Məhkəmə qərarları › İş №2(010)-2385/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2385/2020

02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2385/2020 02.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxxxxx” KB ASC-nin Cavabdeh qarşı kredit borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxxxxx” KB ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxxxxx” KB ASC-nin xeyrinə 3130,4 manat əsas borc, 219,25 manat faiz və 92,61 manat cərimə borcu olmaqla, cəmi 34420,26 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxxxxx” KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 15 faiz ödəmək şərti ilə 4295 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqavilə ilə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə borclunun kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxxxxx” KB ASC-yə 3130,40 manat əsas borc, 219,25 manat faiz borcu və 92,61 manat cərimə borcu olmaqla, cəmi 3442,26 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Məhkəmə iclasında iddiaçı “xxxxxxx” KB ASC-nin nümayəndəsi X1qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, borc məbləğini qəbu etdiyini, lakin həmin məbləği birdəfəyə ödəməyə maddi imkanının olmadığını, qeyd edilən borc məbləğini hissə-hissə ödəyə biləcəyini bildirdi və məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2018-ci il tarixli 2917nkBANK/18 nömrəli Kredit və bank hesabı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən «xxxxxxx» KB ASC tərəfindən Cavabdeh illik 15 faizlə 48 ay müddətə istifadə etmək üçün 4295 manat kredit vermişdir. Kreditin təyinatı xx.xx.2014-cü il tarixli 3877nkBKX2/14 nömrəli müqavilə üzrə 2526,17 ABŞ dolları borcun bağlanması olmuşdur. Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdeh qeyd edilən borc məbləğini hər ay 120 manat, sonuncu ay 98,6 manat olmaqla 48 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli BANK/PİKMD/896240 nömrəli maliyyə arayışından görünür ki, xx.xx.2018-ci il tarixli 2917nkBANK/18 nömrəli kredit müqaviləsi üzrə 3130,4 manat əsas borc, 219,25 manat faiz borcu və 92,61 manat cərimə borcu olmaqla, cəmi 3442,26 manat kredit borcu vardır. İş matariallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini 3 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 423-cü maddəsinin tələbinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İş materiallarından isə görünür ki, iddiaçı “xxxxxxx” KB ASC tərəfindən cavabdehə xəbərdarlıq göndərilmiş və müqaviləyə xitam veriləcəyi barədə məlumatlandırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 92,61 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 5 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3130,40 manat əsas borc, 219,25 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla, cəmi 3354,65 manat və 30 (otuz) manat dövlət rüsumu iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “xxxxxxx” X2 Səhmdar Cəmiyyətinin xeyrinə 3130,40 manat əsas, 219,25 manat faiz və 5 manat cərimə olmaqla, cəmi 3354,65 (üç min üç yüz əlli dörd manat altmış beş qəpik) manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutulsun Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar