Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-2253/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin hakimi Miriyeva Səlimə Miri qızı, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-3871/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən mülki prosessual qanunvericiliyin aşağıda göstərilən tələblərinə əməl edilmədiyindən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumata əsasən həm İddiaçı, həm də Cavabdeh Füzuli rayonunda qeydiyyatdadırlar. Buna baxmayaraq, iddiaçı iddia ərizəsində faktiki ünvanının Bakı şəhəri Suraxanı rayonunda olmasına istinad edərək hazırkı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə isə hesab edir ki, iddiaçının faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onun hazırkı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Göründüyü kimi qanunla bəzi kateqoriyadan olan iddiaların iddiaçının seçiminə əsasən öz yaşadığı yerə görə verilməsi imkanı nəzərdə tutulmuşdur. Bununla belə qanunda iddiaçının məhz “yaşadığı yer” anlayışından istifadə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi... Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Hazırkı iş üzrə İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan onun yaşayış yeri şəxsiyyət vəsiqəsi məlumatları əsasında Füzuli rayonu hesab olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında yurisdiksiyası Füzuli rayonu olan məhkəmə - Füzuli Rayon Məhkəməsi fəaliyyət göstərir və rəsmi olaraq Füzuli rayonunda qeydiyyata alınmış tərəflərin işlərinə də həmin məhkəmə baxmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, Füzuli rayonundan məcburi köçkün olan və rəsmi olaraq Füzuli rayonunda qeydiyyatda olan iddiaçının faktiki olaraq Suraxanı rayonu ərazisində yaşaması onun iddiaçı olduğu alimentin artırılması tələbinə dair işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalı olduğunu mənasına gəlmir. Digər tərəfdən Cavabdeh da Füzuli rayonunda qeydiyyatda olduğundan işə ümumi aidiyyət qaydasında da Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Belə olan halda hazırkı iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilmədən məhkəməyə təqdim edilmiş kimi qəbul edilməli, ərizə və ona əlavə ediilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-2253/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-2253/2023
20.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver