Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2191/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasının qarşısının alınması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 58 saylı mənzildən onun mənzilinə suyun axıdılmasının qarşısının alınması və dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən onun mənzilinə dəymiş zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, ünvan 2 ünvanda yaşayır və həmin mənzilin mülkiyyətçisidir. Üst mərtəbədəki evdən, yəni mülkiyyətçisi Cavabdeh olan ünvan 3 ünvanda yerləşən 58 saylı mənzildən onun mənzilinə mütamadi su axıdıldığından ona maddi ziyan dəymişdir. Həmin mənzilin sanitariya qovşağı yararsız vəziyyətdədir. Bu səbəbdən axıdılan çirkab suyu hamamı, mətbəxi, sanuzel qovşağını və dəhlizi yarasız hala salmışdır. Mənzilin mətbəx və dəhlizdəki kabellərinin düymələrindən su axdığından işığı yandırmaq olmur. Dəhlizdə yerləşən paltar şkafı yararsız hala düşmüş, içərisində olan paltarları istifadəyə yararsız olmuşdur. Su axıdılması nəticəsində işıq xətləri, tavan, divarlar yararsız və təhlükəli vəziyyətə düşmüşdür. Cavabdehdən dəfələrlə bu vəziyyətə son qoylumasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Etdiyi şikayətlərdən sonra ərazinin 159 saylı MTK-nin sədri M.Q.Mustafayevin tərəfindən mənziliə baxış keçirilmiş və cavabdehin mənzilindən onun mənzilinə su axıdılması barədə qonşuların iştirakı ilə akt tərtib edilmişdir. Cavabdeh isə onun mənzilindən su axmadığını bildirmişdir.. Cavabdehə edilmiş xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Mənzilin təmiri lazımdır. Həmçinin o, cavabdehin bu qanunsuz hərəkətləri nəticəsində güclü stress və əsəb keçirmiş, səhətində yaranmış təzyiqlə bağlı dəfələrlə müalicə almışdır. Cavabdehin qanunsuz əməlləri davam etdiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də qeyd olunanların nəzərə alınmaqla iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ona evi çirkab suyunun axmasına barədə zəng gələn kimi həmin an gəlmiş və evində belə bir hadisə olduğunu görmüşdür. Bundan sonra Suraxanı rayonunda yerləşən kanalizasiya xidmətinə getmiş və orda işçi olmadığı üçün Xalqlar metrosu ərazisindən usta gətirmişdir. Usta gəlib baxdıqdan sonra problemi həll edə bilməmiş və zirzəmiyə düşüb orda iş görmüşdür. Bu zaman isə su açılmış və su xəttinə dəyən zərərə görə onun 520 manat xərci çıxmışdır. Ümumiyyətlə, o, həmin mənzildə yaşamır və həmin mənzildə tutulma olmuş, sızma olan zaman isə iddiaçının mənzilinə axıntı olmasına imkan verməmişdir. Hadisə onun təqsirindən də olmamış və yalnız ümumi borunun tutulması nəticəsində baş vermişdir. Buna görə də qeyd olunanların nəzərə alınmaqla iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 230101 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s., 12 saylı evin 56 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və onun xüsusi mülkiyyət hüququ 20.04.2005-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 60 saylı reyestr kitabında 9336 nömrəli vərəqində qeydə alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 015032 saylı Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s., 12 saylı evin 58 saylı mənzili mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur və onun xüsusi mülkiyyət hüququ 16.09.1999-cu il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 111 saylı reyestr kitabında 17073 nömrəli vərəqində qeydə alınmışdır. İddia tələbinə mahiyyəti üzrə düzgün baxılması və obyektiv qərar qəbul edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmənin 23.06.2021-ci il tarixli qərardadı ilə iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s. ev 12, 56 saylı mənzilə həmin binadakı 58 saylı qonşu mənzildən suyun axıdılmasını, həmçinin bunun nəticəsində mənzilin təmirinə dəymiş maddi zərərin dəyərini müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin iş materiallarına əlavə olunmuş 10/3435 saylı 15.09.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, baxış zamanı əldə olunmuş, eləcə də, mülki iş materialında olan aktın göstəricilərini, cavabdehin mənzilinin iddiaçının mənzilindən yuxarı hissədə yerləşməsini, iddiaçının 56 saylı mənzilinin konstruktiv elementləri (divar, tavan və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsurların su sızmaya aid olduğunu nəzərə alaraq iddiaçının 56 saylı mənzilinə cavabdehin 58 saylı mənzilindən suyun sızması və sızan suyun səbəbinin ümumi kanalizasiya xəttinin cavabdehin mənzilindən keçən hissəsində yaranmış nasazlıq olduğu müəyyən edildi. ünvan 1 ünvanda yerləşən 56 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq 746 manat məbləğində olduğu müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iş üzrə verilmiş ekspertiza rəyi əsas götürülməklə iddia qismən, yəni 746 manat hissəsində təmin olunmalıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalı, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olaraq 22 manatı cavabdehə, 8 manatı isə iddiaçının özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsaiti Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, iş üzrə toplanmış sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə Cavabdeh iddiaçının mənzilinə dəymiş ziyana görə 746 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 746 (yeddi yüz qırx altı) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, Kod 210005 VÖEN ********** Müxbir Hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************) köçürülsün. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 (iyirmi iki) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 8 (səkkiz) manat hissəsi İddiaçı özünə aid edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-2191/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2191/2021
06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver