Məhkəmə qərarları › İş №2(010)-2394/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2394/2020

07.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2394/2020 07.08.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 saylı qətnaməsi ilə təyin olunmuş aliment məbləğinin artırılaraq xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 170 manat olmaqla, cəmi 340 manat miqdarında təyin edilməs barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və Cavabdeh arasında Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı, 409803 saylı, xx.xx.2008-ci il tarixli nikah haqqında şəhadətnamə verilməklə rəsmi nikah qeydə alınmışdır. Bu nikahdan xx.xx.2009cu il tarixdə X4 və xx.xx.2012-ci il tarixdə X8 doğulmuşdur. xx.xx.2013-cü il tarixdə uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün bir uşağa görə hər ay 150 (yüz əlli) manat olmaqla, iki uşağa görə hər ay cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin ödənilməsu tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(010)-513/2014 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə xx xxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 103 (yüz üç) manat və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində cəmi 206 (iki yüz altı) manat miqdarında aliment tutulması qət edilmişdir. Uşaqların bölünməsi və saxlanma xərclərinin artması səbəbindən aliment məbləğinin dəyişdirilməsi – bir uşağa görə hər ay 300 manat olmaqla, iki uşağa görə hər ay cəmi 600 manat sabit pul məbləğində alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə yenidən müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-513/2014 nömrəli qətnaməsi ilə hər uşağa görə 103 manat olmaqla, cəmi 206 manat miqdarında müəyyən edilmiş alimentin məbləği artırılaraq cavabdeh X1 xx xxxx 2015-ci ildən başlayaraq İddiaçı xeyrinə xx xxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 nömrəli qətnaməsinin qəbul edilməsindən keçən vaxt ərzində uşaqlar xeyli böyümüş və uşaqların saxlanması ilə bağlı minimum xərclər xeyli artmışdır. Bu səbəbdən uşaqların saxlanması üçün təyin edilmiş aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(010)-2793/2015 saylı qətnaməsinin surətindən görünür ki, qətnaməyə əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-513/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 125 manat sabit pul məbləğində aliment olmaqla – hər ay sabit pul məbləğində cəmi 250 manat miqdarında aliment tutulması qət edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2009cu il tarixli, AZ-İİ 274137 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.20009-cu il tarixdə 1409 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2012ci il tarixli, AZ-İİ 883592 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1276 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 saylı qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(010)-513/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il tarixdən Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 125 manat olmaqla, hər ay sabit pul məbləğində cəmi 250 manat miqdarında aliment tutulması qət edilmişdir.Hazırda iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay hər uşağa 170 manat sabit pul məbləğində alimentin tutulmasını tələb еdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 17-cı mаddəsinin İİ bəndinə əsаsən, uşаqlаrın qаyğısınа qаlmаq və оnlаrı tərbiyə etmək vаlideynlərin bоrcudur. Bu bоrcun yerinə yetirilməsinə dövlət nəzаrət edir. Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı iş üzrə tərəflərin birgə nikahından doğulmuş uşağa da şamil edilməlidir. Bundan başqa, işdən müəyyən edilir ki, yetkinlik yşına çatmayan uşaq hazırda iddiaçının himayəsindədir və onun saxlanılması ilə bağlı bütün xərclər iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesаb edir ki, ölkə üzrə uşаqlаr üçün yаşаyış minimumu 170 (yüz yetmiş) mаnаt müəyyən edildiyindən və vаlideynlərin hər ikisinin hüquqlаrı bərаbər оlmаqlа, оnlаrın hər ikisinin uşаğa qаyğı göstərmək bоrcu оlduğundаn, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər yüksək həddə saxlanmasını əsas tutаrаq, hаbelə uşаğa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiаçının üzərinə düşməsini nəzərə аlаrаq xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 saylı qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməli və qətnаmə qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı xeyrinə ödənilməlidir. Bundan başqa, “Dövlət rüsumu” haqqında qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, cаvаbdehdən dövlət rüsumu hesаbınа 30 (otuz) mаnаt аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanaraq, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2793/2015 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra olunduqdan sonra ləğv edilsin. Ödənilməmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar