Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-244/2022 18.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı-nin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Elantra” markalı “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 10360,00 (on min üç yüz altmış) manat və avtomobilin 3-cü şəxsə verilməsinə görə müqavilədə nəzərdə tutlmuş 10.000 manat cərimə daxil olmaqla, ümumilikdə 20360,00 (iyirmi min üç yüz altmış min) manat pul vəsaitinin tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə İddiaçı 26 aprel 2022-ci il tarixdə iddia həcminin artırılması barədə ərizə ilə müraciət edərək, , Cavabdeh “Hyundai Elantra” markalı “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 10769,00 (on yeddi yüz altmış doqquz) manat və avtomobilin 3-cü şəxsə verilməsinə görə müqavilədə nəzərdə tutlmuş 10.000 manat cərimə daxil olmaqla, ümumilikdə 20769,00 (iyirmi min yeddi yüz altmış doqquz) manat pul vəsaitinin tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti artıq bir neçə müddətdir ki, müxtəlif növ minik avto-nəqliyyat vasitələrinin fərdi şəxslərə qısa müddətə icarəyə verilməsi fəaliyyətilə məşğul olur. 17 iyun 2021-ci il tarixdə İddiaçı (icarəyə verən) ilə Cavabdeh (icarəyə götürən) arasında bağlanılmış № 127-li “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” imzalanmış və “Hyundai Elantra” markalı, “**- UM-***” dövlət qeydiyyat nişanlı, 5NPD74LF4HH190081 Ban nömrəli, gümüşü rəngli, buraxılış ili 2016-cı il olan avtomobil 17.06.2021-ci il saat 22:00-dan 26.06.2021-ci il saat 19:00-dək cavabdehə müvəqqəti icarəyə verilmişdir. Müqavilənin 2.2.2-ci bəndinə görə, “İcarədar” avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında icarəyə verənə ödəyir. Həmin İcarə müqaviləsinin 2.2.3-cü bəndinə görə, “İcarədar” avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyəverən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və icarədar ona verilmiş avtonəqliyyatın sürmək hüququnu və ya idarəetmək imkanını üçüncü şəxsə verdiyi təqdirdə bütün məsuliyyəti öz öhdəsinə götürür. Göstərilən 17 iyun 2021-ci il tarixli № 127li “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əlavə edilmiş “Yol Vərəqəsi”ndə də, “qadağalar və cərimələr” qrafikində də “DYP qaydalarını” pozmağa görə 2500-5000 manat, eləcə də avtomobili 3-cü şəxslərə idarəetməni ötürməyə görə 5000-10.000 manat cərimə nəzərdə tutulduğu qeyd edilib. Lakin, icarəyə verilmiş yuxarıda qeyd edilən avtomobili, başqa üçüncü şəxslər tərəfindən idarə olunan zaman yolda qəzaya uğramışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Yol Polis İdarəsi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsininin X4 Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun müstəntiqi, polis mayoru X1 tərəfindən tərtib edilmiş 13 avqust 2021-ci il tarixli, 2/5-211-2251-122 saylı iş materialları əsasında “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Sabunçu st.XPŞ-nin İstintaq və Təhqiqat qrupunun müstəntiqi, polis mayoru X1 tərəfindən qəbul edilmiş 13.08.2021-ci il tarixli Qərarda göstərilmişdir ki, Zığ şosesi ilə Hava Limanı yolunun kəsişməsindəki yol qovşağında, Binə Karton zavodunun yaxınlığında yol nəqliyyat hadisəsi baş vermişdir. İzahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı ilə bağlanılmış müqavilə əsasında “Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyünü, həmin avtomobili Turxan adlı şəxsə verdiyini, Turxan avtomobili qaytarmadıqda zəng etdiyini və sonuncu cavab verməmişdir. Səhərisi gün yol nəqliyyat hadisəsi baş verdiyini eşidəndən sonra Turxanla görüşüb, o da avtomobili Orxan adlı şəxsə verdiyini və sonuncunun yol nəqliyyat hadisəsini törətdiyini bildirmişdir. Yol nəqliyyat hadisəsindən 2 aya yaxın müddət keçməsinə baxmayaraq “Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan hələ də ödənilməmişdir. Cavabdeh ilə yanaşı, hadisə törədilən vaxt şəxsiyyətləri müəyyən edilməmiş Turxan və Orxan adlı şəxslərin də tapılaraq mülki məsuliyyətə cəlb edilməsini, dəymiş ziyanın ödənilməsini zəruri hesab edirlər. Tərəflərindən “Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomobilin təmir işləri və tələb olunan xərclər barədə "xxxx" MMC-nin direktoru Pərviz Abdullayev tərəfindən təsdiq edilmiş 29 iyul 2021-ci il tarixli, №0001-li Qüsur aktına əsasən həmin avtomobilə texniki baxış keçirilməsindən sonra aşkar olunan texniki qüsurlar və zərərin məbləği müəyyənləşdirilmişdir. (29.07.2021ci il tarixli Qüsur aktı qoşmaya əlavə edilmişdir). Bununla da, həmin aktda təsvir edilmiş cədvəlin “Malların və Xidmətlərin adları” bölməsində görülməli işlərin və lazimi ehtiyat hissələrinin adlarının siyahısı və “Qiymətləndirmə” bölməsində görüləcək işlərə görə ödənilən məbləğ qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi qismində izahat vermiş onun vəkili Vəkil1 iddia ərizəsində qeyd olunanlara əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq cavabdeh iddiaya münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 17 iyun 2021-ci il tarixli, 127№-li “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi” görünür ki, “Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı, 5NPD74LF4HH190081 Ban nömrəli, gümüşü rəngli, buraxılış ili 2016-cı il olan avtomobil 17.06.2021-ci il saat 22:00-dan 26.06.2021-ci il saat 19:00-dək Cavabdeh istifadəsinə (idarə etməsinə) verilmişdir. Həmin müqavilənin 2.2.2-ci bəndinə görə, “İcarədar” avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği vaxtında icarəyə verənə ödəyir. Həmin İcarə müqaviləsinin 2.2.3-cü bəndinə görə, “İcarədar” avtonəqliyyat vasitəsinin onun istifadəsində olduğu müddətdə üçüncü şəxslər tərəfindən avtonəqliyyatın hissə, mexanizm və qurğularına vurulmuş ziyana görə icarəyəverən qarşısında qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və icarədar ona verilmiş avtonəqliyyatın sürmək hüququnu və ya idarəetmək imkanını üçüncü şəxsə verdiyi təqdirdə bütün məsuliyyəti öz öhdəsinə götürür. 17 iyun 2021-ci il tarixli № 127-li “avtonəqliyyat vasitəsinin icarə müqaviləsi”nə əlavə edilmiş “Yol Vərəqəsi”nin, “qadağalar və cərimələr” qrafikində görünür ki, “DYP qaydalarını” pozmağa görə 2000-5000 manat, eləcə də avtomobili 3-cü şəxslərə idarəetməni ötürməyə görə 5000-10.000 manat cərimə nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 02 mart 2022-ci il tarixli, "xxxx"MMC tərəfindən tərtib olunmuş Nəqliyyat vasitəsinə dəymiş zərərin smetasından görünür ki, avtomobilə dəymiş maddi zərər 10769.00 manat təşkil edir. İş materiallarına əlavə edilmiş 13 avqust 2020-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarla müəyyən edilmişdir ki, izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı ilə bağlanılmış müqavilə əsasında “Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürdüyünü, həmin avtomobili Turxan adlı şəxsə verdiyini, Turxan avtomobili qaytarmadıqda zəng etdiyini və sonuncu cavab verməmişdir. Səhərisi gün yol nəqliyyat hadisəsi baş verdiyini eşidəndən sonra Turxanla görüşüb, o da avtomobili Orxan adlı şəxsə verdiyini və sonuncunun yol nəqliyyat hadisəsini törətdiyini bildirmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, 23 iyun 2021-ci il tarixdə yolnəqliyyat hadisəsi baş vermiş və nəticədə iddiaçıya məxsus olan ““Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı avtomaşınına maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sadalanan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim etdiyi sübutlara və istinad olunan qanunvericilik müddəalarına əsasən vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı iddia əsaslı hesab edilməlidir. Vurulmuş zərərin məbləğini müzakirə edən məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək, avtomobilə dəymiş ziyanın ekspert rəyi ilə müəyyən edilmiş mədləğdə işin hallarına uyğun olmaqla ağlabatan və ədalətli hesab edir və bu nəticəyə gəlir ki, hadisə ilə bağlı Cavabdeh iddiaçının xeyrinə 10769 manat tutulmalıdır. Eyni ilə məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin tərkib hissəsi olan “Yol Vərəqəsi” ilə avtomobilin 3-cü şəxslərə idarəetməni ötürməyə görə 5000- 10.000 manat cərimə nəzərdə tutulduğundan və iddiaçının mülkiyyətində olan avtomobilinə zərər vurulması icarəyə götürən Cavabdeh tərəfindən heç bir əsas olmadan başqa şəxslərə verildikdən sonra baş verdiyindən məhkəmə hesab edir ki, cərimənin tutulması barədə iddia tələbi əsaslıdır. Bununla belə cərimənin tutulması barədə iddia tələbini əsaslı hesab etsə də, məhkəmə bu nəticəyə gəlir ki, bu hissədə iddia qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği hər bir müqavilə üzrə azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, mülki qanunvericiliklə öhdəliklərin icrasının təminatı üsulu və mülkihüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 10000 manat məbləğində hesablanmış cərimə borcları tənasübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə hesab edir ki, cərimə məbləğinin azaldılaraq 1000 manat məbləğində saxlanılması kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqlarının da qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından daha məqsədə müvafiqdir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə, İddiaçı-nin xeyrinə cavabdehdən 10769 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 11769 manat məbləğində pul tutulmalıdr. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı-yə məxsus “Hyundai Elantra” markalı, “**-UM-***” dövlət qeydiyyat nişanlı, 5NPD74LF4HH190081 Ban nömrəli, gümüşü rəngli, buraxılış ili 2016-cı il olan avtomobilə dəymiş 10769 manat məbləğində maddi ziyan və 1000 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 11769 manat Cavabdeh tutularaq İddiaçınin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-244/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-244/2022
18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver