Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-2481/2025 24.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “borcun girova yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh verilmiş 175000 manat məbləğində borcun əvəzinin girov əmlaka – Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən, ümumi sahəsi 5 ha olan torpaq sahəsinin 1 ha sahəsinə yönəldilməsi, ödənilmiş 465 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 20 ildən artıq müddətdir ki, tanıyır. Cavabdeh 2021-ci ilin mart ayında ondan 40000 manat məbləğində pul vəsaitini ona ev satmaq məqsədi ilə ilkin ödəniş kimi istəmiş və əvəzində heç bir sənəd verməmişdir. Onun əlində bununla bağlı videoyazılar mövcuddur. Sonrakı 1 il müddətində o, cavabdehin ona satacağı mənzilin ödənişinin qalan hissəsini necə toplayacağını fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh onu pulun qalan hissəsini ödəməsi üçün tələsdirmiş, o, yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilini əmisi oğluna sataraq, ilkin ödəniş qismində 50000 manat pul məbləği almış və bu pul vəsaitini cavabdehə vermişdir. O, həmin tarixdə cavabdehə pulu verərkən və ödənilmiş 90000 manat pul vəsaitini təsdiq edən maliyyə arayışını istədiyi zaman, cavabdeh onu Bakı şəhəri 18 saylı Notariat Ofisinə aparmış, orada ondan aldığı pulu təsdiq edən sənəd kimi bir ərizə yazmışdır. Ərizədə pulu ona təqribən 1 ay ərzində qaytaracağını da göstərmişdir. Həmin gün cavabdeh onu arxayın salmaq üçün başqa bir şəxs tərəfindən ona etibar edilmiş 1 ha sahəsi olan torpağın icarə hüquqlarını etibarnamə əsasında ona vermişdir. Bu zaman o, cavabdehin ona verdiyi sənədlərin (torpağın çıxarışının) saxta olduğunu bilməmiş, bu sənəd dövlət orqanı olan notariat ofisində imzalandığı üçün cavabdehin onu bu şəkildə aldada biləcəyi heç ağlına belə gəlməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə 50000 manat və xx.xx.2022-ci il tarixdə 35000 manat pul vəsaitlərini cavabdehə vermişdir. Bütün bu ödənişlər Bakı şəhəri 18 saylı Notariat Ofisində cavabdeh tərəfindən yazılmış ərizədə öz əksini tapmışdır. Beləliklə, o, cavabdehə ümumi 175000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh tərəfindən yazılmış ərizədə onun verdiyi pulun müqabilində icarəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5 ha torpaq sahəsinin 1 ha sahəsini etibarnamə əsasında girov qoyulduğu sözləri yazılmışdır. Beləliklə, ümumi 175000 manat məbləğində pul vəsaitinin ona qaytarılması və öhdəliyin təminatı kimi cavabdeh Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 5 ha torpaq sahəsinin 1 ha sahəsini girov qoymuş, xx.xx.2023-cü il tarixdə notarial ərizə vermişdir. Daha sonralar qanunla daşınmaz əmlakın girov qoyula bilməyəcəyi ona məlum olmuşdur. Belə ki, cavabdeh onun etibarından və alğı-satqı müqaviləsi barədə məlumatının olmamasından sui-istifadə edərək, onu aldatmışdır. Onu da əlavə edir ki, cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılmışdır. Həmin iş üzrə onun da izahatı alınmış, lakin xx.xx.2024-cü il tarixli, ********* saylı cinayət işi üzrə çıxarılmış qərar əsasında onun zərərçəkmiş şəxs qismində statusuna xitam verilmişdir. Belə ki, zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsinin başlıca səbəbi cavabdeh ilə aralarında yaranmış münasibətlərin mülki hüquq münasibətlərindən irəli gəldiyinin hesab edilməsi olmuşdur. Belə ki, hazırkı mülki iş üzrə cavabdeh öz istifadəsində ona olan borcunun əvəzi qismində Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində 5 ha torpaq sahəsinin 1 ha sahəsini girov qoyduğunu etiraf etmişdir. Beləliklə, cavabdehin girov müqaviləsindən irəli gələn münasibətlər üzrə öhdəliyi olduğundan cavabdehin hərəkətlərində cinayət tərkibi olmamışdır.
İddianın dəyişdirilməsi.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərər qismində 175000 manat məbləğində pul vəsaitinin, ödənilmiş 465 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixdə 40000 manat, xx.xx.2022-ci il tarixdə 50000 manat, xx.xx.2022-ci il tarixdə 50000 manat, xx.xx.2022-ci il tarixdə isə 35000 manat, ümumilikdə 175000 manat aldığını, Həmin 175000 manat pulun müqabilində icarəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5.0 ha torpaq sahəsindən 1.0 ha sahəni (bazar dəyəri təxminən 250000 manat olan) etibarnamə əsasında girov qoyduğunu, xx.xx.2023-cü il tarixinədək 175000 manat pulu İddiaçı qaytarmağı öhdəsinə götürdüyünü öz imzası ilə təsdiq etmişdir.
7. xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş etibarnamədən surətindən görünür ki, Cavabdeh daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində (əsas yoldan 60 metr içəri) yerləşən 5 ha torpaq sahəsindən 1 ha sahə ilə bağlı bütün dövlət, qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, sadalanan bütün digər orqanlarda sənədləşmə işləri aparmaq, sənədləri imzalamaq, əmlak üzərində sərəncam verməklə bağlı bütün səlahiyyətləri İddiaçı etibar etmişdir. Etibarnamənin 10 il müddətinə verildiyi, xx.xx.2023-cü il tarixədək qüvvədə olduğu göstərilmişdir.
8. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin İntintaq Şöbəsinin müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs statusuna xitam verilməsi qərara alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, **********38 reyestr nömrəli, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən, ümumi sahəsi 5.0 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2007-ci il tarixli, 789 saylı icarə müqaviləsi və xx.xx.2018-ci il tarixli, 3M-1407 saylı icarə hüququnun alğı-satqısına dair müqavilə üzrə xx.xx.2007-ci il tarixdən başlayaraq 99 il müddətinə Cavabdeh xeyrinə icarə hüququ ilə yüklü edilmişdir.
İşin faktiki halları.
10. Cavabdeh xx.xx.2023-cü il tarixli notariat qaydasında təsdiq edilmiş ərizədə göstərmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 40000 manat; xx.xx.2022-ci il tarixdə 50000 manat; xx.xx.2022-ci il tarixdə 50000 manat; xx.xx.2022-ci il tarixdə isə 35000 manat olmaqla, ümumilikdə 175000 manat pul almışdır və həmin pulu xx.xx.2023-cü il tarixədək qaytaracaq. Həmçinin ərizədə qeyd edilmişdir ki, həmin 175000 manat məbləğində pulun müqabilində Cavabdeh icarəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5 ha torpaq sahəsinin 1 ha-nı etibarnamə əsasında girov qoyur.
11. Cavabdeh xx.xx.2023-cü il tarixdə notariat qaydasında tərtib edilmiş etibarnamə ilə daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində (əsas yoldan 60 metr içəri) yerləşən 5 ha torpaq sahəsindən 1 ha sahə ilə bağlı bütün dövlət, qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, sadalanan bütün digər orqanlarda sənədləşmə işləri aparmaq, sənədləri imzalamaq, əmlak üzərində sərəncam verməklə bağlı bütün səlahiyyətləri İddiaçı etibar etmişdir. Etibarnamənin 10 il müddətinə verildiyi, xx.xx.2023-cü il tarixədək qüvvədə olduğu göstərilmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi. 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi. 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. Borc müqaviləsinin forması. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı.
Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir... Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
15. İddiaçı iddia edir ki, o, 2021-ci ilin mart ayından 2022-ci ilin may ayınadək Cavabdeh 35-50000 manatlıq hissələrlə ümumilikdə 175000 manat məbləğində pul vermişdir. İddiaçıya görə, o, bu pulu cavabdehə məhz ev almaq üçün ödəmiş, lakin cavabdeh qarşılığında nə ona ev vermiş, nə də pulunu qaytarmışdır.
16. Cavabdeh məhkəmə iclasında iştirak etməsə, yaxud nümayəndəsinin iştirakını təmin etməsə də iş materiallarında onun adından notarial qaydada tərtib edilmiş və hazırda da qüvvədə olan (QR kod vasitəsilə yoxlanılmışdır) xx.xx.2023-cü il tarixli etibarnamə və həmin tarixli ərizə mövcuddur. Həmin sənədlərdən görünür ki, Cavabdeh iddiaçı Sevda Piriyevadan onun iddia etdiyi kimi xx.xx.2021-ci il tarixdə 40000 manat; xx.xx.2022-ci il tarixdə 50000 manat; xx.xx.2022-ci il tarixdə 50000 manat; xx.xx.2022-ci il tarixdə isə 35000 manat olmaqla, ümumilikdə 175000 manat məbləğində pul aldığını qəbul etmiş, həmin pulu xx.xx.2023-cü il tarixədək qaytaracağını bildirmişdir. Həmçinin ərizədə qeyd edilmişdir ki, bu pulun müqabilində Cavabdeh icarəsində olan Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5 ha torpaq sahəsinin 1 ha-nı etibarnamə əsasında girov qoyur. Elə ərizənin verildiyi tarixdə tərtib edilmiş etibarnamə ilə Cavabdeh Abşeron rayonu, Türkan üzümçülük sovxozu ərazisində yerləşən 5 ha torpaq sahəsindən 1 ha sahə ilə bağlı bütün dövlət, qeyri-dövlət orqanlarında, idarə və təşkilatlarda, etibarnamədə sadalanan bütün digər orqanlarda sənədləşmə işləri aparmaq, sənədləri imzalamaq, əmlak üzərində sərəncam verməklə bağlı bütün səlahiyyətləri İddiaçı etibar etmişdir. Etibarnamənin 10 il müddətinə verildiyi, xx.xx.2023-cü il tarixədək qüvvədə olduğu göstərilmişdir.
17. Göründüyü kimi, tərəflər arasındakı münasibətlərin iddiaçı tərəfindən cavabdehə 175000 manat məbləğində pul verilməsindən qaynaqlandığı işin yuxarıda qeyd edilmiş halları əsasında müəyyən edilir. Lakin iddiaçının bu pulu cavabdehə hansı məqsədlə verməsi, yəni verilən pulun iddiaçının iddia etdiyi kimi ev almaq üçün, yaxud cavabdehin notarial ərizəsində göstərdiyi kimi borc olaraq verilməsi qeyri-müəyyəndir. Bununla belə məhkəmə hesab edir ki, bu halın işin mahiyyəti üzrə həlli üçün xüsusi bir əhəmiyyəti yoxdur. Belə ki, iki halda da tərəflərin daxili olduğu münasibətin nəticəsi eynidir – tərəflər arasında əhəmiyyətsiz əqd bağlanmış və bu əqd əsasında cavabdeh iddiaçıdan əldə etdiyi pul vəsaiti hesabına əsassız varlanmışdır.
18. Nəzərə alınmalıdır ki, iddiaçının iddia etdiyi kimi onun bu pulu cavabdehə ev almaq üçün verdiyi qəbul edilsə, bu o deməkdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı ilə bağlı şifahi müqavilə bağlanmış və iddiaçı da bu pulu həmin müqavilə üzrə “alıcı” kimi müqavilə üzrə “satıcı” olan cavabdehə ödəmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbinə əsasən, belə müqavilə yalnız notariat qaydasında təsdiq edilməklə yazılı formada bağlana bilərdi. Pulun cavabdehin ərizəsində göstərilmiş əsasla – borc kimi verildiyi qəbul edilsə, bu o deməkdir ki, iddiaçı cavabdehə 3000 manatdan yuxarı məbləğli hissələrlə ümumilikdə 175000 manat məbləğində borc pul vermiş, lakin yenə də aralarında bununla bağlı yazılı müqavilə bağlanmamışdır. Hansı ki, yenə qanunvericiliyin tələbinə əsasən, bu cür borc müqavilələri mütləq yazılı formada bağlanmalı idi.
19. Belə olan halda məhkəmə hesab edir ki, istənilən halda tərəflər arasında əhəmiyyətsiz əqd bağlanmışdır. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əhəmiyyətsiz əqd əsasında cavabdeh iddiaçıdan 175000 manat məbləğində pul əldə etməklə onun hesabına əsassız varlanmışdır. Bu isə əsassız varlandıran məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini şərtləndirir. Odur ki, iddia təmin edilməlidir.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 465 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. İddiaçı həmçinin iddia ərizəsinin tərtib edilməsinə görə xidmət haqqı kimi ödədiyini iddia etdiyi 100 manat məbləğində pulu da cavabdehdən tələb etmişdir. Bununla belə iddia ərizəsinə belə bir məhkəmə xərcinin çəkilməsini təsdiq edən heç bir sübut əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, çəkildiyi sübuta yetirilməyən xərc cavabdehdən tutula bilməz. Odur ki, iddia qismən təmin edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 175000 manat məbləğində pul və 465 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh 175000 (yüz yetmiş beş min) manat məbləğində pul və 465 (dörd yüz altmış beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva