Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2362/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-2248/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təyin edilmiş aliment artırılaraq, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-4990/2014 saylı qətnaməsinə əsasən Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimenti onun (İddiaçı) xeyrinə tutulması müəyyən edilmişdir. Xətai rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(010)-1272/2019 saylı qətnaməsinə əsasən Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(011)-4990/2014 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment onun (İddiaçı) xeyrinə tutulması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-2248/2023 saylı qətnaməsinə əsasən Xətai rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(010)-1272/2019 saylı qətnaməsi ilə tutulan aliment miqdarı dəyişdirilmiş və Cavabdeh X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulması müəyyən edilmişdir. Burada xüsusilə qeyd edilmişdir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Belə ki, cavabdeh fərdi iş fəaliyyəti ilə məşğuldur. Onun gəliri qeyri-müntəzəmdir, yəni ki, aylıq gəliri ***-**** manat təşkil edir. O, hal-hazırda uşağı tək saxlamaqda çətinlik çəkir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəblə bağlı olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının faktiki nikahından doğulan uşağa tutulan alimenti hazırda cavabdeh ödəməyə çox çətinlik çəkir. Belə ki, o müharibə iştirakçısıdır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Bundan əlavə cavabdehin başqa nikahdan daha bir övladı da vardır və onun saxlanılması üçün də o aliment ödəyir. İddia tələbində qeyd olunan məbləği cavabdehin ödəməyə maddi imkanı yoxdur. Belə ki, iddiaçının uşaq üçün tələb etdiyi 235 manat məbləğində olan alimenti cavabdeh ödəyə bilməyəcəyini və bu əsasla iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
5. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00394 saylı arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində keçirilən iclasda İddiaçı iştirak etmiş və 50 manat mediasiyaya dair xərc və 10 manat poçt xərci ödəmişdir,
6. Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2010-cu ildə doğulmuşdur və anası İddiaçı və atası X3r.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2248/2023 saylı, xx.xx.2023cü il tarixli qətnamədən çıxarışdan müəyyən olunur ki, iddiaçı X1 Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair tələbi qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1272/2019 nömrəli iş üzrə qəbul etdiyi 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir.
İşin faktiki halları.
8. İddiaçı və Cavabdeh faktiki nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 doğulmuşdur.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2248/2023 saylı, xx.xx.2023cü il tarixli qətnamədən çıxarışdan müəyyən olunur ki, iddiaçı X1 Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair tələbi qismən təmin olunmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1272/2019 nömrəli iş üzrə qəbul etdiyi 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq.
10. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
11. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı.
8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
Məhkəmənin mövqeyi.
18. İşin hallarından göründüyü kimi, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşağı yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşağın yaşı artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır.
19. Digər tərəfdən, nəzərə alınmalıdır ki, uşaqların saxlanılması xərcləri artdığından hər ay 200 manat sabit pul məbləğində aliment tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Belə ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olsa da, uşaqlar daimi olaraq iddiaçının yanında qaldıqlarından onlara qulluq edilməsi, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyü diqqətəlayiq hal kimi nəzərə alınmalıdır. Bundan əlavə cavabdehin özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da məhkəmə tərəfindən nəzərə alınmalıdır.
20. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
21. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin maddi vəziyyəti nəzərə alınaraq, lakin hər bir halda uşağın maraqları üstün tutularaq uşağın saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı artırılıb hər ay bir uşağa 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.
22. Məhkəmə, son olaraq onu da qeyd edir ki, miqdarı artırılmış alimentin tutulmasına bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra başlanmalıdır. Belə ki, yuxarıda (§ 25) istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
Məhkəmə xərci.
23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş medasiya xərci dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən dövlət rüsumu tutulmamalıdır.
Məhkəmənin gəldiyi nəticə.
24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, məhkəmənin qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmalı, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay bir uşağa 200 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
25. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2248/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova