Məhkəmə qərarları › İş №2(010)-230/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-230/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-230/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 29568,75 manat əsas, 2474,02 manat faiz olmaqla, cəmi 32042,77 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan, ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində yerləşən, 15 saylı evin 2 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakın satışdan əladə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və yaşayan Cavabdeh mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılması və rəsmi pasport qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07.02.2020-ci il tarixli, BİR/BF-73-2020 nömrəli kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 18%-lə 48 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, A.Rzayev küçəsində yerləşən, 15 saylı evin 2 saylı mənzili G/İ/BİR/BF-73-2020 nömrəli, 07.02.2020-ci il tarixli ipoteka müqaviləsi ilə Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. Lakin cavabdeh (borcalan) müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödənilməli olan kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 29568,75 manat əsas, 2474,02 manat faiz olmaqla, cəmi 32042,77 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli,BİR/BF-73-2020 nömrəli kredit müqaviləsindən görünür ki, Borc alana 48 ay müddətinə 18 faizlə 30000 (otuz min) manat məbləğində kredit verilməsini öhdəsinə götürür. Borc alan bu müqaviləyə əsasən kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. 07.02.2020-ci il tarixli, BİR/BF-73-2020 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindən görünür ki, ödənişlərin 07.03.2020 – 07.02.2024-cü il tarixləri arasında hər ay 881.25 (sonuncu ay 881.28) manat məbləğində olmaqla ödənilməsi təsdiq edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış G/İ/BİR/BF-73- 2020 nömrəli, 07.02.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, bağlanmış müqavilə üzrə öhdəliyin icrasını təmin etmək məqsədilə xüsusi mülkiyyət hüququ ilə İpotekaqoyana məxsus olan əmlak ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti olan əmlak: Bakı şəhəri, ünvan 1. 21.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 29568,75 manat əsas borc, 2474,02 manat faiz borcu, cəmi 32042,77 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış kredit borcunun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsinə dair bildirişin surətindən görünür ki, borcun ödənilməyəcəyi təqdirdə ipoteka predmetinə tutma yönəldiləcəyi barədə borcalana xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 09.08.2021-ci il tarixli mənzilin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 55000, likvid dəyəri 50000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15.07.2021-ci il tarixli, 9/1649 saylı rəydən görünür ki, Cavabdeh İddiaçı ASC-yə olan borcu 21.07.2020-ci il tarixinə(maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 29568,75 manat; faiz borcu üzrə 1963,431 manat müəyyən edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC tərəfindən Cavabdeh 07.02.2020-ci il tarixli, BİR/BF-73-2020 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı Bank tərəfindən cavabdehə illik 18%-lə 48 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC tərəfindən Cavabdeh arasında G/İ/BİR/BF-73-2020 nömrəli, 07.02.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmiş, yüklülük dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəliyinə əməl etməyərək iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsində Cavabdeh qeyd olunan kredit müqaviləsi üzrə borcu yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlərə kredit müqaviləsi üzrə götürülən öhdəliklərin yerinə yetirilib-yetirilməməsi baxımından hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarıçıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda öhdəliyi lazımınca icra etməmiş, nəticədə 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 29568.75 manat əsas borcu yaranmışdır ki, iddiaçı haqlı olaraq bu borcun tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Üstəlik, əsas borcun məbləği müvafiq ekspert rəyi ilə də eynilik təşkil etdiyindən məhkəmə iddiaçı tərəfindən cavabdehdən tələb edilən əsas borcun məbləği ilə razılaşır. Lakin tələb edilən faiz məbləği ilə məhkəmə qismən razılaşmır. Belə ki, iddiaçı tərəfindən cavabdehdən 2474.02 manat məbləğində faiz borcu tələb edilsə də keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası nəticəsində müəyyən edilmişdir ki, cavabdehin iddiaçı Banka 1963.43 manat faiz borcu vardır. Məhkəmə müvafiq rəyin tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri, iddiaçı Bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və digər sənədlər əsasında, mühasibat ekspert tərəfindən tərtib edilmiş olduğunu və rəyin əsaslılığını şübhə altına alan heç bir hal olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq faiz borcu ekspert rəyinə uyğun olaraq – 1963.43 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyini icra etməyən Cavabdeh 29568.75 manat məbləğində əsas borc, 1963.43 manat məbləğində faiz borcu olmaqla, cəmi 31532.18 (otuz bir min beş yüz otuz iki manat on səkkiz qəpik) məbləğində pul İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eləcə də tutma ipoteka predmeti olan əmlaka yönəldilməlidir. Həmçinin, ipoteka predmeti olan mənzil ilkin satış qiyməti müəyyən edilməklə həmin qiymətlə açıq hərracdan satılmalı və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, ödənilməyən hissə cavabdehdən ümumi qaydada tutulmalı, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi (əgər qalarsa) cavabdehə qaytarılmalıdır. Belə ki, Mülki Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Bu Məcəllənin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Mülki Məcəllənin 317.1-ci mаddəsinə əsаsən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni zamanda, nəzərə alınmalıdır ki, tərəflər arasında ipoteka müqaviləsi 2013-cü ildə bağlanmışdır və Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Hazırkı işdən görünür ki, kredit müqaviləsində müəyyən edilmiş öhdəliklərin icra edilməsi müddətləri cavabdeh tərəfindən pozulduğundan, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, iddiaçının tələbin ipoteka predmetinə yönəltmək hüququ yaranmışdır. İpoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş qiymətləndirmə nəticəsində ipoteka predmeti olan mənzilin həm bazar, həm də likvid qiyməti müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadında ipoteka predmetinin ilkin satış qiymətininin müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə tövsiyə edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti əmlakın likvid qiymətinə uyğun olaraq 50000 (əlli min) manat məbləğində müəyyən edilməlidir. İpoteka predmeti olan əmlak satıldıqdan bir ay sonra cavabdehin mənzildən çıxarılması və cavabdehin buradan istifadə hüququna xitam verilməsi hissəsində məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Hazırkı iş üzrə ipoteka kreditin qaytarılması üçün qoyulmuş olduğundan iddiaçı Bank ipoteka predmeti olan mənzil açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehin mənzildən çıxarılmasını və cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia bu hissədə təmin edilməlidir. Lakin cavabdehin rəsmi pasport qeydiyyatının ləğv edilməsi tələbinə münasibətdə qeyd edilməlidir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu qətnamə üzrə verilmiş icra sənədi cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərclərinin bölünməsi ilə qeyd edilməlidir ki, iş materiallarında olan qəbzdən görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu, eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 30 manat rüsum ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh iddiaçı Bankın xeyrinə tutulmalıdır. Həmçinin, iş materiallarından görünür ki, iş üzrə təyin edilmiş qiymətləndirmənin dəyəri 300 manat (iddiaçı tərəfindən ödənilmişdir), mühasibatlıq ekspertizasının dəyəri isə 145 manatdır. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə uyğun olaraq bu xərclər cavabdehdən tutularaq müvafiq olaraq iddiaçıya və ekspertizanı həyata keçirən orqana ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 29568.75 manat məbləğində əsas borc və 1963.43 manat məbləğində faiz borcu olmaqla, cəmi 31532.18 manat (otuz bir min beş yüz otuz iki manat on səkkiz qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılmalı, satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılmalı, mənzil satıldıqdan sonra cavabeh Cavabdeh mənzildən istifadə hüququna xitam verilməli və o, bir ay ərzində mənzildən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış qiymətləndirmə xərci olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 29568.75 manat məbləğində əsas borc və 1963.43 manat məbləğində faiz borcu olmaqla, cəmi 31532.18 manat (otuz bir min beş yüz otuz iki manat on səkkiz qəpik) məbləğində borc, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsum və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilsin. Mənzilin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməklə həmin qiymətlə açıq hərracda satılsın. Satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissəsi ümumi qaydada icra edilsin. Borc tam ödənildikdən sonra məbləğin qalan hissəsi cavabdehə qaytarılsın. Mənzil satıldıqdan sonra cavabeh Cavabdeh mənzildən istifadə hüququna xitam verilsin və cavabdeh bir ay ərzində mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış qiymətləndirmə xərci olan 300 (üç yüz) manat məbləğində pul Cavabdeh tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (yüz qırx beş) manat məbləğində pul Cavabdeh tutulаrаq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar