Məhkəmə qərarları › İş №2(010)-2393/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2393/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2393/2023 16.08.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 58 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 7386 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə "xxxx" KB ASC-yə 7386 manat əsas, 970,01 manat faiz, 35,03 manat cərimə borcu olmaqla, cəmi 8391,04 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

İddia tələbi.

2. Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 7386 manat əsas, 970,01 manat faiz və 35,03 manat cərimə borcu olmaqla, cəmi 8391,04 manat borcun və ödənilmiş 103,92 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı "xxxx" KB ASC məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinə iştirakları olmadan baxılaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

İş materialları.

5. xx.xx.2022-ci il tarixli, 322nkTVZ/22 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə 58 ay müddətinə 7386 manat məbləğində kredit verilmişdir.

6. Bank hesablarının açılması və kredit sifarişi üçün ərizədən müəyyən olunur ki, Cavabdeh "xxxx" KB ASC-dən xx.xx.2027-ci il tarixdək illik 20% olmaqla, 7386 manat məbləğində istehlak məqsədləri üçün təminatsız kredit (alkredit) verilməsini xahiş etmişdir.

7. "xxxx" KB ASC tərəfindən verilən Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixdək olan hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 7386 manat məbləğində kredit mədaxil edilmişdir.

8. xx.xx.2022-ci il tarixli, 322nkTVZ/22 nörməli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək olan dövr ərzində əsas borca görə 7386 manat, faiz borcuna görə 4194 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür

9. "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 322nkTVZ/22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borca görə 7386 manat, faiz borcuna görə 970,01 manat, cərimə borcuna görə 35,03 manat olmaqla, cəmi 8391,04 manat borcu yaranmışdır.

10. "xxxx" KB ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

11. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 103,92 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

12. İddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 322nkTVZ/22 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

17. Cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur.

18. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin və cərimənin qaytarılmasını tələb etməkdə haqlıdır.

Məhkəmə xərcləri.

19. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 103,92 manat dövlət rüsumu ödəmişdir.

20. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 103,92 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 322nkTVZ/22 nömrəli müqavilə üzrə cavabdehdən 7386 manat məbləğində kredit borcu, 970,01 manat məbləğində faiz borcu və 35,03 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8391,04 manat məbləğində borc; ödənilmiş 103,92 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 322nkTVZ/22 nömrəli müqavilə üzrə 7386 manat əsas, 970,01 manat faiz və 35,03 manat cərimə olmaqla, cəmi 8391,04 (səkkiz min üç yüz doxsan bir manat dörd qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 103,92 (yüz üç manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar