Məhkəmə qərarları › İş №2(010)-242/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-242/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-242/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı QSC-nin Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2772.65 manat əsas borc, 1427.26 manat faiz borcu, ümumilikdə 4199.91 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 62 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK- SHB-152 saylı, 17 aprel 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC -yə verilmişdir. "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 014/14 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. “Borcalan”a verilən borc vəsaitindən istifadə müddəti 12 aydır. Qeyd olunan Borc müqaviləsinin əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan 2772.65 manat əsas borc, 1427.26 manat faiz borcu, ümumilikdə 4199.91 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan borc müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixdə Kredit Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank ona illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 3700 manat məbləğində kredit vermişdir. İlk dəfələrdə ödənişlərini vaxtında etsə də, lakin sonradan işləmədiyi üçün ödənişlərdə gecikmələr yaranmış və banka olan borcunu ödəyə bilməmişdir. Belə ki, ödənişlərinin müəyyən hissəsini ödəmiş və hazırda bank ondan birdəfəlik 1000 manat məbləğində kredit borcundan ödənilməsini tələb etdiyi üçün ödəniş edə bilməmişdir. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına olan borcunu birdəfəyə ödəyə bilmir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 014/14 kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh oğlu ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 3700 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh oğluna aid problemli aktivlərlə bağlı müvafiq sənədlərin təhvil-təslim aktından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh aid problemli aktivlərlə bağlı müvafiq sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanın məzmunundan müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının törəmə müəssisəsi olan “X4 Edilməsi Agentliyi” MMC vasitəsilə həyata keçirilir. İş materiallarına əlavə edilmiş “X4 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh oğluna borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ekspertiza rəyindən müəyyən olunur ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 2772.65 manat, faiz borcu üzrə 1427.26 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bu Məcəllənin 194.1.-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Həmin Məcəllənin 194.2.-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, 014/14 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% tətbiq edilməklə, 12 ay müddətinə 3700 (üç min yeddi yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Beləliklə, iş üzrə "xxxx" ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2772.65 manat əsas borc, 1427.26 manat faiz borcu, ümumilikdə 4199.91 manat və 62 manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 014/14 saylı kredit müqaviləsi üzrə 2772.65 manat əsas borc, 1427.26 manat faiz borcu, ümumilikdə 4199.91 (dörd min yüz doxsan doqquz manat, doxsan bir qəpik) manat və 62 (altmış iki) manat dövlət rüsumu tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilsin. Ekspertiza xərci – 50 (əlli) manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar