Məhkəmə qərarları › İş №2(010)-2407/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2407/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2407/2022 25.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi ilə İddiaçı Cavabdeh (üçüncü şəxslər Kapital Bank ASC-nin Yasamal filialı və Azərbaycan Kredit Bürosu) qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh (üçüncü şəxslər Kapital Bank ASC-nin Yasamal filialı və Azərbaycan Kredit Bürosu) qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, GTKR3761220A103 nömrəli, 16 iyun 2021-ci il tarixli, kredit müqaviləsi üzrə onun əmək haqqından tutulan 1613.39 manat, bankdan əldə etdiyi ödəniş sənədlərinə görə ödədiyi 20 manat və mənəvi zərərin əvəzi olaraq 300 manat, cəmi 1933.39 manatın Cavabdeh tutularaq ona (İddiaçı) (Müxbir hesabı: AZ09AİİB410100C**********103) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16 iyun 2021-ci ildə Kapital Bank ASC-nin Yasamal filialının müdiri X3 (kreditor), Cavabdeh (borclu) və o, (İddiaçı) (zamin) arasında kredit müqaviləsi bağlanmışdır. O, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyində Hüquq və İnsan resursları şöbəsində çalışır və Cavabdeh kredit götürülən tarixə onunla şöbədə çalışmışdır. GTKR3761220A103 nömrəli kredit müqaviləsinə əsasən o, borclu Cavabdeh kreditor qarşısında öhdəliklərinin zamini qismində tanınmışdır. Borclu Cavabdeh kreditor qarşısında öhdəliklərini vaxtlı-vaxtında icra edəcəyi barədə ona söz versə də, sonradan borc müqaviləsi üzrə öz öhdəliklərini icra etməmişdir. Buna görə də kreditor tərəfindən heç bir xəbərdarlıq edilmədən və yaxud da məhkəmə qarşısında iddia qaldırılmadan borc öhdəliyi onun əmək haqqına yönəldilmişdir. Cavabdeh bir neçə aydır ki, iş yerini Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə baş məsləhətçi vəzifəsinə dəyişdikdən və orada Azərbaycan Beynəlxalq Bankının kartı ilə əmək haqqı aldıqdan sonra, aylıq tutmalar Kapital Bank ASC-nin Yasamal filialı tərəfindən onun əmək haqqına yönəldilmişdir. Kreditin gecikdirildiyi zamanlar X4 Kreditlər Departamentindən Orxan adlı şəxs zəng edərək borcun niyə gecikdirildiyini soruşduqda, o, tutmanın bank tərəfindən rəsmi məktubla müraciət edilərək borclunun əmək haqqına yönləndirilməsini tələb etsə də, bank əməkdaşı onun əmək haqqı kartının Kapital bank ASC-dən olmasını əsas gətirərək, elə bir səlahiyyətlərinin olmadığını bildirmişdir. Bundan sonra bank əməkdaşı Nazirliyin digər şöbələrinə, o cümlədən onun çalışdığı şöbənin rəhbərliyinə zəng edərək onun borcunun olduğu barədə onları məlumatlandırmış, daha sonra isə borcun qısa müddətdə ödənilməyəcəyi təqdirdə onun işdən azad ediləcəyilə bağlı Nazirliyin rəhbərliyinə rəsmi məktub göndərəcəyini bildirərək onu təhdid etmişdir. Bundan sonra o, Mərkəzi Bank rəhbərliyinə müraciət edərək bank sirrini və konfedensiallığı yaydığı üçün işçi barəsində intizam qaydasında tədbir görülməsini xahiş etdiyindən daha sonra bununla bağlı onu narahat edən olmamışdır. Onun banka olan borcu artıq Nazirlikdə demək olar ki, bütün kollektivə məlum olmuş və onun məsuliyyətsiz bir əməkdaş olmağı təəsüratı formalaşmışdır. Bütün bunlar cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən həmin dövrdə psixoloji stres və əsəb keçirmişdir. Odur ki, mənəvi zərərə görə cavabdehdən 300 manat pul tutulub ona ödənilməlidir. Hal-hazırda həmin zaminlik müqaviləsi üzrə əmək haqqından tutulmalar xx.xx.2021-ci il tarixində 363 manat, xx.xx.2022-ci ildə tarixində 95.93 manat, xx.xx.2022-ci il tarixində 34.84 manat, xx.xx.2022-cı il tarixində 396 manat, xx.xx.2022-ci il tarixində 361,81 manat və xx.xx.2022-ci il tarixində 361,81 manat olmuşdur. Qeyd edilənlərə əsasən GTKR3761220A103 nömrəli kredit müqaviləsinə əsasən ondan tutulan 1613.39 manat, bankdan əldə etdiyi ödəniş sənədlərinə görə ödədiyi 20 manat və mənəvi zərərin əvəzi olaraq 300 manat olmaqla, cəmi 1933.39 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, GTKR3761220A103 saylı kredit müqaviləsindən görünür ki, Kapital Bank ASC-nin ilə Cavabdeh arasında xx.xx.2021-ci ildə müqavilə bağlanmış və Bank həmin müqaviləyə əsasən 35 ay müddətinə, illik 27% dərəcəsi ilə 8700 manat məbləğində Cavabdeh kredit vermişdir. Həmin müqavilə üzrə İddiaçı Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinə əsasən öhdəliklərin tamamilə icra edilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, İddiaçı əmək haqqından kredit borcu üzrə1613.39 manat silinmələr olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu Məcəllənin 475.1.-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən cavabdehin əvəzinə 1613.39 manat məbləğində pul vəsaiti Kapital Bank ASC-nin hesabına ödənilmiş və 20 manat isə iddiaçı tərəfindən bankdan ödəniş cədvəllərinin verilməsinə görə ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı zamin kimi öhdəliyin icrasından yayınmadığından və əsas borclunun əvəzindən bütün ödənişləri etdiyindən və kreditorun həmin öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə keçdiyindən, Cavabdeh banka ödənilmiş 1613.39 manat və 20 manat bankdan ödəniş cədvəllərinin verilməsinə görə ödənilmiş pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının mənəvi zərərin əvəzi kimi pul tələb etməsi barədə məhkəmə aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir: “...Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.”. Həmin qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd edilən qərarın 8-ci bəndində göstərilir “...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.”. İddiaçı cavabdehin qeyri-hüquqi hərəkəti nəticəsində mənəvi əzab çəkməsini göstərsə də, həmin qanunsuz hərəkətin və yaxud hərəkətsizliyin nədən ibarət olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçıya zərər vuran hər hansı qeyri-hüquqi hərəkət və yaxud hərəkətsizlik etməsi sübut olunmadığından mənəvi zərər barədə tələb də istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.20.-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Ağdam rayonundan məcburi köçkün olduğundan ondan dövlət rüsumu tutulmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli GTKR3761220A103 saylı kredit müqaviləsi üzrə ödənilmiş 1613.39 manat və bank ödəniş sənədlərinə görə ödənilmiş 20 manat pul vəsaiti, cəmi 1633.39 (bir min altı yüz otuz üç manat, otuz doqquz qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar