Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2387/2023 02.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı-iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları:
1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 30% ödəmək şərtilə 300 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-cı bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüqquna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 20 aprel 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 839,11 manat əsas və 156,1 manat faiz olmaqla, cəmi 995,21 manat məbləğində borcu yaranmışdır.
İddiaçının tələbi:
2. Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 839,11 manat əsas və 156,1 manat faiz olmaqla, cəmi 995,21 manat və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
3. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.
İş materialları.
4. xx.xx.2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Bank” "xxxx" KB ASC və “Borcalan” Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən sonuncuya 84 ay (60 ay kredit xətti, 24 ay kredit) müddətinə illik 30% ödəmək şərtilə ilkin limiti 300 manat olmaqla kredit ayrılmışdır.
5. "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə borcverən "xxxx" KB ASC-yə 839,11 manat əsas və 156,1 manat faiz olmaqla, cəmi 995,21 manat məbləğində borcu vardır.
6. xx.xx.2023-cü il tarixli bildirişdən (xəbərdarlıq məktubu) görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
8. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
11. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
12. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və müqavilə üzrə digər xərclərin ödənilməsini tələb etməkdə haqlıdır.
Məhkəmə xərcləri.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. İddia təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə.
16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2018-ci il tarixli müqavilə üzrə 839,11 manat ödənilməmiş əsas məbləğ və 156,1 manat faiz olmaqla, cəmi 995,21 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçının hesabına ödənilməlidir.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 839,11 manat əsas borc və 156,1 manat faiz borcu olmaqla, cəmi 995,21 (doqquz yüz doxsan beş manat iyirmi bir qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.