Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2459/2022 08.07.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X5 iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 193 manat olmaqla, 386 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi və Bakı 1 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya sessiyasında iştirak edilməsi barədə arayışa görə dövlət rüsumu kimi ödədiyi 60 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6687/2019 saylı qətnaməsi ilə cavabdehlə arasındakı nikahın pozulması, iki azyaşlı uşağın onun yanında qalması və onların hər biri üçün cavabdehdən aylıq 160 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh sözügedən məhkəmə aktı ilə üzərinə düşən vəzifəni yerinə yetirərək alimenti ödəməkdə davam edir. Hazırda həmin aliment məbləğinin artırılmasına ehtiyac yaranmışdır. Ona görə ki, 2022-ci ilin yanvar ayının 1-dən ölkədə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, hazırda uşaqları ilə birlikdə atası evində yaşayır. İxtisasca tibb bacısı olsa da uşaqlarını nəzarətsiz qoya bilmədiyindən işləmir. Cavabdeh isə taksi sürücüsü kimi fəaliyyət göstərir. Onun hal-hazıra qədər heç bir aliment borcu yoxdur. Lakin hər uşağa görə ödədiyi 175 manat aliment hazırda uşaqların saxlanmasına kifayət etmir. Bu səbəbdən alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, o, iddiaçıdan sonra ailə qurmuş, bu nikahdan iki uşağı doğulmuşdur. Hansı ki, həmin uşaqlara da özü baxır. Bu vəziyyətdə onun iddiaçıya daha artıq miqdarda aliment ödəməyə imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materialları. Boqoroq rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, İV-MY seriyalı, 877817 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Moskva şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 3083 nömrə ilə qeyd edilmişdir. Babək rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 666550 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2012-cu il tarixdə Naxçıvan şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 138 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2993/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-6687/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin faktiki halları. İddiaçı və Cavabdeh birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur. Bu uşaqlar İddiaçı yanında qalırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2993/2021 saylı qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda isə İddiaçı məhkəmədən Cavabdeh tutulan aliment miqdarının artırılmasını, uşaqların saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə başqa nikahdan iki uşağı daha olduğunu və həmin uşaqlara baxdığını bildirərək iddianı qəbul etməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Ailə, uşaqlar və dövlət. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın zəruri maddi təminat hüququ. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin hüquq və vəzifələri. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası: Maddə 3.
1. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 27.
1. İştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər.
2. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarı: 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği. 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112. İddianın qiyməti. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36. Mediasiya xərcləri. 36.5. “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi.
İşin faktiki hallarından göründüyü kimi tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalır. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Digər tərəfdən, nəzərə alınmalıdır ki, cari ildə uşaqlar üçün yaşayış minimumu kimi müəyyən edilən məbləğ (193 manat) tərəflərin birgə nikahından doğulmuş uşaqlara da şamil edilməlidir. Bununla belə uşaqların saxlanılmaları üçün müəyyən edilmiş minimum istehlak səbətinin təmin edilməsinin yalnız valideynlərdən birinin, yəni atanın üzərinə qoyulması nəticəsinə gəlmək ədalətli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və bu vəzifə valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Belə ki, uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib vəzifələridir. Məhkəmə, başqa nikahdan iki uşağı daha olduğunu və həmin uşaqlara baxdığını bildirən, bu əsasla da alimentin artırılmasına etiraz edən cavabdehin diqqətinə çatdırır ki, yuxarıda istinad edilmiş Ali Məhkəmə Plenumunun qərarında da qeyd edildiyi kimi aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilmir. Bütün yuxarıda qeyd edilən halları nəzərə alan və uşaqların maraqlarını üstün tutan məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 185 manat sabit pul məbləğində müəyyən edilməsi işin hallarına uyğundur.
Məhkəmə xərci.
Məhkəmə xərci ilə bağlı qeyd edilməlidir ki, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə (185x2x12=4440 manat) mütənasib olan 64.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı məhkəmədən əvvəl mediasiya prosesində iştirak etmək üçün mediatora müraciət etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən mediasiya baş tutmamış, İddiaçı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Bu arayışdan, eləcə də qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən ... ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilənədək ödənilmiş 60 manat məbləğində mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
Beləliklə, yuxarıda qeyd edilənlərə məhkəmə hesаb edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2993/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, hər ay 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2459/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub iddiаçı İddiaçı ödənilməli, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 64.4 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2993/2021 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 185 (yüz səksən beş) manat olmaqla, hər ay 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-2459/2022 saylı qətnaməsi qаnuni qüvvəsini аldığı gündən bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutularaq, iddiаçı İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş 64.4 manat (altmış dörd manat qırx qəpik) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-2993/2021 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi tam icra edildikdən sonra ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva