Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-235/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, Cavabdeh X2 iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları.
1. xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, X4 xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin bütün şərtlərini qəbul edir və ona kredit verilməsini xahiş edir.
2. İş materiallarına əlavə edilmiş sms xəbərdarlıqdan görünür ki, xx.xx.2022-ci il tarixdə xx.xx.2025-ci il tarixədək 24,5% ödəmək şərti ilə 2300 manat məbləğində kredit təklifi X4 tərəfindən təsdiq edilmişdir.
3. Hesabdan çıxarışdan görünür ki, X2 hesabına xx.xx.2022-ci il tarixdə 2300 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir.
4. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X2 əsas borca görə 1973,2 manat, faiz borcuna görə 387,34 manat və cərimə borcuna görə 33,73 manat olmaqla, cəmi 2394,27 manat borcu yaranmışdır.
5. "xxxx" KB ASC-nin X3 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 43,95 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
7. İddiaçı "xxxx" KB ASC cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə əsas borc, faiz borcu və cərimə borcunun cavabdehdən tutulması barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən "xxxx" KB ASC-nin xeyrinə 1973,2 manat əsas, 387,34 manat faiz və 33,73 manat cərimə borcu olmaqla, cəmi 2394,27 manat borcun və ödənilmiş 43,95 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 24,50% ödəmək şərti ilə 2300 manat məbləğində kredit xətti açılmışdır. Ümumi oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış ümumi oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kedit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 1973,2 manat əsas, 387,34 manat faiz və 33,73 manat cərimə borcu olmaqla, cəmi 2394,27 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdeh X3 qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
Tərəflərin izahatları.
10. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakları olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh X4 iddia tələbini qəbul edərək izahatında qeyd etdi ki, əvvəl bankdan kredit götürdükdən sonra krediti hissə-hissə ödəsə də, sonradan işdən çıxdığına görə ödəyə bilməmişdir və banka borcu yaranmışdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
15. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.
16. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borc, ona hesablanmış faiz borcu və cərimə borcunun qaytarılmasını tələb etməkdə haqlıdır.
17. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
18. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 43,95 manat dövlət rüsumu ödəmişdir.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 43,95 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. X1 1973,2 manat əsas, 387,34 manat faiz və 33,73 manat cərimə olmaqla, cəmi 2394,27 (iki min üç yüz doxsan dörd manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 43,95 (qırx üç manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.