Məhkəmə qərarları › İş №2(010)-238/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-238/2022

06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-238/2022 06.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı2 (bundan sonra İddiaçı2 İB) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2339.60 manat məbləğində dəymiş zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2252.10 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 4621.70 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı2 İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı2 ilə abonent Cavabdeh arasında 28.09.2017-ci il tarixində Ak-2/10912 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı2 abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı2 İstehsalat Birliyinin Bakı Regional Qazın satışı Departamenti tərəfindən **********03410 nömrəli abonent kodu verilmişdir. Sözügüdən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Elster G-4T Diafraqma markalı, 12529622 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı2 İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmış və qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında: 1.20.10.2017-ci il tarixli, ******* saylı akt əsasında 774.60 manat; 2.30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 199.80 manat; 3.30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat; 4.29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 142.20 manat; 5. 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295.20 manat; 6. 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat;

7. 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; 8. 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295.20 manat; 9. 01.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 9.80 manat; cəmi 2339.60 manat məbləğində İddiaçı2 İB-yə maddi zərər dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2552.10 manat borcu qalmışdır. Cavabdehin İddiaçı2 İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 4591.70 manat təşkil etməkdədir. İddiaçı2 İB-nin nümayəndələri tərəfindən cavabdehə 4591.70 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı2 İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtdan sonra keçən müddət ərzində cavabdehin sərfiyyat borcu (02.04.2020-ci il tarixdə quraşdırılmış 12529622 nömrəli mexaniki sayğac göstərici üzrə) 386.50 manat artmışdır. Yekun borc hazırda 4978.20 manat təşkil edir. Həmin məbləğə daxildir: 2339.60 manat (aktlar üzrə borc), 2211.80 manat sərfiyyat borcu, 82.80 manat (limiti keçdiyi üçün yaranan borc). Cavabdehin borcundan 42.50 manat tutma aparılmışdır. Odur ki, məhkəmədən Cavabdeh 4978.20 ((2339.60+82.80+2211.80)-42.50) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı2 İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 28.09.2017-ci il tarixində bağlanmış Ak-2/10912 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin iddiaçı tərəfindən təsdiq edilmiş surətindən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq, Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 20.10.2017-ci il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 01.04.2020-ci il tarixli aktların iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğaca kənar müdaxilə və qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrin iddiaçı tərəfindən təsdiq edilmiş surətlərindən görünür ki, cavabdehin təbii qazdan istifadə qaydalarını pozması nəticəsində İddiaçı2 İB-yə 20.10.2017-ci il tarixli akt əsasında 774.60 manat, 30.09.2019-cu il tarixli akt əsasında 199.80 manat, 30.09.2019-cu il tarixli akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli akt əsasında 142.20 manat, 30.12.2019-cu il tarixli akt əsasında 295.20 manat, 30.01.2020-ci il tarixli akt əsasında 295.20 manat, 28.02.2020-ci il tarixli akt əsasında 295.20 manat, 30.03.2020-ci il tarixli akt əsasında 295.20 manat, 01.04.2020-ci il tarixli akt əsasında 9.80 manat zərər dəydiyi müəyyən edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı2 İB ilə abonent Cavabdeh arasında 28.09.2017-ci il tarixində “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı2 İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Cavabdehin istifadəsində olan qaz sayğacına baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə müəyyən olunmuş və İddiaçı2 İB tərəfindən 20.10.2017-ci il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 01.04.2020-ci il tarixli doqquz akt tərtib edilmişdir. Həmin aktlar əsasında İddiaçı2 İB-yə dəymiş zərər cəmi 2339.60 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, İddiaçı2 İB Cavabdeh sərf etdiyi təbii qazın dəyərini lazımınca ödəmədiyinə görə yığılmış 2598.3 (2211.80+386.50) manat məbləğində borcu olduğunu iddia edərək həmin borcu da cavabdehdən tələb etmişdir. Həmçinin, limitdən artıq istifadə üçün yaranan 82.80 manat məbləğində borc da iddiaçı tərəfindən tələb edilmiş, beləliklə, İddiaçı2 İB tərəfindən Cavabdeh tələb edilən cəmi borc aktlar üzrə 2339.60 manat, sərfiyyata görə ödənilməmiş borc 2598.3 manat və limitdən artıq istifadəyə görə 82.80 manat olmaqla, cəmi 5020.70 manat təşkil etmişdir. Lakin iddiaçı bu məbləğin 42.50 manatını cavabdehin borcundan artıq tutduğunu bildirərək, cavabdeh 4978.20 (5020.70- 42.50) manat pul tələb etmişdir. Göründüyü kimi, İddiaçı2 İB tərəfindən cavabdehdən tələb edilən borc üç kateqoriya üzrə hesablanmışdır: qazdan istifadə qaydalarının pozulması nəticəsində dəymiş zərər; istifadə edilmiş təbii qaza görə ödənilməmiş qalıq borc və limitdən artıq istifadəyə görə hesablanmış borc. Məhkəmə ilk növbədə iddianın dəymiş zərərlə bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: Maddə 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 6.5 və 6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi, istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması nəticəsində qazpaylayıcısı kimi iddiaçıya zərər dəyibsə, iddiaçı həmin zərəri cavabdehdən tələb etməkdə haqlıdır. Lakin bunun üçün ilk növbədə, bu zərərin həqiqətən cavabdehin təqsiri nəticəsində dəymiş olduğu sübut edilməlidir. Bu halı sübut etmək isə hər bir halda iddiaçının üzərinə düşür. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-in 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş zərəri sübut etmək üçün iddiaçı tərəfindən məhkəməyə bir sıra sənədlər təqdim olunmuşdur. Belə ki, iddia edilən pozuntuların aşkar edilməsi barədə aktların və bu aktlar əsasında dəymiş zərərin hesablanmasına dair tələbnamələrin surətləri iş materiallarında mövcuddur. Lakin məhkəmə bu sənədlərin heç birini iş üzrə mötəbər sübut kimi qiymətləndirmir. İlk növbədə ona görə ki, iddiaçı tərəfindən bu sənədlərin heç birinin əsli, yaxud notariat qaydasında təsdiq olunmuş surəti məhkəməyə təqdim edilməmiş, iddiaçı bu sənədləri yalnız “sənədlər üçün” möhürlə təsdiq etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bundan başqa, bu sənədlər lazımi formada məhkəməyə təqdim edilmiş olsaydı belə, məhkəmə həmin sənədlər əsasında məhz cavabdeh tərəfindən iddiaçıya vurulmuş hansısa zərər faktını müəyyən edə bilməzdi. Belə ki, bu aktlardan biri – 20.10.2017-ci il tarixli akt sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşilməsinin laboratoriyada müəyyən edilməsinə görə, digərləri isə sayğaca baxış keçirilməsi nəticəsində təbii qazdan sayğacdan kənar, qeyriqanuni istifadənin müəyyən edilməsinə görə tərtib edilmişdir. 20.10.2017-ci il tarixli aktın tərtib edilməsinə əsas olmuş laboratoriya aktının surəti də iddia ərizəsinə əlavə edilmişdir. Lakin aktın üzərinə tarix qeyd edilmədiyindən bu aktın hansı tarixdə tərtib edildiyi məlum deyil. Aktda adları siyahıda qeyd edilən sayğacların 06.10.2017-ci il tarixli dövlət yoxlaması nəticəsində yararsız hesab olunduğu qeyd edilsə də aktın özünün hansı tarixdə tərtib edildiyi məlum deyil. Bundan başqa, laboratoriya aktına əsasən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt 20.10.2017-ci il tarixdə tərtib edilsə də bu akt əsasında tərtib edilmiş dəymiş ziyanın hesablanması barədə tələbnamədə əsas kimi 18.10.2017-ci il tarixli akt qeyd edilmişdir. Digər tərəfdən, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsində qaz qurğusu kimi PQ 4 və QSQ qaz işlədicilərinin adı qeyd edilsə də tərtib edilmiş aktda əlavə olaraq bir ədəd radiator da qeyd edilmişdir. Tərtib edilmiş 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 01.04.2020-ci il tarixli aktlarda isə əlavə olaraq dəmir soba qaz işlədicisi kimi qeyd edilmişdir. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə müvafiq aktların tərtib edildiyi dövrlərdə istehlakçı sərfini göstərən cədvəllər təqdim edilmədiyindən məhkəmə tərəfindən bu aktların tərtibindən əvvəl və sonrakı dövrlərdə sərfin məbləğində real dəyişiklik olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş saldoda məsələn, 2019-cu il üzrə yalnız akt tərtib edildiyi sentyabr-dekabr aylarının göstəricilərinə yeri verilmiş, digər aylar üzrə heç bir göstərici cədvəldə əksini tapmamışdır. Son olaraq, tərtib edilmiş aktların heç biri istehlakçı tərəfindən imzalanmamış, istehlakçının adının qarşısına “imtina etdi” yazılmışdır. Bu aktların heç birinə təbii qazdan istifadə qaydalarının pozuntusunu təsdiq edəcək hər hansı mötəbər sübut, məsələn, foto, video çəkiliş və s. əlavə edilməmişdir. İddia ərizəsinə üç ədəd fotoşəklin surəti əlavə edilmişdir ki, bu şəkillərdən isə nəinki hansısa pozuntu müəyyən etmək, şəkillərdə hansısa sayğacın olduğunu belə əminliklə demək mümkün deyil. Bir sözlə, bütün bu sənədlər əsasında müəyyən edilmir ki, istehlakçı kimi məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində məhz onun istifadəsində olan qaz sayğacında qeyd edilən nöqsanlar aşkar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəydiyi sübuta yetirilmədiyindən iddia dəymiş zərərə görə tələb edilən 2339.60 manat hissədə əsassızdır. Məhkəmə bu cür nəticəyə gələrkən onu da nəzərə alır ki, cavabdehin qazdan istifadə qaydalarını pozmuş olması sübut edilmiş olsa idi belə, birinci pozuntu müəyyən edildikdən dərhal sonra (hələ 2017-ci ildə) dəymiş zərəri tələb etmək üçün akt tərtib etməkdən başqa heç bir tədbir görməmiş, məhkəməyə müraciət etmək üçün daha səkkiz pozuntunun baş tutmasını, bu pozuntulara görə cəmi 2339.60 manat məbləğində dəymiş zərər hesablanmasını “gözləyən” iddiaçı da hərəkətsizliyi ilə bu pozuntulara şərait yaratmışdır. İddiaçı nəzərə almalıdır ki, mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərə görə iddia müddətinin qanunla on il müddətində müəyyən edilməsi o demək deyil ki, iddiaçı on il ərzində bu pozuntuların baş verməsinə göz yummalı, bununla dəymiş zərərin məbləğinin süni şəkildə artmasına öz hərəkətsizliyi ilə şərait yaratmalı, sonda bütün bu illər ərzində dəymiş zərəri tələb etməlidir. Çünki bu cür hallar hüquqdan sui-istifadəyə gətirib çıxarır ki, bu yolverilməzdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Hazırkı işdən görünür ki, iddiaçı tərəfindən ilk iddia edilən pozuntu hələ 2017-ci ildə aşkar edilmişdir. Bundan sonrakı il ərzində heç bir pozuntu müəyyən edilməmiş, 2019-cu ilin sentyabr ayından etibarən 2020-ci ilin aprel ayınadək istisnasız hər ay iddiaçı tərəfindən cavabdehin sayğacında pozuntu aşkar edilmişdir. Hətta 2020-ci ilin mart ayının 30-da müəyyən edilmiş pozuntudan cəmi iki gün sonra, aprel ayının 1-də yeni pozuntu aşkar edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı mütəmadi şəkildə hər ay yeni pozuntu aşkar edib yekun zərər hesablamaq əvəzinə, ən azından ilk bir neçə pozuntunu aşkarladıqdan sonra dəymiş zərəri cavabdehdən məhkəmə qaydasında tələb etsə idi, bu həm də cavabdehin növbəti pozuntular törətməsinin qarşısının alınmasına xidmət edər, bununla da iddiaçı təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısını hər ay akt tərtib etməklə müqayisədə daha effektiv üsulla almış, ya da ən azından almağa cəhd etmiş olardı. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə, iddianı dəymiş zərərlə bağlı hissədə əsassız sayır. İddianın digər – sərfiyyata görə borc və limitdən artıq istifadəyə görə borc tələbi ilə bağlı hissələri isə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 3.2.1-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçılar istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Hazırkı işdən görünür ki, tərəflər arasında qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə bağlanmış, bu müqaviləyə əsasən iddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüş. Lakin o, müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia cavabdehdən təbii qazdan istifadəyə görə (limit daxili və limitdən artıq) ödənilməmiş 2638.6 ((2211.80+82.80+386.50)-42.50) manat məbləğində pul tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinin tələbinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2638.6 manat (iki min altı yüz otuz səkkiz manat altmış qəpik) məbləğində pul İddiaçı2 İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilməlidir. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (~55%) olan 17 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 2638.6 manat (iki min altı yüz otuz səkkiz manat altmış qəpik) məbləğində pul və 17 (on yeddi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 İB-yə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz Şöbəsi üzrə, Kod 805573, VÖEN **********, M/H AZ02NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar