Məhkəmə qərarları › İş №2(010)-2311/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2311/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2311/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə 2528 manat əsas borcun, 414.62 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Fiziki şəxs “xxxxxxxxx MMC” ilə Cavabdeh arasında bağlanmış Nisyə Alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2858 manat dəyərində nisyə aldığı malın 300 manatını ilkin olaraq ödəmiş, qalan 2528 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. “xxxxxxxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxx MMC” arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən fiziki şəxs “xxxxxxxxx MMC”-nin Cavabdeh qarşı olan 2528 manat məbləğindəki tələb hüququ “xxxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxxxxxxxxxxxx” MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh ilə «xxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən və müqaviləyə 1 saylı əlavədən görünür ki, «xxxxxxxxx» MMC Cavabdeh müqaviləyə əsasən 12 ay müddətinə ilkin ödəniş 300 manat olmaqla, qiyməti 2828 manat olan mobil telefon və məişət avadanlığı satmış, Cavabdeh isə onu qəbul edib, avadanlığın qiymətini«xxxxxxxxx» MMCnə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli R-113/19 saylı faktorinq müqaviləsinin surətindən müəyyən olunur ki, «xxxxxxxxx» MMC ilə «xxxxxxxxxxxxxx» MMC arasında faktorinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən faktor borclu barəsində müştərinin borcluya mallarının satılmasından irəli gələn pul tələbinin hesabına müştəriyə pul vəsaiti verir, müştəri isə borcluya qarşı pul tələbini faktora güzəşt edir. İş materiallarına əlavə edilmiş bildirişdən müəyyən olunur ki, «xxxxxxxxx» MMC-nin Cavabdeh ilə bağladığı WS000105 saylı, xx.xx.2019-cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Cavabdeh həmin bildirişi almasını imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxxxxx» MMC-nin maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli WS000105 saylı alqı-satqı müqaviləsi üzrə Cavabdeh 2528 manat əsas borc, 414.62 manat cərimə borcu, cəmi 2942.62 manat borcu vardır. İş materiallarına əlavə edilmiş Təhvil-Təslim AKTİ-dan görünür ki, Cavabdeh məişət mobil telefonu və məişət avadanlığını «xxxxxxxxx» MMC-dən təhvil almışdır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, «xxxxxxxxx» MMC ünvan 1 mənzil 44 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, «xxxxxxxxxxxxxx» MMCCavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinin tələbinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 194.1.-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2.-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh «xxxxxxxxx» MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli WS000105 saylı alqı-satqı müqaviləsinə əsasən mobil telefon və məişət avadanlığı almış və nəticədə 2528 manat borc yaranmışdır. «xxxxxxxxx» MMC həmin əşyaları alıcıya təhvil vermiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. «xxxxxxxxx» MMC-nin Cavabdeh ilə bağladığı WS000105 saylı, xx.xx.2019cu il tarixli Nisyə Alqı-Satqı Müqaviləsindən irəli gələn pul tələbinin hamısı İddiaçı MMC-yə güzəşt edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh müqavilə üzrə 2528 manat əsas borc və 30.40 manat dövlət rüsumu «xxxxxxxxxxxxxx» MMC-nin xeyrinə tutulmalıdır. Lakin, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Bu Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. “xxxxxxxxxxxxxx” MMC-nin iddiasının414.62 manat məbləğində dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılmalı və cavabdehdən dəbbə pulu olaraq müqavilə üzrə 100 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli WS000105 saylı alqı-satqı müqaviləsiüzrə 2528 manat əsas borc, 100 manat cərimə borcu, 30,40 manat dövlət rüsumu və bank xidmət haqqı tutularaq “xxxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli WS000105 saylı alqı-satqı müqaviləsiüzrə 2528 manat əsas borc, 100 manat cərimə borcu, cəmi 2628 (iki min altı yüz iyirmi səkkiz) manat və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxxxxx” MMCyə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar