Məhkəmə qərarları › İş №2(010)-2446/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2446/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2446/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "borcun qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə yazılmış qəbzdən görünür ki, İmanov X1 Azər Yusif oğlundan xx.xx.2022-ci il tarixdə 1750 (bir min yeddi yüz əlli) manat pul borc almışdır. Borcunu 2022-ci ilin oktyabr ayından başlayaraq hər ayın 26-sı 350 manat ödəməklə qaytaracaq. Və bu məqsədlə ona məxsus olan **********110405 №-li plastik kartını (Kapital bank, parol 3150) İddiaçı verir. Həmçinin bu kartdan hər ay borc bağlananadək 350 manat pul çıxartmağa icazə verir.

2. xx.xx.2022-cil il tarixdə Cavabdeh ünvanlanmış bildiriş-xəbərdarlıqdan görünür ki İddiaçı ona olan 1611 manat qalıq borcun (1750-(67+77)=1611) 10 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət etməli olacağı barədə Cavabdeh xəbərdarlıq etmişdir.

İşin faktiki halları

4. İddiaçı tərəfindən Cavabdeh 1750 manat məbləğində borca pul verilməsi, həmin borcdan 67 və 72 manat olmaqla, cəmi 139 manat qaytarılması və ümumilikdə 1611 manat borcun qalması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1611 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları

6. Məhkəmə iclasında İddiaçı iddia tələbi müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh xx.xx.2022-ci il tarixdə oktyabr ayından başlayaraq hər ayın 26-sı 350 manat qaytarmaq şərti ilə 1750 manat borc pul almış və hər ay 350 manat məbləğində prezident təqaüdünün köçürüldüyü plastik kartını ona vermişdir. O, həmin kartdan xx.xx.2022-ci il tarixdə 67 manat, xx.xx.2022-ci il tarixdə isə 72 manat pul çıxartmışdır. Daha sonra ona məlum oldu ki, cavabdehin kredit borcu var və həmin kartdan onun Kapital banka olan kredit borcu tutulur. Cavabdeh həm də maaş kartını ona vermişdi, lakin borcu çox olduğu üçün o, həmin kartı cavabdehə geri qaytarmışdır. Cavabdeh ona verdiyi kartdan borcun tutulduğunu bildiyi halda onu aldadaraq hər ay həmin kartdan 350 manat pul çıxara biləcəyini ona bildirmişdir. Hətta cavabdeh X2 Filialına müraciət edərək ona verdiyi plastik kartın itdiyini bildirmiş, kartı blok etdirərək yeni kart almışdır. O, xx.xx.2022-ci il tarixdə bildiriş xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək ona olan 1611 manat qalıq borcunu 10 gün ərzində ödəməsini tələb etsə də, məktubuna cavab verilməmiş və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

7. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək bildirdi ki, qəbzdəki imza həqiqətən də ona məxsusdur və o, iddiaçıdan 1750 manat məbləğində pulu almışdır. Hazırda iddiaçıya borcludur, lakin həmin borcunu birdəfəlik qaytarmaq imkanında deyil və hissə-hissə qaytaracaqdır. Buna görə də də qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 329. Əqdlərin formaları 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 427. Öhdəliyin icrası müddəti 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Sübutların aid edilməsi Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Sübutların mümkünlüyü Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

11. Belə ki, mülki işin materiallarında olan qəbzdən görünür ki, İmanov X1 Azər Yusif oğlundan xx.xx.2022-ci il tarixdə 1750 manat pul borc almış və borcunu 2022-ci ilin oktyabr ayından başlayaraq hər ayın 26-sı 350 manat ödəməklə qaytaracağını vəd etmişdir. Bu məqsədlə ona məxsus olan plastik kartını İddiaçı vermiş və bu kartdan hər ay borc bağlananadək 350 manat pul çıxartmağa icazə vermişdir. Qəbz Cavabdeh tərəfindən imzası ilə təsdiq edilmişdir.

12. Qanunvericilikdə borc müqaviləsinin hazırki iş üzrə yazılı formada bağlanması nəzərdə tutumasa da, tərəflər öz aralarında sadə yazılı formada müqavilə bağlamışlar. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 1750 manatı xx.xx.2022-ci il tarixdə nağd şəkildə cavabdehə ödəmişdir. Cavabdeh müqavilə üzrə aldığı 1750 manatı 2022-ci ilin oktyabr ayından başlayaraq hər ayın 26-sı 350 manat ödəməklə qaytarmağı öhdəsinə götürsə də, borcu hazırkı vaxtadək iddiaçıya qaytarmamışdır. Bu səbəbdən iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır.

13. Həmçinin, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul edərək iddiaçıdan 1750 manat məbləğində pulu aldığını, iddiaçıya borclu olduğunu, lakin həmin borcu birdəfəlik qaytarmaq imkanında olmadığını və hissə-hissə qaytaracağını bildirmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri

14. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

16. Hazırki iddia üzrə ödənilməli olan dövlət rüsumu məbləği 36,11 manat təşkil edir.

17. Odur ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün 36,11 manat məbləğində pul cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

18. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1611 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

16. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi :

İddia təmin edilsin. Cavabdeh 1611 (bir min altı yüz on bir) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Cavabdeh 36,11 (otuz altı manat on bir qəpik) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar