Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2384/2021 29.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı «İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «İddiaçı” QSC-nin məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı «İddiaçı” QSC-nin xeyrinə əsas borc üzrə 1044,87 manat kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 İddiaçı QSC ilə 20.08.2014cü il tarixdə bağladığı 14A000015969 saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.0833% olmaqla 30 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 9500 (doqquz min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 25.08.2017ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 8455.13 manat ödəniş etmiş və onun iddiaçıya 1044.87 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 22.02.2021-ci il tarixə 1275 gün üçün hesablanmış faiz borcu 0 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 22.02.2021-ci il tarixə 1275 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 0 manat təşkil edir. Kredit müqaviləsinin 4.1,2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İddiaçı «İddiaçı” QSC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və nümayəndənin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir və son ödənişi 2019-cu ildə kompensasiya ilə bağlı olmuşdur. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 izahat verərək bildirdilər ki, iddianı qəbul etmirlər. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehləri dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «İddiaçı” QSC ilə Cavabdeh2 arasında bağlanmış 20.08.2014-cü il tarixli, 14A********** nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 30 ay müddətinə, aylıq 2.0833 faizlə ödəmək şərtilə 9500 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş cədvəlindən görünür ki, cavabdeh götürdüyü krediti 30 ay müddətinə, hər ay 431,13 manat olmaqla faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan «İddiaçı” QSC ilə Cavabdeh3 arasında bağlanmış 20.08.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, sonuncu «İddiaçı” QSC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borcun qaytarılması üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh2 əsas borc üzrə 1044,87 manat, müqavilənin bitmə tarixinə hesabanmış faiz borcu üzrə 0 manat, cərimə borcu üzrə 0 manat, cəmi 1044,87 manat borcu vardır. İş materiallarında olan 16.02.2021-ci il, 20.09.2018-ci il tarixli «İddiaçı” QSC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, cavabdehə borcun tam olaraq ödəməsi təklif edilmiş, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 «İddiaçı” QSC-yə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Ona görə də, məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh2 1044,87 manat əsas borcunun tutulmasını əsaslı sayır. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşımasına hüquqi qiymət verib aşağıdakıları qeyd edir. İşin hallarından göründüyü kimi 20.08.2014-cü il tarixli 14A000015969 nömrəli Kredit müqaviləsi üzrə öhdəliyin son icra müddəti 20.02.2017-ci il müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdəvə ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.4.). Zaminlik müqaviləsinin 13.2-ci bəndinə görə borcalan kreditorla bağladığı 20.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faziləri, ödənişlərin gecikdirilməsi nəticəsində cərimə pulunu və həmçinin borcalanın öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu Müqavilə qüvvədə olur. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin öhdəliyin bank qarşısında tam yerinə yetirilənədək qüvvədə olması şərti mülki qanunvericiliyin zaminliyi tənzimləyən normalarının tələbləri baxımından düzgün deyildir və ona görə də, zaminlik müqaviləsinin müddəti kimi qəbul edilə bilməz. Belə olduqda, zaminlik müqaviləsində zaminliyin verilmə müddəti təyin edilmədiyindən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Kredit öhdəliyinin icrası vaxtı 20.02.2017-ci ildə başa çatmış, həmin vaxtdan da bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, zaminliyə xitam verilməlidir. Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən müddətin keçməsini istisna edən və ya çətinləşdirən müqavilə şərtləri müəyyən edə bilməzlər. Digər tərəfdən, Mülki Məcəllənin 419.2-ci maddəsinə müvafiq olaraq, müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Məlum olduğu kimi ölkədə mövcud olan işgüzar adətlərə əsasən kiçik həcmli istehlak krediti və onların təminatı kimi imzalanan zaminlik müqavilələrinin nümunəvi formaları bir qayda olaraq banklar tərəfindən təklif olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 1044,87 (bir min qırx dörd manat səksən yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı «İddiaçı” QSC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 iddiaçı "İddiaçı" QSC-nin xeyrinə 1044,87 (bir min qırx dörd manat səksən yeddi qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia Cavabdeh1 və Cavabdeh3 aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-2384/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2384/2021
29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver