Məhkəmə qərarları › İş №2(010)-2396/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2396/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2396/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi.

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1580,0(min beş yüz səksən) manat məbləğində borcun ve dövlət rüsumu qismində ödədiyi 35,80 manatın, cəmi 1615.80(min altı yüz on beş azn səksen qəpik) manatın alınıb mənə verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh ilə 2022-ci ildən mebel sahəsində iş yoldaşlığımız olmuşdur. O, 2024-ci ilin yay aylarında mənə müraciət edərək bildirmişdir ki, öz şəxsi müştərilərinin mebel sifarişini həll etmək üçün ona mebel sahəsində istifadə edilən laminat,dvp,pve materialları lazımdır,lakin həmin materialların pulunu nəğd şəkildə ödəyə bilməyəcəyindən bir iki aya tam şəkildə ödəyəcəyini bildirmişdir. Məndə onunla iş yoldaşlıq əlaqələrimi nəzərə alaraq Cavabdeh 2024-ci ilin yay aylarında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində işlədiyim mebel sexində ona 3000(üç min)manat məbləğində mebel sahəsində istifadə edilən laminat.dvp.pve materiallarını borc olaraq verdim.Lakin Cavabdeh həmin puldan cəmi 1420,0(min dörd yüz iyirmi) azn geri qaytarmış və 1580,0(min beş yüz səksən) azn pulu bəhanələr gətirərək ödəməkdən qərəzli şəkildə boyun qaçırmışdır Həmin 1580,0(min beş yüz səksən) azn borca görə Cavabdeh 2025- ci ilin Yanvar ayında 32-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayət ərizəsina əsasən Cavabdeh izahat alınmış, mənə olan borcunu izahatında etiraf etmiş lakin yenədə cavabdeh həmin pulu ödəməmişdir. Cavabdeh 1580.0(min beş yüz səksən) azn pulu Fevral ayında tam qaytarmalı idi.Lakin həmin tarixdən o telefonuma gah cavab verir gah vermir,telefonunu sondurur və mənə olan borcunu geri qaytarmaqdan gizlənərək imtina edir və mənə ödəniş etməkdən qərəzlişəkildə boyun qaçırır.

Tərəflərin izahatları.

3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

4. Məhkəmə iclasında İddiaçı iddia tələbində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

İş materialları.

5. Cavabdeh Suraxanı RPİ-nin 32-ci PB-də verdiyi izahatından görünür ki, tanıdığı və biryerdə işlədiyi Mirhəsəndən nisyə material almışdır. 3000 manat məbləğində material almış və aldığından çoxunu pulunu ödəmişdir. Təxmini 1300 manat məbləğində borcu qalmışdır. Qeyd olunan məbləğin qalan hissəsini də gücü çatdığı qədər aylıq şəklində ödəyəcəkdir.

6. Cavabdeh tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanan ərizədən görünür ki, İddiaçı ona qarşı qaldırdığı 1580 manat məbləğində borc tələbinə dair iddiasını qəbul etmişdir.

İşin faktiki halları.

7. İşin faktiki halları ondan ibarətdir ki, hazırki iddia tələbində iddiaçı cavabdehə verdiyi 3000 manat pul dəyərində mebel sahəsində istifadə olunan materiallar satmışdır və həmin pul məbləğindən cavabdehin ona 1420 manat ödədiyini, lakin qalan 1580 manat pul vəsaitini geri qaytarmadığını bildirir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək qeyd olunan pul məbləği həddində borcunun olduğunu qəbul etmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir.

11. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması və iddiaçı tərəfin izahatı nəticəsində müəyyən edildi ki, tərəflər arasında şifahi formada razılaşmaqla borc münasibəti yaranmışdır. İddiaçı hazırda cavabdehdən tələb etdiyi 1580 manata münasibətdə bildirir ki, cavabdehə verdiyi 3000 manat məbləğində mebel sahəsində istifadə olunan materialların əvəzində cavabdehin ona 1420 manat qaytarmış, lakin qalan 1580 manat pul vəsaitini geri qaytarmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı iş materiallarında olan Cavabdeh polis orqanında verdiyi izahatdan tanışı Mirhəsəndən borc olaraq 3000 manata yaxın dəyəri olan mebel sahəsində istifadə olunan materiallar aldığını və təxminən 1300 manat məbləğində borcunun olduğunu bildirmişdir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iddiaçıya iddia tələbində qeyd olunan miqdarda borcu olduğunu bildirmiş və iddia tələbinə etiraz etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd olunan hallara istinadən qeyd edir ki, hazırki iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

Məhkəmə xərcləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

13. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

14. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35.80 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

15. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1580 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi : İddia təmin edilsin. Cavabdeh 1580 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 35 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar