Məhkəmə qərarları › İş №2(010)-2463/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2463/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2463/2021 08.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, X1 ilə Cavabdeh arasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda 13 dekabr 2013-cü il tarixdə 3M/500 reyestr nömrəsi ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borclu Cavabdeh X2 4 (dörd) il müddətinə 40000 (qırx min) manat məbləğində borc pul almışdır. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən isə borclu Cavabdeh borcu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. X1 03.07.2017-ci il tarixdə vəfat etmişdir və qanun üzrə vərəsəlik aktivləri ona keçmişdir. X1 vəfat etdikdən sonra onun vərəsəsi kimi tanınmışdır və onun adına Bakı şəhəri 7 saylı notariat kontorunda 03 aprel 2019-cu il tarixdə 2V-117 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh Kredit müqaviləsinin 3-cü bəndinə əsasən götürdüyü borc pulu vaxtında ödəməyərək müqavilədə göstərilən öhdəliyi yerinə yetirməmişdir. Hazırda məcbur qalıb məhkəməyə müraciət edir. Odur ki, Cavabdeh 40000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan X7 ilə Cavabdeh arasında notarial qaydada təsdiq olunmuş 13.03.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh, X2 4 (dörd) il müddətinə 40000 (qırx min) manat pul almışdır. İş materiallarında olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru tərəfindən verilmiş 25.07.2017-ci il tarixli 558 saylı məktuba əsasən, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat kontoruna müraciət daxil olmuşdur. X4 03.07.2017-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin 25.07.2017-cı il tarixli ərizəsi əsasında 17.07.2017-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən bacısı İddiaçı, bacısı X5 mərhumun vərəsləri olması barədə məlumat verilmişdir. İş materiallarında olan 03 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edir ki, 03.07.2017-ci il tarixdə ölmüş X4 vərəsəsi bacısı X11-qızıdır. Bakı şəhəri, S.Rüstəm küç, ev 37B, mən. 35 (AZE 0*******, 31/10/2012 - BAKİ-NƏSİMİ RPİ, FİN:) və o miras əmlakdan 1/ 2 hissədə pay almalıdır. İş materiallarında olan 12 aprel 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu X8 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 03.07.2017-ci il tarixdə ölmüş X4 vərəsəsi bacısı X10-qızı - Bakı şəhəri, S.Rüstəm küç, ev 37B, mən. 35 (AZE 0*******, 31/10/2012 - BAKİ-NƏSİMİ RPİ, FİN:) və o miras əmlakdan 1/2 hissədə pay almalıdır. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İ seriyalı 888964 nömrəli, 12.07.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X7 03.07.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 iyul 2007-ci il tarixdə 494 sayla qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1152.2-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin maddənin 2 bəndinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı mərhum X1 ilə Cavabdeh arasında Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda 13 dekabr 2013-cü il tarixdə 3M/500 reyestr nömrəsi ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1ci bəndinə əsasən borclu Cavabdeh X2 4 (dörd) il müddətinə 40000 (qırx min) manat məbləğində borc pul almışdır. Kredit müqaviləsinin 3-cü bəndinə əsasən isə borclu Cavabdeh borcu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh öz öhdəliyini vaxtında yerinə yetirməmişdir. Eyni zamanda X7 03.07.2017-ci ildə rəhmətə getdikdən sonra onun qanun üzrə miras aktivləri İddiaçı və X3 ½ hissə olmaqla bərabər paylanmışdır. İddiaçı 03 aprel 2019-cu il tarixdə 2V-117 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə araşdırılması zamanı məhkəməyə təqdim olunmuş sübutların tədqiqi nəticəsində müəyyən edilmiş işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı öz iddia tələbində X7 ilə Cavabdeh Bakı şəhəri 13 saylı dövlət notariat kontorunda 13 dekabr 2013-cü il tarixdə 3M/500 reyestr nömrəsi ilə bağladığı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan məbləğ 40000 (qırx min) manat tələb etsə də, İddiaçı mərhum X1nun qanun üzrə vərəsəlik aktivlərinin ½ hissəsinə malikdir və Cavabdeh X6 olan 40000 manat məbləğində olan borcunun yalnız ½ hissəsində tutulmasını tələb edə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan hüquq normalarını, iddiaçının izahatlarını, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar