Məhkəmə qərarları › İş №2(010)-2389/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2389/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2389/2021 17.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulmasi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" ASC cavabdehlər X3 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulmasi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 19.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka 715,29 manat əsas borc, 8,83 manat faiz borcu, 15,84 manat cərimə borcu və kredit müqaviləsi üzrə 19.01.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 746,01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 06.04.2021-ci il tarixində məhkəmədə qeydiyyata alınmışdır. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə həmin Məcəllənin 23-1-ci fəslinə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3 Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. 284-6.1 Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatda işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X3 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında “borcun tutulmasi" tələbi üzrə ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri X4 19.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 25 faizlə 12 ay müddətinə 2000 manat kredit götürmüşdür. 28.08.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 19.01.2021-ci il tarixədək müəyyən edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 19.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il martın 19-dək X2 banka 19.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 715,29 manat əsas borc, 8,83 manat faiz borcu və 15,84 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 739,96 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 19.03.2021-ci il tarixli maliyyə arayışına əsasən X2 19.07.2019cu il tarixli kredit müqaviləsi üzrə banka 715,29 manat əsas borc, 8,83 manat faiz borcu, 15,84 manat cərimə borcu və kredit müqaviləsi üzrə 19.01.2021-ci il tarixdən 19.03.2021ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 746,01 manat borcu vardır. 19.07.2021-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditlərə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditlərə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqavilələrinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. İş materiallarına əlavə edilmiş: 19.07.2019-cu il tarixli, 15-MZ-1-0-281-19 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən "İddiaçı" ASC-yə 12 ay müddətinə illik 25% ödəmək şərtilə 2000 manat məbləğində borcunun qaytarılmasını cavabdeh X4 öz üzərinə götürmüşdür. 19.07.2019-cu il tarixli, 15-MZ-1-0-281-19 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borcalan X2 bank qarşısında öhdəliklərinin tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və həmin müqaviləyə əsasən borc alan öhdəliklərini icra etmədikdə, zamin onunla birgə məsuliyyət daşıyır. "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu X2 banka 715,29 manat əsas borc, 8,83 manat faiz borcu, 19.01.2021ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,05 manat məbləğində faiz borcu və 15,84 manat cərimə borcu, ümumilikdə cəmi 746,01 manat məbləğində borcu vardır. "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin 02.03.2021-ci il tarixli pretenziyadan görünür ki, "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X4 və Cavabdeh2 müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 470.1 Zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 474.2 Zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh X4 arasında kredit müqaviləsi bağlanılmış və həmin müqavilə ilə cavabeh illik 25 faizlə 12 ay müddətinə 2000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 19.07.2019-cu il tarixli, 15-MZ-1-0-281-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş digər cavabdeh X4 tərəfindən kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdehlər müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehlərin 19.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borc 715,29 manat, 19.01.2021-ci il tarixədək hesablanmış faiz borcu 8,83 manat, 19.01.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış faiz borcu 6,05 manat və cərimə borcu 15,84 olmaqla ümumilikdə cəmi 746,01 manat borcu yaranmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 19.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 715,29 (yeddi yüz on beş manat iyirmi doqquz qəpik) manat əsas borc, 19.01.2021-ci il tarixədək hesablanmış 8,83 (səkkiz manat səksən üç qəpik) manat faiz borcu, 19.01.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,05 (altı manat beş qəpik) manat faiz borcu və 15,84 (on beş manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 746,01 (yeddi yüz qırx altı manat bir qəpik) manat və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2 İddia qiyməti 500 manatadək olduqda 20 manat, 500 manatdan artıq olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 (otuz) manat məbləğdə pul cavabdehlərdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 müştərək qaydada 715,29 (yeddi yüz on beş manat iyirmi doqquz qəpik) manat əsas borc, 19.01.2021-ci il tarixədək hesablanmış 8,83 (səkkiz manat səksən üç qəpik) manat faiz borcu, 19.01.2021-ci il tarixdən 19.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6,05 (altı manat beş qəpik) manat faiz borcu və 15,84 (on beş manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 746,01 (yeddi yüz qırx altı manat bir qəpik) manat və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar