Məhkəmə qərarları › İş №2(010)-2428/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2428/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2428/2021 28.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxıb, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.02.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********51359 olan «X4 10+» markalı telefon üçün 2232,8 manat ödənilməmiş hissə, 669,2 manat dəbbə pulu, ümumilikdə 2902 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 2932 manat məbləğində pulun Cavabdeh “xxxx” MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 01.02.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********51359 olan «X4 10+» markalı telefon almış və nəticədə 2902 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01.02.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3039,8 manat olan İMEİ kodu **********51359 olan «X4 10+» markalı telefon üçün ümumilikdə 2902 manat olmaqla, ondan 2232,8 manat ödənilməmiş hissə, 669,2 manat dəbbə pulu miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 807 manat təşkil edir. Məhkəmənin fasilədən əvvəlki 10.30-da keçirilən iclasında iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, onun ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar ödənişlərində problemlər yaranmışdır. Hazırda tələb edilən borc məbləği üzrə əsas borcla bağlı heç bir etirazı yoxdur, lakin cərimə borcları həddindən çox yazıılmışdır ki, həmin məbləği də qəbul etmir. Məhkəmə tərəflərin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 01.02.2020-ci il tarixli, 20073199 saylı müqavilədən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə dəyərinin ödənilməsi şərti ilə İMEİ kodu **********51359 olan «X4 10+» markalı telefon satılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, borclu Cavabdeh İMEİ kodu **********51359 olan «X4 10+» markalı telefon üçün 2232,8 manat ödənilməmiş hissə, 669,2 manat dəbbə pulu olmaqla, ümumilikdə 2902 manat borcu vardır. Cavabdehlərə iddiaçı tərəfindən borcun qaytarılmasına dair bildirişlər göndərilmişdir. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Azərbaycan Respublikası MM-nin 600.1 və 600.4-cü maddələrinə əsasən “Alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir”, “Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər”. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə Cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiklərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehdən satış məbləğinin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iddia tələbinin dəbbə pulu hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəasını və dəbbə pulunun tənasübsüz yüksək məbləğdə olduğunu nəzərə alaraq hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış dəbbə pulunun miqdarı İMEİ kodu **********51359 olan «X4 10+» markalı telefonüçün 10 manat məbləğində müəyyən edilməlidir. İddiaçı məhkəməyə müraciət edərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əsas borcla bağlı hissəsinin təmin olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 01.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********51359 olan "X4 10+" markalı telefon üçün 2232,80 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 2242,80 (iki min iki yüz qırx iki manat səksən qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 01.02.2020-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********51359 olan "X4 10+" markalı telefon üçün 2232,80 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, cəmi 2242,80 (iki min iki yüz qırx iki manat səksən qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar