Məhkəmə qərarları › İş №2(103)-5486/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5486/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5486/2021 25.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2191/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, D y/s, 12 nömrəli evin 58 nömrəli mənzilindən onun mənzilinə suyun axıdılmasının qarşısının alınması və dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2191/2021 nömrəli iş üzrə qəbul etdiyi 26 aprel 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasının qarşısının alınması və maddi ziyanın ödənilməsi” tələbinə dair 2(010)-2191/2021 saylı mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2191/2021 saylı 29 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmamışdır. Çünki, iddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, iddiaçının tələbi Bakı şəhəri, Suraxanı rayonu, Y/Günəşli qəsəbəsi, D y/s, 12 nömrəli evin 58 nömrəli mənzilindən onun 56 nömrəli mənzilinə suyun axıdılmasının qarşısının alınması və dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsi ilə bağlıdır. Düzdür, sual oluna bilər ki, axı iddiaçı tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddia irəli sürməmişdir. Başqa sözlə, bu cür tələb formal olaraq MPM-in 39.1-ci maddəsinin təsiri dairəsinə aid olmadığı kimi görünə bilər. Lakin iddia edən məhz xüsusi mülkiyyətində olan mənzil ilə əlaqədar hüquqlarının pozulduğunu iddia edir və bu pozuntunun aradan qaldırılıması üçün məhkəməyə müraciət edərək cavabdehin mənzilindən onun mənzilinə suyun axıdılmasının qarşısının alınması və dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Niyyəti və məqsədi xüsusi mülkiyyətində olan mənzilə cavabdehin öz mənzilindən su axıtması ilə əlaqədar bunun dayandırılmasını və vurulmuş zərərin ödənilməsinə nail olmaq, başqa sözlə hüquqlarının pozulmasını aradan qaldırmaq olmuşdur. İddianın məzmunu tələbin başqa cür olmasını da tam istisna edir. Başqa sözlə iddiaçının mənzilinə su axıdılmasaydı bəlkə də iddiaçı ilə cavabdeh heç vaxt hansısa mülki hüquq münasibətlərində qarşılaşmayacaqdılar. Ancaq bu artıq baş verib və mübahisə yaranıb. Bu münasibətlər çərçivəsində iddiaçı cavabdehin onun iddia etdiyi mənzilinə su axıtması ilə əlaqədar hüquqlarını pozduğunu bəyan edir. Sözsüz ki, məhkəmə baxışı zamanı müstəsna aidiyyətlə bağlı iddia tələblərinin artırılması yaxud dəqiqləşdirilməsi zərurəti də qaçılmaz ola bilər. Əks halda iddiaçının bu iddia üzrə hüquqi marağı və istəyi də olmazdı. Göründüyü kimi, tələb müstəsna aidiyyətlə bilavasitə bağlıdır. Bundan başqa, iddia ərizənini məzmunundan görünür ki, iş üzrə cavabdeh Bakı şəhəri Xəzər rayonu ərazisində rəsmi qeydə alınıb. Belə çıxır ki, cavabdeh Bakı şəhərində deyil, məsələn Qazax rayonunda yaxud Lerik rayonunda qeydiyyatda olsaydı iddia həmin rayon məhkəməsinə verilməli idi. İşə daşınmaz əmlakın yerləşdiyi Suraxanı Rayon Məhkəməsində deyil, tutaq ki, Qazax Rayon Məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı mənzillə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin mənzillərdə tədqiqat aparması, bununla əlaqədar ekspertin və qiymətləndiricinin məhkəmədə dindirilməsi və.s. zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehin qeydiyyatda olduğu Qazax Rayon Məhkəməsinin hakiminin Bakı şəhəri Suraxanı rayonu ərazisinə gəlməsində, Bakı şəhərində fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin Qazax Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan ...qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikilinin olduğu yerə görə verilir müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da mənzilin olduğu yer üzrə verilməlidir. Çünki, MPM-in 39.1-ci maddəsinin güddüyü məqsəd də məhz bu xarakterli iddiaların müstəsna aidiyyət qaydalarına riayət edilməklə baxılmasının təmin edilməsindən ibarətdir. Lakin birinci instansiya məhkəməsi həmin maddənin tələbinə əməl etmədən mülki işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsini qərara almaqla səhvə yol vermişdir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2191/2021 saylı 26 aprel 2021-ci il tarixli mülki işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməsi barədə qərardadı ləğv edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar