Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2357/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X2 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin (bundan sonra mətndə İddiaçı ASC) cavabdeh Əlı̇ yeva Xumarə Sabı̇ r qızına qarşı "borcun tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 34.028 manat məbləğində əsas kredit borcu, 3618 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu borcu, 20 manat məbləğində dövlət rusumu, ipoteka bildirişinin qeydə alınması üçün 20 manat məbləğində xidmət haqqı, və 10 manat məbləğində dövlət rüsumu, cəmi 38.196 manat tutulması, ümumilikdə hesablanmış 38.196 manat məbləğində kredit üzrə borcun ilk növbədə ilk növbədə ipotekaya qoyulmuş Gülnarə Babayevanın xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 165,2 m2 olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın hərrac qaydasında satılması, borcun ipoteka predmetinə yönəldilməsilə əlaqədar olaraq qeyri-yaşayış sahəsindən Gülnarə Babayevanın və Əmrah Babayevin ipoteka ilə yüklü edilən əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində çıxarılmaları, qeyri-yaşayış sahəsinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsini tam təmin etməzsə, qalan məbləğin Cavabdeh alınıb iddiaçı "xxxx" İKB-nin nəfinə verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin Gülnarə Babayevaya qaytarılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2011-ci il tarixli 2(103)-4880/2011 saylı qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. Azarbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2012-ci il tarixli 2(102)-1155/2012 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 26 oktyabr 2011-ci il tarixli 2(103)-4880/2011 sayl qətnaməsi dəyişdirilmədən saxlanilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh 25.200 manat məbləğində faiz borcu, 400 manat məbləğində dəbbə pulu borcu və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 25.630 manat tutularaq "xxxx" İKB-yə ödənilməsi qət edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014cü il qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 sentyabr 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7102/2015 nömrəli, 04 dekabr 2015-ci il tarixli qətnaməsi ilə hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2014cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh maddi zərər olaraq 10.460 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, cəmi 10.490 (on min dörd yüz doxsan) manat tutularaq "xxxx" X1 ödənilməsi, qalan hissədə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
8. 22763/2014-1-30-001 №-li icra işi materiallarından və "xxxx" ASC-nin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(011)-2461/2011 saylı icra sənədi, tam icra edilməsi məqsədi ilə tələb yönəldilmiş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tələbkar İddiaçı ASC tərəfindən 94350 manata alınmış və borcluya çatası 63554 manat qalıq vəsait Xəta rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB Açıq Səhmdar Cəmiyyəti (“Yelo Bank’’ ASC) tərəfindən 42000 AZN məbləğində kredit verilmişdir. 17 aprel 2012-ci il tarixindən 27 yanvar 2022-ci il tarixinədək Cavabdeh illik 5 %-lə hesablanmış 15397.52 AZN borcu vardır.
10. xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə 5 təqvim günü müddətində banka olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 136,19 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi ilə Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə 34.028 manat məbləğində əsas kredit borcu, 3618 manat məbləğində faiz borcu, 500 manat məbləğində dəbbə pulu borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitin borca çıxıldıqdan sonra, qalan vəsaitin mülkiyyətçiyə qaytarılması, həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7102/2015 nömrəli, 04 dekabr 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh 26 oktyabr 2011-ci il tarixdən iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi 13 noyabr 2013-cü il tarixədək olan müddət üzrə maddi zərər olaraq 10.460 manatın tutularaq "xxxx" İKB-na ödənilməsi işin mübahisəsiz halıdır.
İddia tələbi
13. İddiaçı "xxxx" ASC cavabdeh Əlı̇ yeva Xumarə Sabı̇ r qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 aprel 2011-ci il tarixli kredit müqaviləsi üzrə banka gecikdirilmiş vaxt üçün 17 aprel 2012-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15397.52 AZN əldən çıxmış fayda borcun və 136.19 manat ödənilmiş dövlət rüsumunun (mediasiya ödənişi) tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları
14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı 26 aprel 2010-cu il tarixli Əlavə kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 42000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilanin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında icra etməmişdir. 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 sayli Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh 26 aprel 2010cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin (İddiaçı ASC) xeyrinə ümumilikdə cəmi 38196 AZN tutulması qət edilmişdir. Qarşı tərəf 2022-ci ildə öhdəliyin olmaması ilə bağlı arayış alıb, lakin 2012-ci ildən 2022-ci ilədək 10 il müddət var. Bu müddət ərzində də əmlak balansa götürülməyib və borc ödənilməyib. Bu müddət üçün 5% mənfəət borcu yaranıb. 2015-ci il tarixli qətnamə ilə tələb edilən faizlə bu iş üzrə tələb edilən faiz məbləği eyni deyil. Həmin faiz məbləği üzrə qəbul edilən qətnamə Mərkəzi Bankın illik uçot və faiz dərəcəsinə, depozitlərə və əmanətlərə qoyulmuş faiz dərəcəsinə görə çıxarılmış qətnamə idi. 2015-ci ildə Apellyasiya Məhkəməsində həmin faiz dərəcəsi ilə əlavə hesablanmış faiz məbləği tutulub, həmin tutulan məbləğin indi tələb edilən 5% ilə heç bir əlaqəsi yoxdur, orada tətbiq olunan maddə 449.4-cü maddədir. Hazırda tələb edilən 5% isə 445.7-ci maddəyə əsasən öhdəliyin davamlı icra edilmədiyi və yerinə yetirilmədiyi üçün Konstitusiya Məhkəməsinin Plenum qərarı əsasında hesablanıb. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
15. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2010-cu ildə 1 kredit müqaviləsi bağlanılıb və həmin müqavilədən başqa kredit müqaviləsi yoxdur. Kredit müqaviləsi vaxtında ödənilməyib və borc əmlaka yönəldilib, əmlak isə 1 ildən artıq müddərdir ki, bankın balansına keçib, işə də xitam verilib. Həmçinin, eyni iddia tələbinə dair əldən çıxmış mənfəətlə bağlı Xətai Rayon Məhkəməsində təxminən 25000 manat məbləğində iddia qaldırıblar və 10460 manat məbləğində pul tutulması qət edilib. Bildirdiyi məsələ ilə bağlı bank tərəfindən 2023-cü ilin dekabr ayında Cavabdeh bank qarşısında öhdəliyinin olmamasına dair məktub verilib. Mülki Məcəllənin 262.4-cü maddəsində açıq şəkildə eyni predmet, eyni tələb əsasında məhkəməyə müraciət edilmədiyi qeyd edilib. Kredit müqaviləsinin nömrəsi göstərilib, bankın verdiyi arayışa görə Cavabdeh bu nömrəli kredit müqaviləsi üzrə banka heç bir borcu yoxdur. 180000 dəyərində olan əmlak 90000 dəyərinə bankın balansına keçib, əldən çıxmış fayda ödənilib. Bu məktubu bank verib. Bankın bu hərəkəti cinayət xarakterlidir, əmlakın dəyərindən qalan məbləği onlardan əldə etmək üçün belə tələb irəli sürülür. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarı
Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 29 mart 2023-cü il tarixli Qərarı
Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmənin mövqeyi
20. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir.
21. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi təminatlı müqavilə olmuşdur. Cavabdeh müqavilə üzrə kredit öhdəliyini ödəməyi üzərinə götürmüş, eyni zamanda mənzili ipoteka ilə yüklü etmişdir. İddiaçı hazırda 17 aprel 2012-ci il tarixdən 27 yanvar 2022-ci il tarixədək cavabdehdən icranı gecikdirməsinə görə illik 5 faizlə hesablanmış zərər məbləğini tələb edir. Qanunvericilik normalarına istinadən məhkəmə qeyd edir ki, borclu müqavilədən irəli gələn öhdəliyini müəyyənləşdirilmiş müddətdə icra etmirsə bu icranın gecikdirilməsi hesab edilir və belə olan halda, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış borc tələb edə bilər.
22. 22763/2014-1-30-001 №-li icra işi materiallarından görünür ki, məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən ipoteka qoyulmuş əmlakın təhvil verməsi birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehdən asılı olmayan haldan irəli gəlir. Belə ki, icra işi materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsi əsasında xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra işi tam olaraq icra edilmişdir. Baxılan iş üzrə cavabdehin ipoteka predmetinin satışına hər hansı maneələr yaratması işin halları ilə müəyyən olunmur. Göründüyü kimi cavabdehin pul öhdəliklərinin həyata keçirilməsi ilə əlaqədar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 iyul 2011-ci il tarixli 2(011)-2461/2011 nömrəli qətnaməsinin gec icra edilməsi ilə bağlı təqsiri olmamışdır. Buna görə də həmin qətnamənin gec icra edilməsi nəticəsində illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında cavabdeh məsuliyyət daşıya bilməz. Belə ki, burada nəzərə alınmalıdır ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Bank cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə yaranmış pul öhdəliyinin könüllü surətdə icra etməkdən boyun qaçırması ilə əlaqədar hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır.
Məhkəmə xərcləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. İddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
25. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh Əlı̇ yeva Xumarə Sabı̇ r qızına qarşı "borcun tutulması" tələbinə dair iddiası rədd edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia rədd edilsin. İddia rədd edildiyi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.