Məhkəmə qərarları › İş №2(010)-2377/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2377/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2377/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 31 iyul 2018ci il tarixli 2(010)-4594/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş, 08 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay görə Cavabdeh tutulan 154 manat sabit pul məbləğində müəyyən edilmiş alimentin artırılaraq, bir uşağa görə hər ay 193 manat sabit pul məbləğində olmaqla, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edib onunla əsaslandırdı ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikahlarından anadan olan 08 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat aliment tutulması qət edilmişdir. Hazırda cavabdeh tərəfindən həmin miqdarda ödənilən aliment uşağın heç bir tələbatının ödənilməsinə yetmir və maddi cəhətdən uşağın saxlanılmasına kifayət etmir. Uşaq məsrəfləri yetərincə artmışdır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Uşağın təlim- tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də görə o "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir və iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin həcminin artırılmasını tələb etsə də, bunun əsaslığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iddia ərizəsində öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Hal-hazırda onun artırılmış qaydada aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 154 manat alimenti dəyişdirilmədən saxlanmasını xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 08 fevral 2005-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, Bakı şəhər Suraxanı rayon məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(010)-4594/2018 saylı qətnaməsinə əsasən, Suraxanı rayon məhkəməsinin 2(010)-1982/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 08 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsi 31 iyul 2018-cu il tarixli 2(010)-4594/2018 saylı qətnaməsi ilə iddiaçının xeyrinə Suraxanı rayon məhkəməsinin 2(010)-1982/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 08 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipi əsas götürülməli və bir halda ki, cavabdeh bundan əvvəl 2010-cu il tarixli məhkəmə qətnaməsi ilə müəyyən olunmuş miqdarda hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat miqdarında aliment ödəmişdirsə, hazırda alimentin miqdarının 193 manat müəyyən edilməsi uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ baxımından, həmçinin onun maddi tələbatlarının əhəmiyyətli dərəcədə artması səbəbindən iddia mahiyyət etibarı ilə əsaslıdır. Cavabdehin məhkəmə iclasında iddianın əsassız olması ilə bağlı gətirdiyi dəlil ondan ibarət olmuşdur ki, aylıq gəliri azdır və iddia tələbində qeyd edilən miqdarda aliment ödəmək iqtidarında deyildir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hal onu iddiaçı ilə nikahından olan uşağının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. Həmçinin, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə də, qeyd edilənlərə əsasən cavabdeh X2 dövlət nəfinə 31.50 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhər Suraxanı rayon məhkəməsinin 31 iyul 2018-cu il tarixli 2(010)-4594/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və Cavabdeh İddiaçı xeyrinə 08 fevral 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 193 (yüz doxsan üç) manat aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 31.50 (otuz bir 50 qəpik) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar