), hazırkı iddianın əsasından (uşağın dişinə breket qoyulması) fərqli olduğu qənaətinə gələrək, hazırkı iddiaya mahiyyəti üzrə baxılmasının mümkün olduğunu hesab etmişdir.
26. Bununla belə, məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı tərəfindən məhkəməyə iddiasının əsaslılığını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, ailə qanunvericiliyinin yuxarıda istinad edilmiş normalarından görünür ki, valideyn uşaq üçün əlavə xərclərin ödənilməsinə o halda cəlb edilir ki, uşaq ağır xəstə və ya əlilliyi müəyyən edilmiş olsun, bu vəziyyətinə görə ona kənar xidmətlərin göstərilməsi zəruri olsun. Yəni uşağın xəstəliyi və ya əlilliyi ilə əlaqədar onun saxlanılması adi saxlanma xərclərindən (alimentdən) əlavə xərc tələb etsin ki, bu xərclərin qarşılanması üçün uşağı yanında saxlayan valideyn digər valideyndən müəyyən vəsait tələb etməli olsun.
27. Hazırkı işdən isə tərəflərin birgə nikahından doğulmuş uşağın yuxarıda qeyd edilmiş mənada xərcə ehtiyacının olduğu müəyyən edilmir. Ona görə ki, iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
28. Belə olan halda məhkəmə iddianın əlavə xərclə bağlı hissədə təmin edilməməsi nəticəsinə gəlir.
Məhkəmə xərci.
29. Alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın qiymətinə (235x12=2820) mütənasib olan 48.2 manat məbləğində ödənilməmiş dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1858/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2179/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 48.2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1858/2023 nömrəli qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2179/2024 nömrəli qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq, cаvаbdeh Cavabdeh tutularaq iddiаçı İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 48.2 manat (qırx səkkiz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva