Məhkəmə qərarları › İş №2(010)-2471/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-2471/2023

21.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2471/2023 21.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 ın katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3948/2022 saylı qətnaməsi ilə təyin edilmiş 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin təyin edilməsi və mediatora ödənilmiş 50 (əlli) manat rüsumun İddiaçı xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 3948/2022 saylı qətnaməsi ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-778/2022 saylı qətnaməsi ilə birgə nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün onun xeyrinə Cavabdeh tutulması qət edilmiş 100 manat aliment dəyişdirilərək 160 (bir yüz altmış) manat məbləğində tutulması qət edilmişdir. O, cavabdehlə nikahda olsa da birlikdə yaşamır. Ona görə də uşağın bütün qayğıları onun üzərindədir. Hazırda cavabdehin hər ay ödəməli olduğu 160 (bir yüz altmış) manat aliment uşağın normal saxlanması üçün yetərincə deyildir. İndiki iqtisadi çətinliklər zamanında, qiymətlərin sürətli artımı vaxtında uşağa sərf olunan xərclər artdığı üçün alimentin artırılmasına böyük ehtiyac vardır. Qeyd edir ki, cavabdehin uşağın normal saxlanması üçün daha yüksək aliment ödəməyə imkanı vardır. Lakin o bunu könüllü etməkdən yayınır.

Tərəflərin izahatları

3. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, işsizdir və hazırda işləmir. Qeyd olunan alimenti ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materialları

5. AZ-İ seriyalı 972759 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olduqdan sonra ərə Xəlilov, arvada Abdullayeva soyadı verilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-3948/2022 saylı qətnaməsindən görünür ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 778/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 100 manat məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi və 32 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-778/2022 saylı qətnaməsi mübahisələndirilən – uşağın saxlanması üçün müəyyən edilən aliment hissədə dəyişdirilmiş və həmin aliment məbləği 160 manat məbləğində müəyyən edilmişdir.

İşin faktiki halları

7. Tərəflərin rəsmi nikaha daxil olması, həmin rəsmi nikah münasibətlərindən bir uşaqlarının olması, uşağın saxlanması üçün məhkəmə qətnaməsi ilə hər ay cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair hallar işin mübahisəsiz halı olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Tərəflər arasında mübahisə predmetini alimentin məbləği təşkil edir. İddiaçı tərəf əvvəlki məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarının yetkinlik yaşına çatmayanın tələbatlarını ödəmədiyini bildirir. Tələbinin əsası kimi yaşayış minimumu haqqında qanuna əsaslanır. Cavabdeh isə hazırda işsiz olduğundan həmin aliment məbləğini ödəməyə maddi imkanının olmadığını bildirir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası

Maddə 17. Ailə, uşaqlar və dövlət İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 56. Valideynlərin hüquq və vəzifələrinin bərabərliyi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 112. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmə Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

10. Uşaq Hüquqları haqqında Qanun

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

11. “Uşaq hüquqları haqqında” xx.xx.1959-cu il tarixli Bəyannamə

6. Uşaq mümkün olduqda, valideynlərin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Uşaq hüquqları haqqında” BMT-nin xx.xx.1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 233. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

13. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin

Məhkəmənin mövqeyi

14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

15. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilən aliment miqdarı hazırkı dönəm üçün yetkinlik yaşına çatmayan uşağın mənafeyinə uyğun deyildir. Çünki, keçən dövr ərzində yaşayış şərtləri dəyişmiş, qiymətlər infylasiyaya məruz qalmışdır. Bu hal şəraitin dəyişməsi kimi qiymətləndirilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, aliment məbləği artırılmalıdır. Təyin ediləcək alimentin məbləğinə münasibətdə isə, qeyd edilməlidir ki, yuxarıda qeyd olunan “Yaşayış minimumu haqqında” Qanundan da göründüyü kimi, 2023-cü il üçün uşaqlara görə yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bu xüsusda məhkəmə yetkinlik yaşına çatmayan uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçının tələbi təmin edilməli və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

16. Məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Odur ki, mediasiya xərci olaraq ödənilmiş 50 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. Cavabdeh Xəlı̇ lov Bəhmən Rafı̇ q oğlundan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3948/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan aliment miqdarı artırılaraq hər ay 220 manat məbləğində müəyyən edilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvə aldığı vaxtdan hesablansın. İş üzrə ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar