Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-237/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X7 qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə "xxxx" KB ASC) Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 197,28 manat əsas, 3,29 manat faiz olmaqla, cəmi 201,27 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4641/2022 nömrəli iş üzrə qəbul etdiyi 21 sentyabr 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə iddia icraatına keçirilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4641/2022 nömrəli iş üzrə qəbul etdiyi 12 dekabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
4. Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
5. İddiaçının nümayəndəsi X3 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh1 iddia tələbini qəbul edərək bildirdi ki, o və azyaşlı nəvələri mərhum oğlunun vərəsələridirlər. Cavabdeh2 uşaqların anasıdır və onlar birlikdə yaşayırlar. O, oğlunun bankdan kredit götürməsindən xəbərdar olmamışdır. Hazırda o və yoldaşı, həmçinin uşaqlar 200 manat məbləğində pensiya alırlar və borcu birdəfəlik ödəmək iqtidarında deyillər. Onun yalnız ayda 30 manat olmaqla ödəniş etmək imkanı vardır. Buna görə də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.
İş materialları.
7. "xxxx" KB ASC ilə Qarayev Aqil Vəkil oğlu arasında bağlanmış 24 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədi ilə illik faiz dərəcəsi 29% olmaqla 84 ay müddətinə 200 manat məbləğində kredit xətti açılmışdır.
8. Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 171916 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Qarayev Aqil Vəkil oğlu xx.xx.2021-ci ildə ölmüşdür.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən "xxxx" KB ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 307 №-li məktubdan görünür ki, xx.xx.2021-ci il tarixində vəfat etmiş Qarayev Aqil Vəkil oğlunun adına 24 saylı notariat ofisində anası - Cavabdeh1, oğlu - X2, oğlu-X1 adından vərəsəlik işi açılmış, onlara xx.xx.2021-ci il tarixində 2V/220 reyestrdə qeydiyyatdan keçmiş "xxxx" ASC-də ümumi bank hesabının qalığı olan 1397,94 manatdan ibarət əmanətə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 Saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Qarayev Aqil Vəkil oğlunun vərəsələri: Anası Cavabdeh1, oğlu X4 və oğlu X5 və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -"xxxx" ASC-nin xx.xx.2021ci il tarixli PB-OUT-05971-2021/1 nömrəli məktubuna əsasən "xxxx" ASC-də ümumi bank hesabının qalığı olan 1397,94 (bir min üç yüz doxsan yeddi manat doxsan dörd qəpik) manatdan ibarətdir.
11. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehə banka olan borcun 5 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
12. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Qarayev Aqil Vəkil oğlu ilə "xxxx" KB ASC arasında bağlanmış müqaviləyə əsasən onun "xxxx" KB ASC-yə 197,98 manat əsas borc, 3,29 manat cari faiz borcu olmaqla, cəmi 201,27 manat borcu vardır.
13. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
14. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "xxxx" KB ASC ilə Qarayev Aqil Vəkil oğlu arasında 24 iyun 2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, lakin sonradan Qarayev Aqil Vəkil oğlu vəfat etdiyi üçün onun ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı bank hazırda Qarayev Aqil Vəkil oğlunun vərəsələri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) ödənilməmiş kredit borcunun qaytarılmasını tələb edir.
Tətbiq olunan hüquq.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
16. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.
Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
17. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarı.
Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.
Məhkəmənin mövqeyi.
18. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
19. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini borcluya vermiş, borclu isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsələrindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi cavabdehlər borcludan qalmış mirası qəbul etməklə universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişlər.
20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 197,98 manat məbləğində əsas borcun, 3,29 manat məbləğində faiz borcun tutulması barədə tələb əsaslıdır.
Məhkəmə xərcləri.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) müştərək qaydada kredit borcuna görə 197,98 manat məbləğində əsas borc, 3,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 201,27 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) müştərək qaydada kredit borcuna görə 197,98 manat məbləğində əsas borc, 3,29 manat məbləğində faiz borcu olmaqla, cəmi 201,27 (iki yüz bir manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (X4 və X2 qanuni nümayəndəsi) müştərək qaydada iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.