Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2211/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)- 2986/2015 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X3 üçün təyin edilmiş aliment miqdarının dəyişdirilərək 108 manatdan xx.xx.2023-cü il tarixindən etibarən artırılaraq hər ay 220 manata çatdırılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. O, 2011-ci ildə Cavabdeh ilə ailə münasibətlərinə daxil olmuşdur. Ailə münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri gərginləşməyə, soyuqluq yaranmağa başlamış, ailədə hər gün söz söhbət yaranmışdır. Bir ailə kimi yaşamaqları qeyri mümkün idi. Bu səbəbdən xx.xx.2013-cü il təvəllüdlü X3 üçün aliment tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuş və nəticədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-2986/2015 saylı qətnaməsi ilə sabit pul məbləğində 108 manat aliment təyin edilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın tələbatının ödənilməsinə yetmir, həmçinin xüsusi olaraq qeyd edir ki, respublikada bütün məhsullara (komunal xidmətlər, yol nəqliyyatı xərcləri, dərman preparatları, qida məhsulları) tətbiq edilmiş qiymət artımı övladının saxlanılmasını daha da çətinləşdirmişdir. Belə olan halda isə o, övladı ilə çıxılmaz vəziyyətdə qalır, onun gündəlik tələbatını tam ödəyə bilmir. Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirərək qeyd etdi ki, onlar arasında rəsmi nikah olmamışdır. Hazırda işsizdir və aliment borcu da mövcuddur. Bu səbəbdən alimentin artırılmasına razı deyildir.
İş materialları
5. Suraxanı Rayon Məhkəməsinin 2(010)-2986/2015 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 108 manat alimentin və xx.xx.2013-cü il təvəllüdlü X2 3 yaşı tamam olana qədər hər ay 50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
6. xx.xx.2023-cü il tarixli, Bakı 8 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, hazırkı mübahisə ilə bağlı tərəflər arasında mediasiya prosesi baş tutmamışdır.
İşin faktiki halları
7. Tərəflər arasında rəsmi nikahın olmaması, aralarındakı faktiki münasibətlərindən bir uşaqlarının olması, daha sonra məhkəmə qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay cavabdehdən 108 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olanadək hər ay 50 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hallar işin faktiki hallarıdır. Tərəflər arasında mübahisə obyektini tələb edilən alimentin məbləği təşkil edir. İddiaçı tərəf hesab edir ki, cavabdehdən azyaşlının saxlanılmasına görə tutulan alimentin miqdarı artırılmalıdır. İddiaçı bu tələbində ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu qiymətlərinə əsaslanır. Cavabdeh etirazında ona əsaslanır ki, onun maddi imkanı hazırda aliment ödəməyə kifayət etmir. Belə ki, o hazırda işsizdir və hər hansı bir sosial ödəniş almır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsi
Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
10. Uşaq Hüquqları haqqında Qanun
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə
6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında...
13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Məhkəmənin mövqeyi
14. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
15. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 manat məbləğində tutulması hissəsində tam əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı halda tərəfin maddi və ailə vəziyyətini, yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə dair iddiaçının tələbi təmin edilməli, məhkəmənin qərarına əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu xüsusda cavabdehin etirazını məhkəmə əsaslı hesab etmir. Belə ki, uşaqlarını saxlamaq valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunacaq aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət etməlidir.
16. Məhkəmə hesab edir ki, iddia tələbi artırılmış aliment miqdarının xx.xx.2023-cü ildən etibarən hesablanması hissəsində əsassızdır. Belə ki, AR MPM-nin yuxarıda qeyd olunan maddələrinin tələbindən də göründüyü kimi, alimentin artırılması tələbi üzrə qətnamənin icraya yönəldilməsi ilə bağlı ümumi qaydadan istisna nəzərdə tutulmamışdır. Alimentin artırılması barədə iddia tələbi üzrə qətnamənin icrası o, qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
Məhkəmə xərcləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2986/2015 saylı qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tarverdı̇ yeva Nərgı̇ z Qurban qızına ödənilsin. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Təyin edilmiş aliment məbləği qətnamənin qanuni qüvvə aldığı vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.