Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2340/2025 07.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi kimi 810 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus olan “Changan” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə şəhərdən Mərdəkan istiqamətində hərəkətdə olarkən arxadan gələn “Hyundai Accent” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ara məsafəsi saxlamamış və onun avtomobilini vurmuşdur. Cavabdehin özünün etirafına görə maşın sürərkən siqaret çəkirmiş və siqaretin külünü şalvarından silərkən onun avtomobilini vurmuşdur. Öz avtomobilindən istifadə edərkən maşını sığortalanmadığı üçün, onun avtomobilinə dəymiş zərəri ödəmək yalnız cavabdehin boynuna düşdüyü üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onun avtomobili “Changan Azərbaycan Avtomobil Evi”ndən alınıb və orada servis qarantiyası olduğu üçün həmin servisdə maşına texniki baxış keçirilib və təmir aktı tərtib edilib.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, baş yol vermiş yol nəqliyyat hadisəsində cavabdehin təqsiri sübuta yetirilmişdir. Lakin cavabdeh vurduğu zərəri ödəməkdən yayınır. Hadisə baş verdiyi vaxt cavabdehin avtomobili sığortasız olduğuna görə sığorta dəymiş zərəri qarşılamamışdır. Avtomobil yeni – iki ildir istismarda olan avtomobil olmuşdur. Baş verən hadisə də avtomobilin beş illik qarantiya müddəti ərzində baş vermişdir. Bu səbəbdən o, məcburdur ki, avtomobili məhz “Changan”ın rəsmi servisində - Azərbaycan Avtomobil Evində təmir etdirsin. Çünki əgər təmir kənar yerdə baş tutsa, qarantiya pozulacaqdır. Bunu cavabdeh özü də bilir. Buna baxmayaraq, avtomobilə dəymiş zərəri ödəməkdən yayınır. Halbuki cavabdehin təqsirindən ona dəymiş zərər yalnız təmir aktında göstərilən 810 manatdan ibarət deyil. Belə ki, o, baş vermiş hadisə ilə əlaqədar dəfələrlə polis şöbəsinə, daha sonra cavabdehin ünvanını yanlış verməsi səbəbindən əvvəlcə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə, hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, bu ünvanlara gedib-gəlmək üçün müəyyən xərci çıxmışdır. Bu xərclər də hesablansa, cavabdehin ona vurduğu ziyan 1000 manata gəlib çıxır. Buna baxmayaraq, o, cavabdehdən yalnız təmir aktında təsbit edilmiş zərər məbləğini tələb edir. Nəzərə alınmalıdır ki, avtomobil 60000 manat qiyməti olan yeni avtomobildir və belə bir avtomobilə arxa bufer qoyulması və digər təmir işlərinin görülməsi 100-200 manat ola bilməz. Çünki avtomobilin bütün ehtiyat hissələri onun Azərbaycandakı rəsmi distribütoru tərəfindən ölkə xaricindən sifariş əsasında gətirilir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
5. xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 15:50-də Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində “Hyundai Accent” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş və barəsində 50 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır.
6. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh tərəfindən Bakı şəhəri Xəzər rayon Polis İdarəsi Dövlət X5 verilmiş izahatın məzmunundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:50 radələrində etibarnamə ilə idarə etdiyi **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə şəhərdən Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən ondan qabaqda gedən “Changan” markalı, **- HQ-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü sürəti azaltmış, o isə həmin avtomobili arxa hissədən vurmuşdur.
7. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2022-ci il olan, “Changan CS86” minik markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydə alınmışdır.
8. AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2017-ci il olan, “Hyundai Accent” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə X2 adına qeydə alınmışdır.
9. Azərbaycan Avtomobi Evi (Changan Servis) tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Changan CS85” minik markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 810 manat (ehtiyat hissələr 690 manat+ təmir-bərpa işləri 120 manat olmaqla) məbləğindədir.
İşin faktiki halları.
10. xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Hyundai Accent” markalı, ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı idarə etdiyi “Changan” markalı, ** HQ *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur.
11. Yol nəqliyyat hadisəsinin baş verməsinə Cavabdeh idarə etdiyi avtomobillə ara məsafəsi qaydalarını pozmasının səbəb olduğu inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Həmin qərarla Cavabdeh həm ara məsafəsi qaydalarının pozulmasında, həm də qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsinin sahibi tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasında, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, 50 manat məbləğində inzibati cərimə olunmuşdur.
12. Azərbaycan Avtomobi Evi (Changan Servis) tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli qüsur aktında əsasən, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Changan” markalı, **-HQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 810 manat məbləğində qiymətləndirilmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından görünür ki, Cavabdeh təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “Changan” markalı, ** HQ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Belə ki, bu hal həm Cavabdeh məhz ara məsafəsi qaydalarının pozulmasına dair inzibati xətanın törədilməsində təqsirli bilinməsi, həm də baş vermiş hadisə ilə əlaqədar hər iki tərəfin aidiyyəti orqana verdiyi izahatlarla təsdiq edilir. Hansı ki, Cavabdeh izahatında hadisə vaxtı ondan qabaqda gedən “Changan” markalı, ** HQ *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurduğunu bildirmişdir.
16. Göründüyü kimi, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl (avtomobil idarə edərkən iddiaçının idarə etdiyi avtomobillə arasında olan ara məsafəsi qaydalarını pozması) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir.
17. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 17.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 17.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 17.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 17.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
18. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarı).
19. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, cavabdeh öz təqsirli hərəkətləri ilə iddiaçıya məxsus avtomobilə vurduğu zərəri tam həcmdə ödəməlidir. Ödənilməli olan zərərin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında həmin avtomobil markasının servisi tərəfindən hadisədən dörd gün sonra tərtib edilmiş təmir aktı mövcuddur. Bu aktdan görünür ki, hadisə nəticəsində avtomobilə dəymiş zərərin məbləği 690 manat ehtiyat hissələr, 120 manat isə görüləcək təmir-bərpa işləri xərci olmaqla, 810 manat məbləğindədir. Məhkəmə müvafiq təmir aktının avtomobilin rəsmi servisi tərəfindən verildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə iddiaçının avtomobilinə vurduğu zərər elə həmin təmir aktına uyğun olaraq 810 manat məbləğində müəyyən edilməli, dəymiş zərər cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlir.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
21. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 810 manat məbləğində dəymiş zərər və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 810 (səkkiz yüz on) manat məbləğində dəymiş zərər və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva