Məhkəmə qərarları › İş №2(010)-2244/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2244/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2244/2021 27.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 4440.14 (dörd min dörd yüz qırx manat on dörd qəpik) manat əsas, 1148.55 (bir min üç yüz qırx səkkiz manat əlli beş pəpik) manat faiz, 0 (sıfır) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 984 ( doqquz yüz səksən dörd) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulmasını, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına bilərzik 583 əyyar - 1 ədəd, bilərzik "balıq" 583 əyyar - 1 ədəd, boyunbağı 583 əyyar - 1 ədəd, bilərzik 583 əyyar - 1 ədəd, kişi üzüyü 1 ədəd, qadın üzüyü - 3 ədəd, boyunbağı 583 əyyar - 1 ədəd, sırğa 583 əyyar - 1 cüt yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin ondan tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bankın Səbail rayon filialı ilə cavabdeh arasında bağlanmış 14 may 2010-cu il tarixli 02 nömrəli kredit müqaviləsinə əsasən ev təmiri məqsədilə cavabdehə 12 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. Bundan əlavə 03 iyun 2011-ci il tarixli 01 saylı 14.05.2010-cu il tarixli 02 saylı kredit müqaviləsinə əlavəyə əsasən kredit müqaviləsinin müddəti 03.06.2012-ci il tarixədək uzadılmışdır. Kredit müqaviləsinin təminatı olaraq cavabdehə məxsus olan qızıl-zinət əşyaları (bilərzik 583 əyyar - 1 ədəd, bilərzik "balıq" 583 əyyar - 1 ədəd, boyunbağı 583 əyyar - 1 ədəd, bilərzik 583 əyyar - 1 ədəd, kişi üzüyü 1 ədəd, qadın üzüyü - 3 ədəd, boyunbağı 583 əyyar - 1 ədəd, sırğa 583 əyyar - 1 cüt) girova qoyulması məqsədilə 14.05.2010-cu il tarixli girov müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış Girov müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi qızılzinət əşyaları çıxış edir. Cavabdehin kredit üzrə borcu cəmi 4440.14 manat təşkil edir. Bundan 2307.59 manat əsas borc, 1148.55 manat faiz borcu, 0 maant cərimə borcu, kredit müqaviləsi bitdikdən sonra AR konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 984 manat faiz borcu təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 14.05.2010-cu il tarixli, 2 № li kredit müqaviləsinə əsasən Borc alana illik 25 % olmaqla 12 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03.06.2011-ci il tarixli 01 № li kredit müqaviləsinə əlavədən görünür ki, borcalan Cavabdeh 2308 manat həcmində kredit qalığının ödənilmə vaxtı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla 03.06.2012-ci il tarixə qədər uzadılır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanan 14 may 2010cu il tarixli girov müqaviləsindən görünür ki, Bankla Cavabdeh arasında bağlanmış 14.05.2010-cu il tarixli, 2 № li kredit müqavilə girovla təmin edilmiş, girov predmeti qızılzinət əşyaları olmuş, girov predmetinin dəyəri 2150 manat həcmində müəyyən edilmişdir. 14 may 2010-cu il tarixli, 02 saylı kredit müqaviləsinə əlavə olan girov qoyulan əmlakın və qiymətli əşyaların siyahısından görünür ki, girov sahibi Cavabdeh tərəfindən girov qoyulan əşyalar bilərzik 583 0 1 ədəd 290 AZN, Bilərzik “Balıq” 5830 1 ədəd 270 AZN, Boyunbağı 5830 1 ədəd 240 AZN, Bilərzik 5830 1 ədəd 220 AZN, Kişi üzüyü 1 ədəd 260 AZN, Qadın üzüyü 3 ədəd, 1 ədədinin qiyməti 90 AZN olmaqla, ümumilikdə 270 AZN,Boyunbağı 5830 1 ədəd 390 AZN, sırğa 1 cüt 210 AZN, cəmi 2150 AZN təşkil etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 14.05.2010-cu il tarixli, 2 № li kredit müqaviləsinə əsasən 03.11.2020-ci il tarixinə kredit borcu əsas borc üzrə 2307 manat, müqavilə müddəti üçün hesablanmış və tələb edilən faizlər 1148 manat, 0 manat cərimə, müqavilə müddəti bitdikdən sonra əsas borca 5 faiz hesablanmış 984 manat, cəmi 4440 manat, 14 qəpik təşkil etmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 23.09.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Tərəflər arasında imzalanmış kredit müqaviləsi girov predmeti ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh Ləğv prosesində olan İddiaçı ASC-nə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də, məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 2307 manat əsas, 1148 manat faiz borcunun tutulmasını əsaslı sayır. Məhkəmə həmçinin hesab edir ki, kredit müqaviləsi üzrə 03.06.2012-ci il tarixdən 03.11.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 984 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3,399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını-yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Bundan başqa, sözügedən kredit müqaviləsinin təminatı kimi girov predmeti olaraq cavabdeh tərəfindən təqdim eidlmiş qızıl-zinət əşyaları çıxış edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 276.1-ci maddəsinə görə ipoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Həmin Məcəllənin 279-cu maddəsinə görə əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 280-cı maddəsinə görə girov müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, tərəflər arsında maddi hüquq normaları baxımından etibarlı girov müqaviləsi bağlanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbinin tutmanın girov premeti olan qızıl-zinət əşyalarına yönəldilməsi hissəsi əsaslıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2307,59 manat əsas, 1148,55 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış 984 manat faiz borcu olmaqla, cəmi 4440,14 (dörd min dörd yüz qırx manat on dörd qəpik) manat məbləğində kredit borcu və məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Tutma girov predmeti olan qızıl-zinət əşyalarına - bilərzik 583 əyyar - 1 ədəd, bilərzik "balıq" 583 əyyar - 1 ədəd, boyunbağı 583 əyyar - 1 ədəd, bilərzik 583 əyyar - 1 ədəd, kişi üzüyü 1 ədəd, qadın üzüyü - 3 ədəd, boyunbağı 583 əyyar - 1 ədəd, sırğa 583 əyyar - 1 cüt yönəldilməklə həmin qızıl-zinət əşyaları hərrac yolu ilə satılsın. Satışdan əldə olunan vəsait kredit borcunun ödənilməsinə yönəldilsin. Girov premdetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalıq borc məbləği sonuncudan tutularaq iddiaçı ləğv prosesində olan "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar