Məhkəmə qərarları › İş №2(010)-2181/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2181/2021

07.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2181/2021 07.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul və sənəd" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul və sənəd" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6000 (altı min) manat məbləğində pul vəsaitinin, ona məxsus şəhid ailəsi vəsiqəsinin, dövlət tərəfindən şəhid ailəsi kimi ona verilmiş sosial mənzilin sənədlərinin, ərinin və şəhid oğlunun ölüm haqqında şəhadətnaməsinin, Quba rayonu Növdün kəndində yerləşən torpaq sahəsinin sənədlərinin Cavabdeh alınaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh onun oğludur. Onun 3 oğlu olmuş, oğlunun biri İ Qarabağ müharibəsində şəhid olmuş, digər oğlu özü üçün mənzil alıb köçmüş, cavabdeh isə 2009-cu ildə ailə qurub, ailəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə yaşamışdır. Onun özü üçün saxladığı 6000 manat məbləğində pul vəsaiti var idi və o, həmin pul vəsaitini öz mənzilində saxlayırdı. 1-2 il bundan əvvəl qohumunun yas mərasimi ilə əlaqədar o, rayona getməli olmuşdur. Cavabdeh onun rayona getdiyini bilib, ona demişdir ki, "evdən gedib, evi tək qoyursunuz, Günəşlidə isə hər verdə oğurluq var, bilərlər ki, evdə heç kim yoxdur, evə girib pullarını oğurlayarlar, pulları ona ver onun üçün saxlasın". Həqiqətən də həmin gün evin tək qalacağını görüb, pullarını cavabdehə vermişdir ki, saxlasın. Bundan sonra pullar cavabdehdə qalmış, o, sonradan cavabdehdən pulları tələb etdikdə, cavabdeh pulların onda olduğunu, onun üçün həmin pulları saxladığını ona dediyinə görə, o, isə ona inanıb artıq pulları ona verməsini təkid etməmişdir. 2020-ci ilin dekabr ayında bir şəhid ailəsi kimi dövlət tərəfindən ona Hövsan qəsəbəsində yerləşən Sosial Evlər massivində bir mənzil verildi. Bundan sonra cavabdeh həmin mənzilə köçüb yaşamaq istəməyərək, Hövsan qəsəbəsinin uzaq olmasını bəhanə gətirdi və ona təzyiq etməyə başlamışdır ki, özünə məxsus mənzili ona bağışlasın. O, bundan imtina etdikdə cavabdeh özündə olan pulu ona qaytarmayacağını bildirib, evdə olan ona məxsus bütün sənədləri, o cümlədən onun şəxsiyyət vəsiqəsini, şəhid ailəsi vəsiqəsini, dövlət tərəfindən şəhid ailəsi kimi onlara verilmiş sosial mənzilin sənədlərini, ərinin və şəhid oğlunun ölüm haqqında şəhadətnaməsini, Quba rayonu, Növdün kəndində yerləşən torpaq sahəsinin sənədlərini evdən götürmüş, həmin sənədləri ona qaytarmaqdan imtina etmişdir. Artıq cavabdeh özünə məxsus mənzildə onu yaşamağa qoymadığına görə o, mənzildən çıxıb o biri oğlunun evinə getmişdir. O, cavabdehdən ona məxsus sənədləri tələb etsə də, cavabdeh həmin sənədləri ona qaytarmaqdan imtina edir. O, məcbur olub, cavabdehin bu hərəkəti barədə polis sahə rəisinə bildirmiş, polis sahə rəisi ona zəng etdikdən sonra cavabdeh onun şəxsiyyət vəsiqəsini qaytarmış, lakin digər sənədləri isə qaytarmamışdır. Ona görə də o, cavabdehdən ona məxsus sənədlərin və 6000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları İddiaçı iddia tələbini müdafiə edərək, izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı onun anasıdır. Anası bir neçə il bundan əvvəl qohumlarının yas mərasimi ilə əlaqədar evdə olmayacağından özünə məxsus sənədlərini və pulu ona vermişdir ki, evdə olmayanda evə oğru daxil olar. Anası yas mərasimində olduğu zaman həmin sənədlər və pul onda olmuş, anası evə qayıtdıqdan sonra o, bütün sənədləri və pulu anasına qaytarmışdır. İddiaçının hazırki iddiası əsassız və qanunsuzdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Qərarında deyilir ki, “hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin özünün mövcud olması, onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Sübutların qiymətləndirilməsinin məzmununu aşağıdakılar ehtiva edir: onların mümkünluyu, aid edilməsi, mötəbərliyi, yetərliliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd etməlidir. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Məhkəmə müəyyən edir ki, iddiaçı iddia tələbinin xüsusatları barədə məhkəməyə tutarlı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsini rəhbər tutaraq məhkəmə tərəfə zəruri əlavə sübutlar təqdim etməyi təklif etməsinə baxmayaraq əlavə heç bir sübut təqdim edilməmişdir. Qanunvericiliyin müvafiq normalarını və qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3 Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "pul və sənəd" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar