Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2341/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi və tələbin əsaslandırıldığı hallar İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş 18054 manat məbləğində maddi ziyanın və ödənilmiş 145 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cəmiyyətin sahibliyində olan “X3 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli etibarnamə əsasında cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədərək avtomobilə maddi ziyan vurmuşdur. Yol Patrul Xidmətinin İXP ******* nömrəli protokoluna əsasən, cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, avtomobilə ümumilikdə 18054 manat məbləğində ziyan dəymişdir. Dəfələrlə cavabdehə dəymiş ziyan məbləğinin ödənilməsinə dair xəbərdarlıq edilsə də, hazırkı tarixə kimi heç bir ödəniş etməmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar AR DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AD N seriyalı, 358165 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, buraxılış ili 2016-cı il olan, “X4 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına qeydə alınmışdır. xx.xx.2022-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, "xxxx" QSC (əvvəlki hüquqi adı "xxxx" QSC) iddiaçı ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, LM3xx/xx-2018-02 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 01 ədəd “X4 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixinədək iddiaçının səlahiyyətləndirdiyi şəxslər tərəfindən Azərbaycan Respublikasının hüdudlarında idarə edilməsini iddiaçıya etibar etmişdir. xx.xx.2022-ci il tarixli etibarnamədən müəyyən olunur ki, iddiaçının sahibliyində olan “X4 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2022-ci il tarixinədək cavabdehə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli etibarnamədən müəyyən olunur ki, iddiaçının sahibliyində olan “X4 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2023-cü il tarixinədək cavabdehə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 19:15-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “X4 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından müəyyən olunur ki, “X4 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği (ehtiyat hissələri + işçilik) 18054 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 405/E nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanuni sahibliyində olan “X4 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği usta xərci ilə birlikdə 15300 manat məbləğində qiymətləndirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur: 43) yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Maddə 36. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları. İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər... 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). İş materiallarının araşdırılması zamanı müəyyən olunur ki, “X4 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının sahibliyində olmaqla, həmin nəqliyyat vasitəsini idarə etmək hüququ hər dəfə 1 ay müddətinə, sonuncu dəfə xx.xx.2023-cü il tarixinədək cavabdehə etibar edilmişdir. Cavabdeh etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə, saat 19:15-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “X4 SX” markalı, **-JS- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. İddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsini idarə edərkən cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsinin törədilməsi (hüquqa zidd əməlin törədilməsi, hüquq qaydasının pozulması halı), həmin əməlin məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsində meydana gəlməsi (hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsan olması), iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində zərər vurulması (hüquqa zidd əməl nəticəsində qanunla qorunan obyektə, dəyərə zərər vurulması), cavabdeh tərəfindən törədilən yolnəqliyyat hadisəsi ilə iddiaçıya vurulmuş zərər arasında səbəbli əlaqənin olması (zərərin məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlməsi) təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunun isə iş üzrə sübuta yetirilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilməsi nəticəsində müəyyən edilmişdir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün qanunla müəyyən edilmiş şərtlər eyni vaxtda mövcud olduğu üçün vurulmuş zərərin (real zərər) əvəzi cavabdeh tərəfindən kompensasiya edilməklə, iddiaçının pozulmuş hüquqlarının bərpasına real şərait yaradılmalıdır. Yol-nəqliyyat hadisəsinin baş verməsi, bu hadisə nəticəsində iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə zərər vurulması, zərərin məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsində meydana gəlməsi və zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması cavabdeh tərəfindən mübahisə edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iş materialları "xxxx" MMC-yə göndərilmiş və iş üzrə yazılı mütəxəssis məsləhətinin verilməsi vəzifəsi müstəqil qiymətləndirici – mütəxəssisə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 405/E nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanuni sahibliyində olan “X4 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği usta xərci ilə birlikdə 15300 manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda nəqliyyat vasitəsinin fərdi xüsusiyyətləri (markası, modeli, buraxılış ili və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən nəqliyyat vasitəsinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən vurulmuş zərərin həcmi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yazılı mütəxəssis rəyində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, təqdim edilmiş sübutların hər birini aidlik, mötəbərlik və mümkünlük nöqteyi-nəzərindən, bütün sübutların məcmusunu isə iş üzrə sübuta edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) ümumilikdə 15300 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi zamanı 145 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (15300 manat) mütənasib olan 135.9 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Bundan əlavə, təqdim edilmiş yazılı mütəxəssis məsləhətinə əlavə edilən xərclərə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmə xərci 300 manat məbləğində müəyyən edilmişdir. Odur ki, yazılı mütəxəssis məsləhətinin alınması üçün çəkilmiş 300 manat məbləğində xərc cavabdehdən tutularaq qiymətləndirməni həyata keçirən hüquqi şəxsin hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən vurulmuş zərərin əvəzi kimi 15300 manat və ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 135.9 manat məbləği tutularaq iddiaçıya, yazılı mütəxəssis məsləhətinin alınması üçün çəkilmiş 300 manat məbləğində qiymətləndirmə xərci qiymətləndirməni həyata keçirən hüquqi şəxsin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15300 (on beş min üç yüz) manat məbləğində pul vəsaiti və 135.9 (yüz otuz beş manat doxsan qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Yazılı mütəxəssis məsləhətinin alınması üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində qiymətləndirmə xərci Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Hesab № AZ84AİİB********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-2341/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2341/2025
28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver