Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-820/2023 05.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştiraklaı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-271/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı, X3 Cavabdeh MTK-ya qarşı qeyri-qanuni sökülmüş tikilinin bərpa edilməsi tələbinə dair mülki iş üzrə iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1115/2016 saylı, 19 iyul 2016-cı il tarixli qərardadından görünür ki, iddiaçılar İddiaçı və X3 iddiadan və apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 01 may 2023-cü il tarixli məktubundan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı 2009-cu il 16 aprel tarixindən müvəqqəti qeydiyyatı Bərdə rayonu olmaqla Abşeron rayonu ərazisində qeydiyyatsız məskunlaşmışdır (əsas: Kəlbəcər rayon məcburi köçkünlərinin Abşeron rayonu ərazisində faktiki məskunlaşma kitabı). İddiaçı adı Komitənin Abşeron rayonu üzrə bölməsində olan siyahılarda 2022-ci il tarixədək Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, dalan 7, ev 5 ünvanında göstərilmişdir. Komitənin 2022-ci il 19 dekabr tarixli, 01/6792 saylı məktubuna əsasən İddiaçı ünvan 1 ünvanında məcburi köçkün kimi qeydiyyata düşmüş və hal-hazırda həmin ünvanda məskunlaşmışdır. Cavabdeh MTK-nın 04 may 2023-cü il tarixli, 308 nömrəli arayışından görünür ki, X10 yerləşdiyi ərazi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti məhəllə 30 ünvanında yerləşir. ünvan 4hsalat İstismar Təmir Sahəsinin 25 oktyabr 2022-ci il tarixli, 2595 nömrəli arayışından görünür ki, Yusifov X4 rayonundan məcburi köçkün gəlmişdir. Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 7-ci döngəsi ünvanında yaşayır. Azərbaycan Respublikası Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçisi Aparatının 02 iyun 2023cü il tarixli məktubundan görünür ki, İddiaçı həqiqətən Kəlbəcər RİH başçısının Bağlıpəyə kənd İƏD üzrə nümayəndəliyinin Bağlıpəyə kəndində daim qeydiyyatında olmaqla, 5 məcburi köçkündür və 2005-ci ildən ünvan 6 ünvanında müvəqqəti məskunlaşmışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh MMC tərəfindən 82 kv.m-dən ibarət mənzillə təmin olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK-ya qarşı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 55000 manat maddi ziyanın Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK-ya qarşı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair təkrarən ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş 55000 manat maddi ziyanın Cavabdeh MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kəlbəcər rayonundan məcbur köçkün düşdükdən sonra, 1996-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, ət emalı kombinatının katyolunun ərazisində 82 kv.m-dən ibarət fərdi yaşayış evi tikərək ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin və Abşeron rayonu, Xırdalan şəhəri 5 saylı MTİİTS-nin arayışları da mövcuddur. Ailəsi ilə birlikdə uzun illər yaşadığı sözügedən fərdi yaşayış evi 2014-cü ildə Cavabdeh MMC tərəfindən sökülmüşdür. Ona məxsus olan fərdi yaşayış evi cavabdeh tərəfindən sökülərkən ailə üzvləri evdə olmuşlar və bu hadisədən sonra həyat yoldaşı qorxaraq ağır xəstəlik keçirtmişdir. Cavabdeh şirkət olan Cavabdeh MMC yaşadıqları həmin fərdi yaşayış evini sökərkən bildirmişdir ki, onu və ailəsini başqa bir mənzillə təmin edəcəkdir. Lakin cavabdeh verdiyi bu sözə əməl etməmiş və o, məcbur qalaraq sökülmüş evin bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və həmin tələblə bağlı məhkəmə işinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən, cavabdeh və nümayəndəsi onu aldadaraq onu və ailəsini evlə təmin edəcəklərinə dair söz vermişlər və onun savadsızlığından istifadə edərək, məhkəmə işindən imtina etməyi barədə ona ərizə yazdırmışlar və bununla da Sumqayıt Apellyasiya Məhkəməsində olan işə xitam verilmişdir. Bu dəfə də cavabdeh verdiyi sözə əməl etməyərək onu və ailəsini mənzillə təmin etməmişdir. Həyat yoldaşı isə evdə olarkən evin sökülməsi zamanı qorxaraq aldığı sarsıntıdan və həmin xəstəlik nəticəsində 3 il xəstəxanada yatdıqdan sonra 2020-ci ildə dünyasını dəyişmişdir. Hazırda isə o, məhkəməyə artıq sökülmüş evinin bərpası ilə bağlı deyil, cavabdeh tərəfindən onun başqa bir mənzillə təmin olunmağı barədə müraciət edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-271/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) iddianın rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı ona dəymiş 55000 manat maddi ziyanın Cavabdeh MTK-dan tutularaq ödənilməsi tələbinə dair iddiaçının izahatı digər sübutlarla təstiqini tapmadığından, həmin izahata tənqidi yanaşılmalıdır. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarına, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə qəti şəkildə razılaşmır. Ona görə ki, həmin qətnamə yalnız cavabdeh tərəfin hüquqlarını müdafiə edir, yalnız onun xeyrinə olanlar qətnamədə qət edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə izahatında bildirmişdir ki, o, 8 ildən sonra pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 8 il müddətində dəfələrlə yazılı şəkildə evin ona verilməsi ilə bağlı xahiş olunmuşdur. Cavabdeh isə ona hər dəfə gözləməyini və qısa zamanda evlə təmin olunmağı barədə söz verirdi. Məlumdur ki, cavabdeh onun vaxtını alaraq pul tələbinə dair müddəti uzatmışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında izahat verərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayətinə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ona məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən söküldüyünü, bunun əvəzi olaraq heç bir formada kompensasiya ödənilmədiyini, bununla da ona maddi ziyan vurulduyğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüşdür. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, onlara məxsus olan ərazidə olan və sökülən evlərin içərisində iddiaçıya məxsus yaşayış evinin olmamış, ona görə də iddiaçıya heç bir şəkildə maddi ziyan vurmamışlar. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh tərəfindən ona məxsus fərdi yaşayış evinin sökülməsi, bunun nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyan vurulması kimi halları sübut etmək öhdəliyi daşıyır. Buna baxmayaraq, iddiaçı tərəfindən qeyd edilən hallarla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı məhz cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinin sökülməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Bununla bağlı, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübut qismində yalnız müvafiq arayışlara istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edilən sənədlərlə bağlı onu qeyd edir ki, həmin sənədlər iddia tələbinin əsası kimi istinad edilən halları birbaşa sübutetmə vaistəsi qismində çıxış etməməklə, həmin halları təsdiq etmir. Başqa sözlə həmin arayışlar iddiaçı tərəfindən həmin ərazidə fərdi yaşayış evinin öz vəsaiti hesabına tikilməsi, bununla bağlı xərc çəkməsi, ona məxsus fərdi yaşayış evinin mövcudluğunu, həmin evdə yaşaması və məskunlaşmasını, cavabdeh tərəfindən həmin evin sökülməsini, bununla da ona maddi ziyan vurulması halını təsdiq etmir. Həmin arayışlar şəxsin hansı ünvanda qeydiyyatda olması və ya yaşaması (məskunlaşması) ilə bağlı halları təsdiq edir ki, həmin hallar isə özlüyündə iddia tələbinin əsası kimi istinad olunan qeyd olunan hallarla əlaqəli şəkildə mövcud olmamaqla, həmin halalrı təsdiq edən sübut kimi çıxış etməmişdir. İddiaçı tərəfindən isə həmin hallarla bağlı məhkəməyə heç bir mötəbər sübut (kommunal xərclərin ödənilməsi ilə bağlı və s.) təqdim edilməmişdir, halbuki həmin halları sübutetmək vəzifəsi məhz iddiaçıya aid olmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər mübahisə predmeti olan ünvanda yerləşən fərdi yaşayış evi ilə bağlı deyil, başqa ünvanda yerləşən fərdi yaşayış evinə aid olmuşdur. Bu baxımından həmin sənədlər əsasında da iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubun məzmunundan görünür ki, 2009-cu il tarixindən iddiaçının Abşeron rayonu ərazisində qeydiyyatsız məskunalşdığını, iddiaçının adının 2022-ci il tarixədək Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi dalan 7, ev 5 ünvanında qeyd olunduğu, daha sonra ünvan 1 ünvanında məcburi kpçkün kimi qeydiyyata düşdüyü, hal-hazırda orada məskunlaşdığı qeyd olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Kəlbəcər Rayonu İcra Hakimiyyəti Başçısının Bağlıpəyə Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndələyinin 04 aprel 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçı 2005-ci ildən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi ev 25-də məskunlaşıb, yaşayır. Göründüyü kimi məhkəmə araşdırması zamanı təqdim olunan həmin sənədlər də özlüyündə iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları təkzib edir. Başqa sözlə, qeyd olunan sənədlər əsasında da iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, hazırki iş üzrə iddiaçının iddia tələbinin qanuni əsası kimi çıxış edən Mülki Məcəllənin 1096-cı maddəsində nəzərədə tutulmuş normanın dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, apellyasiya baxışının predmeti olan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddiaçının məcburi köçkün olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən azad olması halının Azərbaycan Resublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbi baxımından nəzərə alınması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-271/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-820/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-820/2023
05.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver