Məhkəmə qərarları › İş №2(010)-2412/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2412/2021

22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2412/2021 22.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9290.86 manat məbləğində əsas borc, 966.03 manat faiz borcu, 1201.39 manat cərimə olmaqla, cəmi 11458.28 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh ilə “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli BAKU2-27554-17821 nömrəli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank Olmayan Kredit təşkilatından illik 19 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. “TBC Kredit” Bank Olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 09 sentyabr 2020-ci il tarixli müqaviləyə 09 sentyabr 2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il martın 19-dək Cavabdeh banka 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 9290,86 manat əsas borc, 966,03 manat faiz borcu, 1201,39 manat cərimə olmaqla, cəmi 11458,28 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 29 noyabr 2019-cu il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qismən qəbul etmiş, faiz və cərimə məbləğinin artıq hesablandığını bildirib məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı və Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, BOKT Cavabdeh illik ən çoxu 50 faiz dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 10000 manat məbləğində kredit verilməsi mümkünlüyü nəzərdə tutulur. Borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirir. “TBC Kredit” BOKT ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 09 sentyabr 2020-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə sazişdən görünür ki, həmin sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. 29.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə ödəniş qrafikindən görünür ki, 29.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə illik 19%-lə verilmiş kredit üzrə ödənişlərin 29.11.2019 – 29.11.2022-ci il tarixləri arasında hər ay 367 manat (sonuncu ay 350.35 manat) olmaqla ödənilməsi təsdiq edilmişdir. 22.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 29.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 8740.86 manat əsas, 2297.34 manat faiz, 8233.61 manat cərimə olmaqla, cəmi 19271.81 manat borcu vardır. 12.02.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya kredit müqaviləsi üzrə yığılmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21.10.2021-ci il tarixli, 9/4802 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh (maliyyə üzrə tarixə) “TBC Kredit” BOKT olan borcu 10262.74 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 9287.31 manat, faiz borcu üzrə 975.43 manat. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, “TBC Kredit” Bank olmayan Kredit Təşkilatı və Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, BOKT tərəfindən Cavabdeh illik 19 faizlə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. “TBC Kredit” BOKT və İddiaçı ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair müqavilyə əsasən kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borc tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləği borcluya vermişdir. Borclu isə, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit razılaşması üzrə əsas borcu və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Lakin məhkəmə cavabdehdən tələb edilən borcun məbləği ilə qismən razılaşmır. Belə ki, iddiaçı Bank tərəfindən verilmiş sonuncu maliyyə arayışında (22.12.2021-ci il tarixə olan) cavabdehin Banka 8740.86 manat məbləğində əsas borcu olduğu göstərilsə də iddiaçı Bank əsas borca münasibətdə iddia tələbinin həcmini azaltmamış, cavabdehdən 9290.86 manat məbləğində əsas borc tələb etmişdir. İş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizası rəyində isə əsas borc məbləği 9287.31 manat kimi hesablanmışdır. Məhkəmə isə hesab edir ki, cavabdehdən tutulacaq əsas borcun məbləği Bank tərəfindən ən son tarixə verilmiş maliyyə arayışına uyğun olaraq 8740.86 manat məbləğində müəyyən edilməlidir. Çünki bu maliyyə arayışında hesablanmış əsas borc məbləği cavabdeh tərəfindən edilmiş son ödənişlər (axırıncı ödəniş 09.12.2021-ci il tarixdə edilmişdir) nəzərə alınmaqla hesablanmışdır. İddia tələbi və ekspertiza rəyində isə bu halın nəzərə alınması mümkün olmamışdır. Bu səbəbdən məhkəmə cavabdehdən tutulacaq əsas borc məbləğini 8740.86 manat olaraq müəyyən edir. Faiz borcuna gəldikdə isə iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehdən 966.03 manat məbləğində faiz borcu tələb etmişdir. Lakin Bank tərəfindən məhkəməyə təqdim edilmiş sonuncu maliyyə arayışında faiz borcunun məbləği 2297.34 manat müəyyən edilmişdir. Ekspertiza rəyində isə faiz borcu 975.43 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, faiz borcuna münasibətdə sonuncu maliyyə arayışında göstərilmiş məbləğ nəzərə alına bilməz. Çünki iddiaçı Bank tərəfindən faiz borcuna münasibətdə iddia tələbinin həcminin artırılmasına dair hər hansı ərizə məhkəməyə daxil olmamışdır. Belə olan halda məhkəmə iddia tələbindən kənara çıxaraq, cavabdehdən tələb ediləndən artıq məbləğdə faiz borcu tutulmasını qət edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Eyni əsasla məhkəmə ekspertiza rəyində hesablanmış faiz borcu məbləğini də qəbul edə bilməz. Çünki rəydə hesablanmış faiz məbləği də (975.43 manat) iddia tələbindəki müvafiq məbləğdən (966.03 manat) çoxdur. Odur ki, məhkəmə cavabdehdən iddia tələbində göstərildiyi həcmdə (966.03 manat) faiz borcu tutulması nəticəsinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki iddia tələbi dəbbə puluna münasibətdə qismən təmin edilməlidir. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən 1201.39 manat (sonradan verilmiş maliyyə arayışında cərimə məbləği 8233.61 manat olaraq göstərilsə də iddia tələbi bu hissədə artırılmadığından məhkəmə tələbdən kənara çıxmır) cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir 09 iyul 2009-cu il tаrixli Plenum qərаrı”ndа göstərilmişdir ki, “digər tərəfdən, bоrclu şəxsin mülkiyyət mаrаqlаrı qоrunmаlı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısı аlınmаlıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdаrının çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb edir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq 50 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Eyni zamanda, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə əsasən, məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “TBC Kredit” BOKT ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli müqaviləsi ləğv edilməli, Cavabdeh 29.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8740.86 manat əsas borc, 966.03 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 9806.89 manat (doqquz min səkkiz yüz altı manat səksən doqquz qəpik) məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlarla yanaşı, işdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. “TBC Kredit” BOKT ilə Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 29.11.2019-cu il tarixli kredit müqaviləsi üzrə 8740.86 manat əsas borc, 966.03 manat faiz borcu və 50 manat cərimə olmaqla, cəmi 9806.89 manat (doqquz min səkkiz yüz altı manat səksən doqquz qəpik) məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün çəkilmiş xərc olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar