Məhkəmə qərarları › İş №2(010)-2422/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2422/2023

03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2422/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1029/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 onun yanında qalması, uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, 308 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdehin verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsi 2(103)-4865/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin 2(001)-1029/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsini sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişmiş, Cavabdeh uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin hal-hazırda cavabdeh işləmir, odur ki, onun əmək haqqının hər hansı bir hissəsi məbləğində alimentin tutulması mümkün deyildir. Qətnamə ilə tutulması müəyyən edilən sabit pul məbləğində aliment hər bir uşaq üçün 70 manat müəyyən edilmişdir. Halbuki hal-hazırda 70 manata uşaq saxlamaq mümkün deyildir, uşaqlar məktəbə gedirlər, dərs ləvazimatları, geyimləri, hazırlıqları, qidaları kifayət qədər yüksək məbləğ tələb edir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğ minimum məbləğdir, uşaq isə minimum səviyyədə deyil, layiqli səviyyədə saxlanmalıdır. Həmin layiqli səviyyənin təmin edilməsi üçün o özü də vəsait sərf edir. O, uşaqların qayğısına hər bir cəhətdən qalır, onların maddi tələbatlarını ödəyir. Lakin cavabdeh də öz üzərinə düşən öhdəliklərini icra etməlidir.

İddiaçının tələbi.

2. Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün 250 manat, iki uşaq üçün 500 manat müəyyən edilməsi və həmin aliment məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək həmçinin qeyd etdi ki, müəllim işləyir və 827 manat məbləğində əməkhaqqı alır, iddia ərizəsində də göstərilən xüsusatlara əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

4. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, Cavabdeh onun oğludur. Alimentin sabit pul məbləğində tutulmasına etiraz edir, belə ki, cavabdeh bir müddət işsiz qalsa da, hal-hazırda işləyir, buna görə də, alimentin cavabdehin əməkhaqqının 1/3 hissəsi kimi tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

İş materialları.

5. AZ-İ seriyalı 299598 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 355 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Pirverdiyeva” soyadı verilmişdir.

6. AZ-İİİ seriyalı 679479 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

7. AZ-İV seriyalı 034675 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X2r.

8. Cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş “Bakı Baş Səhiyyə Mərkəzi” X14 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdən 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına tibb qardaşı vəzifəsinə qəbul olunmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqının məbləği 617,15 manatdır.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1029/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X4 arasında Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.2015-ci il tarixdə 235 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 anası X1 yanında qalmaları, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X11 üç yaşına çatanadək ananın saxlanılması üçün hər uşağa münasibətdə hər ay 50 manat sabit pul miqdarında alimentin X1 xeyrinə tutulması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4865/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfinidən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsinin sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 70 manat sabit pul məbləğində alimentin X1 xeyrinə tutulması qət edilmişdir.

İşin faktiki halları.

11. İşin məhkəmədə müəyyən edilən hallarından aydın olur ki, iddiaçı ilə cavabdeh rəsmi nikaha daxil olmuşlar, bu nikahdan iki uşaqları var. xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X11 anaları İddiaçı yanında yaşayır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1029/2018 nömrəli qətnaməsinə əsasən nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 4865/2018 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 70 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulur.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 17. Ailə, uşaqlar və dövlət. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi. Maddə 56. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. və 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 2 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. Maddə 78. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

14. “Uşaq hüquqları haqqında” Qanun

Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

15. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.2. Aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

19. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından iki uşaq doğulmuşdur və uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan uşağı yanında saxlayan, onun saxlanılması ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aliment tələb etməkdə haqlı olmuşdur.

20. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə qismən əsaslıdır.

21. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh daimi işdə işləyir və onun müntəzəm əmək haqqı var. Belə ki, cavabdeh 6 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanasına tibb qardaşı vəzifəsində işləyir və əmək haqqı 617,15 manat təkil edir.

22. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 70 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 4865/2018 saylı qətnaməsi qəbul edildikdən sonra uşaqlar üçün Qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanılması üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşaqların saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, iddiaçının da işləməsi və 827 manat əmək haqqı alması, iddia tələbi və 2023-cü il üçün uşağın saxlanmasına görə qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamağının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün cavabdehdən sabit pul şəklində tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat müəyyən edilməli, həmçinin cavabdeh işlədiyi üçün onun aylıq qazancının 1/3 hissəsi də tutularaq uşaqların saxlanması üçün iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir.

23. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

24. Göründüyü kimi, yaşayış minimumu özündə insanın sağlamlığının və fəaliyyətinin yalnız minimum səviyyəsi üçün zəruri ehtiyacları müəyyənləşdirmişdir.

25. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi aşağıdakı kimi olmuşdur: “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər”... Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir, yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi).

27. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdehdən tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırkı iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 70 manat sabit pul məbləğində alimentin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4865/2018 saylı qətnaməsi hal-hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanılması üçün aliment tutulur. Lakin, hazırkı iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4865/2018 saylı saylı qətnaməsi öz qüvvəsini itirir və hazırkı iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 28 mart 2016-cı il tarixli Qərarında həmçinin qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

29. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib, tərəflərin hər birinin maddi vəziyyətini, valideynlərin uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olmalarını, iddiaçının cavabdehin əlavə gəlirləri barədə sübutlarını məhkəməyə təqdim edə bilməməsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməklə xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi və hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Alimentin qeyd edilən qaydada təyin olunmasını istisna edən, həmçinin aliment məbləğinin daha çox miqdarda müəyyən edilməsini mümkün edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi.

30. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

31. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

32. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

34. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

35. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın isə qiymətini müəyyən etmək mümkün olmadığından, qiymətləndirilməyən iddialara görə olan məbləğin yarısı, 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

36. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında və hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, ödənilməmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4865/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin və xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay iki uşağa aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa hər ay 100 (yüz) manat olmaqla, 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat dövlət nəfinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar